Məhkəmə qərarları › İş №2(103)-2411/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2411/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2411/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(008)-7069/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4230,02 manat olmaqla – 2711,09 manat əsas borcun, kredit müqaviləsi müddəti üzrə hesablanmış 228,45 manat faiz borcunun, 1290,48 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% borcun və iş üzrə ödənilmiş 62.31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(008)- 7069/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən cavabdehlərə göstərilən borc məbləğinin verilməsini təsdiq edən kredit və zaminlik müqavilələri, habelə iş üzrə əhəmiyyət kəsb edən digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əlavə edilmiş maliyyə arayışında göstərilmiş ümumi borc məbləği iddia ərizəsində göstərilən borc məbləği ilə üst-üstə düşmür. Beləliklə iş üzrə təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən, iddia tələbində göstərilən faktlarla və hallarla əlaqədar olmadığından, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunaraq mülki işin icraatına xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsalandırılmışdır ki, məhkəmə qətnamə qəbul etdikdən sonra eyni tərəflər və eyni predmet üzrə eyni mübahisəyə dair həmin məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(008)-515/2015 saylı qətnaməsinin mövcüd olduğu aşkar edilmişdir. Eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir.

Tətbiq edilən hüquq

6. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

8. MPM-in 261.0.2-ci maddəsinin təhlili göstərir ki, iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməsi üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1. hər iki iş üzrə tərəflər eyni olmalıdır; 2. hər iki iddianın predmeti eyni olmalıdır;

3. hər iki iddianın əsası eyni olmalıdır.

9. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 2(008)-515/2015 saylı iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən tələb olunmuş, həmin materiallar tədqiq olunarkən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2014cü il tarixdə 19 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 3158,28 manat, faiz borcu 2011,52 manat, dəbbə pulu 2362,2 manat olmaqla ümumilikdə 7532 manat məbləğində pul vsəaitinin Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2015-ci il tarixli, 2(008)- 515/2015 nömrəli qiyabi qətnaməsinə əsasən iddia tam təmin olunmuş, qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.

11. Hazırkı iş üzrə də mübahisə eyni tərəflər (İddiaçı LPO ASC və Cavabdeh1 və Cavabdeh2) arasındadır, predmet (pul) və iddianın əsası (19 mart 2012-ci il tarixli kredit müqaviləsi) eynidir. Yəni, iş üzrə icraata bu əsasla xitam verilməsi üçün əsasların hər 3-ü mövcudur.

12. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir, şikayətin dəlilləri təsdiq edilməklə qətnamənin ləğvinə əsas verir. Buna görə də şikayət təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(008)- 7069/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(008)- 7069/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar