Məhkəmə qərarları › İş №2(103)-2413/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2413/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2413/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı mülki iş (Açar sözlər: «borcun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6768/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən BOKT "xxxx" ASC X3 19 ay müddətinə 2591 manat kredit vermişdir.

2. BOKT "xxxx" ASC müqavilə şərtlərinə istinad edərək X4 öhdəliyini vaxtında icra etmədiyi səbəbindən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb etmək qərarına gəlib.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı BOKT "xxxx" ASC) cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 2591 manat əsas kredit borcu, 331,2 manat cərimə olmaqla, cəmi 2922,2 manat borcun, həmçinin 49,22 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilib ki, müqavilə şərtlərinə görə, borcalan öhdəliyini vaxtında icra etmədikdə, borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda cavabdehin cəmiyyətə tələbdə göstərilən məbləğdə borcu vardır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6768/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın qismən təmin edilərək cavabdeh X1 iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2591 manat əsas kredit borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2641 (iki min altı yüz qırx bir) manat məbləğində borcun və 46,41 (qırx altı manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumunun tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandıraraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 BOKT "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2591 manat əsas kredit borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2641 manat borc məbləği tutulmalıdır.Cərimə borcuna münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh X4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək əsas borcun azaldılması, cərimə borcunun isə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, məhkəmə onun iddiaçıya indiyənədək 1100 (min yüz) manat pul ödəməsini nəzərə almamış, 2591 manat əsas kredit borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2641 (iki min altı yüz qırx bir) manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul etmiş, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxmış, bununla da qeyd etdiyi həmin hallara göz yummuş, onlara lazımi hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmədi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsi X5 elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində cavabdeh tərəfındən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 700 (yeddi yüz) AZN, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) AZN, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) və 50 (əlli) AZN olmaqla, həmin tarixdə ümumilikdə 200 (iki yüz) AZN, xx.xx.2024-cü il tarixdə isə 50 (əlli) AZN ödəniş edildiyini; xx.xx.2024-cü il tarixə borclunun 1580.85 (bir min beş yüz səksən manat, səksən beş qəpik) AZN borcu qaldığını, həmçinin qeyd edilən ödənişlərin cavabdeh tərəfındən qətnamə qəbul edildikdən sonrakı tarixlərdə edildiyindən məhkəmə tərəfindən həmin ödənişiərin nəzərə alınması mümkün deyildi. Cavabdeh bu ərizədə göstərilənlərə münasibət bildirməmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2(xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

11. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.

12. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

14. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

15. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

16. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından tutulmalı vəsaitin məbləği istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

17. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün, tutulmalı vəsaitin məbləği istisna olmaqla iddia haqlı sayılır.

18. Belə ki, iddiaçının elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində cavabdeh tərəfındən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 700 (yeddi yüz) AZN, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) AZN, xx.xx.2023-cü il tarixdə 150 (bir yüz əlli) və 50 (əlli) AZN olmaqla, həmin tarixdə ümumilikdə 200 (iki yüz) AZN, xx.xx.2024-cü il tarixdə isə 50 (əlli) AZN ödəniş edildiyini; xx.xx.2024-cü il tarixə borclunun 1580.85 (bir min beş yüz səksən manat, səksən beş qəpik) AZN borcu qaldığını, həmçinin qeyd edilən ödənişlərin cavabdeh tərəfındən qətnamə qəbul edildikdən sonrakı tarixlərdə edildiyindən məhkəmə tərəfindən həmin ödənişlərin nəzərə alınmasının mümkün olmadığını göstərmişdir.

19. Təqdim edilmiş maliyyə arayışına görə isə xx.xx.2024-cü il tarixə borclunun 1580.85 (min beş yüz səksən manat, səksən beş qəpik) AZN borcu qaldığını bildirilmişdir.

20. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili də etdiyi 1100 (min yüz) manat ödənişin nəzərə alınmaması olmuşdur. Düzdü, özü bu barədə nə birinci instansiya məhkəməsinə, nədə apellyasiya instansiyası məhkəməsinə sübut təqdim etməsə də, iddiaçının təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarışla bu hal təsdiqini tapır.

21. Lakin iddiaçı tərəf bütün ödənişlərin cavabdeh tərəfındən qətnamə qəbul edildikdən sonrakı tarixlərdə edildiyindən məhkəmə tərəfindən həmin ödənişlərin nəzərə alınmasının mümkün olmadığını göstərsə də, elə özünün təqdim etdiyi maliyyə sənədlərində cavabdehin xx.xx.2023-cü il tarixdə, yəni hələ qətnamə çıxarılmamış 700 (yeddi yüz)manat ödədiyini göstərib. Demək ki, bu cür ödəniş olmuşdursa iddiaçı məhkəməyə məlumat verməli idi, məhkəmə də yekun nəticəyə gələrkən edilmiş həmin ödənişi nəzərə almalı idi.

22. Bununla yanaşı, digər ödənişlər qətnamə çıxarıldıqdan sonra edilsə də, nəqədərki, qətnamə çıxarılmazdan əvvəl edilən 700 (yeddi yüz)manat qət edilən məbləğdən çıxılır, onda icra mərhələsində qeyri-müəyyənliyin və ziddiyyətin yaranmaması üçün qətnamə çıxarıldıqdan sonra ödənilən məbləğ də qət edilən məbləğdən çıxılmalı və cavabdehin qətnamə üzrə ödəməli olduğu yekun məbləğ 1580.85 (bir min beş yüz səksən manat, səksən beş qəpik)manat müəyyən edilməlidir.

23. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6768/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi tutulmalı vəsaitin miqdarı hissəsində dəyişdirilməli və cavabdeh X1 tutulmalı məbləğ azaldılaraq 1580.85 (min beş yüz səksən manat, səksən beş qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6768/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi tutulmalı vəsaitin miqdarı hissəsində dəyişdirilsin. Cavabdeh X1 tutulmalı məbləğ azaldılaraq 1580.85 (min beş yüz səksən manat, səksən beş qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar