Məhkəmə qərarları › İş №2(103)-2413/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2413/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2413/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğıunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-329/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı - Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolunda yerləşən 16 saylı evin 109 nömrəli mənzilinə su sızıntısı nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 2030 (iki min otuz) manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-329/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 1078 (bir min yetmiş səkkiz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosssual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir, belə ki, məhkəmə qeyd edilən zərərin kimin təqsirli hərəkətləri nəticəsində yaranması hallarını dəqiq araşdırmamış, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası ilə də 109 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən müəyyən etmək mümkün olmamışdır. Zərər onun təqsiri ucbatından yox, binanı tikən şirkətin işləri keyfiyyətsiz görməsi nəticəsində borunun qırılmasına görə baş vermişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, su sızması onun təqsiri nəticəsində yox, binanı inşa edən şirkətin işləri keyfyyətsiz görməsi nəticəsində baş vermişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı evin 109 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25.09.2019-cu il tarixində qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı binanın komendantı Y.Abbasəliyev tərəfindən imzalanmış həmin evin 109 nömrəli mənzilinin sahibi İddiaçı verilmiş 02.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus mənzilə 13-cü mərtəbə mənzil 113 ünvanından su sızmışdır. Həmin evin 109-cu mənzilinə baxış keçirilmiş, mətbəx və dəhlizdə divar kağızının qopması müşahidə edilmişdir. Aşkar edilmiş və baxış nəticəsində dəymiş ziyan 113 nömrəli mənzilin sahibi Cavabdeh diqqətinə çatdırmış və dəymiş ziyanın aradan qaldırılması tövsiyyə edilmişdir. Eyni zamanda mətbəx mebeli və parketin qismən zədələnməsi müşahidə edilmişdir. Səbail rayonu, Yeni Salyan yolu, 16 saylı binada yaşayan qonşular X2, X1 və X3 tərəfindən imzalanmış 15.05.2021-ci il tarixli Aktdan görünür ki, həqiqətən sentyabr ayı 2020-ci il tarixdə "xxxx" MMC şirkətinin inşa etdiyi ünvan 1 ünvanındakı binanın 13 mərtəbəsinin, 113 nömrəli mənzilinin sahibi Cavabdeh mənzilindən aşağıdakı 109 nömrəli mənzilin sahibi İddiaçı mənzilinə su sızması olmuşdur. Onlar tərəfindən həmin binanın tikinti şirkətinə müraciət olunmuş, şirkətin qəza xidməti işçiləri gəlib mənzilin girişindəki divarın içərisində aşağı pol hissəsindəki çəkilmiş su borusundan su sızmasını müəyyən etmiş və həmin su xəttini təmir edib getmişlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni cavabdehin apellyasiya şikayətinə əsasən rayon məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilən hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Rayon məhkəməsi hesab etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2 ünvanda yerləşən cavabdehə məxsus 113 saylı mənzilindən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus 16 saylı evin 109 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi su sızmasının onun təsiri nəticəsində yox, binanı tikən şirkətin işləri keyfiyyətsiz görməsi nəticəsində baş verməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırkı halda ona məxsus mənzildən suyun axması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Belə olan halda, məlum olur ki, rayon məhkəməsi vurulmuş zərərin ondan tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir. Bununla belə, Kollegiya onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətindəki, eləcə də məhkəmədə verdiyi izahatla bağlı, (su sızmasının binanı inşa edən şirkətin təqsiri ucbatından baş verməsi ilə bağlı) sübutlar təqdim etməklə reqres qaydada tələblə binanı inşa edən şirkətə qarşı müvafiq qaydada məhəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə dəyən zərər təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, hazırkı işdə cavabdeh rayon məhkəməsinin qətnaməsinin təmin olunan, yəni cavabdehdən iddiaçının xeyrinə 1078 manat pul tutulması hissəsini mübahisələndirdiyindən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin 2(009)-329/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar