Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2410/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 Yusibəyli qızına qarşı “su axıdılması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı su axıdılma nəticəsində vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmışdır. Bundan narazı qalan iddiaçı şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasını əsaslandırmaq üçün MPM-nin 39.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi bu maddədə daşınmaz əmlaka vurulmuş maddi zərərin ödənilməsinə dair iddialardan söhbət getmir. Belə olan halda onun iddia tələbi bu maddənin təsiri altına düşmür və məhkəmə tərəfindən bu maddəyə istinad edilməklə iddia ərizəsinin geri qaytarılması əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadı ləğv edilməli, iddianın icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadında məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qaldırdığı tələb su axadılması nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan, həmin iddia aidiyyat qaydalarının pozulması ilə Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Mənzillərin yerləşdiyi yer isə Sabunçu rayonu ərazisidir. Həmçinin hakim izah etmişdir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan daşınmaz əmlakların yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən və ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli mənzillərin yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə Sabunçu rayon məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsinin aidiyyat qaydalarının pozulması əsası ilə geri qaytarılması qanuni və əsaslı sayıla bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir. Belə ki, yuxarıda qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı, prosessual qanunvericilikdə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Hazırkı haldan göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını vurulmuş maddi zərərin ödənilməsi təşkil edir. Belə olan halda onun iddia tələbi MPM-nin 39.1-ci maddəsində qeyd edilən müstəsna aidiyyətın təsir dairəsinə düşmür. Beləliklə, su axıdılması nəticəsində vurulmuş maddi zərərin ödənilməsinə dair iddiaların ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Cavabdehlərdən "xxxx" ASC-nin isə rəsmi qeydiyyatda olduğu yer Bakı şəhəri Səbail rayonu ərazisindədir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin daşınmaz əmlakın Sabunçu rayonu ərazisində yerləşməsi əsası ilə həmin əmlaka münasibətdə iddia tələbinin orada baxılmalı olması barədə nəticəsi qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-780/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2410/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2410/2025
02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver