Məhkəmə qərarları › İş №2(103)-2414/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2414/2021

19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2414/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 3000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə 2007-ci ildə tanış olmuş və aralarında bağlanmış şifahi podrat müqaviləsi üzrə o, 2013-cü ilədək cavabdehə məxsus Lerik rayonundakı “Meşəbəyi” restoranının tərtibat və reklam işlərini görmüşdür. Görülən işlərin məbləği ilə bağlı 3000 manata razılığa gəlmişlər. 2014-cü ildə pulunu ödəsə də, iddiaçı yenidən pul istəmişdir. Bu səbəbdən də cavabdeh, yaxını Babək Muradova 2500 manat pul verərək, iddiaçıya çatdırılmasını xahiş etmişdir. Babək Muradov, 2014-cü ildə Bakı şəhərinə gəlmiş və iddiaçı ilə görüşərək pulu ona vermişdir. Qalan 500 manat pulu isə iddiaçıya şəxsən vermişdir. İddiaçının haqqının tamamilə ödənilməsinə baxmayaraq, təkrar-təkrar cavabdehdən pul istəməsi səbəbindən tərəflər arasındakı münasibətlər pozulmuş və əlaqələri kəsilmişdir. Aralarında bağlanmış şifahi podrat müdaxiləsində 6000 manatla əlaqədar razılaşma olmamışdır. Cavabdehin sonuncu məhkəmə iclasında iştirak etməməsi və iddia müddətinin tətbiqinə dair verdiyi ərizə iddianın etirafı kimi anlaşıla bilməz. Məhkəmə iclasında şahid qismində iştirak edən Rövşən Ağayev iddiaçı ilə birlikdə reklam və dizayn işlərini görmüşdür, bu səbəbdən də təbiidir ki, onun əleyhinə ifadə verməmişdir. Buna baxmayaraq, məhkəmə onun ifadəsini əsas götürməklə tərəflərin reklam və dizayn işləri üçün 6000 manata razılaşdıqları qənaətinə gəlmişdir. Bundan başqa, cavabdehə qarşı iddia 2017-ci il tarixədək veriməli idi. Belə ki, iddiaçı ərizəsində cavabdehə məxsus “Meşəbəyi” restoranında 2014-cü ildə işlədiyini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, tərəflər arasında əldə olunmuş 2014-cü il tarixli şifahi razılaşmaya əsasən, İddiaçı Cavabdeh məxsus Lerik rayonunda yerləşən “Meşəbəyi” restoranının tərtibat və reklam işlərini görməyi, Cavabdeh isə bunun əvəzində müəyyən olunmuş miqdarda haqq ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək, tapşırılmış işləri tam şəkildə yerinə yetirmişdir. Hazırda iddiaçı sözügedən işlərin görülməsi üçün 6000 manata razılaşdıqlarını, lakin cavabdeh tərəfindən 2018-ci ilədək yalnız 3000 manat ödəniş edildiyini və dəfələrlə müraciət etməsinə baxmayaraq, qalan məbləğin ödənilməsindən imtina edildiyini bildirir. Cavabdeh isə, qeyd olunanları təkzib edərək, 3000 manata razılığa gəldiklərini və tərəfindən həmin məbləğin tam şəkildə ödənildiyini bildirir. Kollegiya, tərəflər arasında mübahisəli olan bu halın müəyyən edilməsi ilə bağlı iş materiallarında tərəflərin izahatlarından və şahid ifadələrindən başqa digər sübutların olmadığını nəzərə alaraq vurğulayır ki, tərəflər arasında tapşırıqla bağlı yaranmış münasibətlərin dolayı da olsa iştirakçıları olmuş aşağıdakı şahidlərin ifadələri həmin halın müəyyən edilməsi baxımından mötəbər sübut hesab edilməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı ilə birlikdə reklam və dizayn işləri ilə məşğuldurlar. Cavabdehə məxsus Lerik rayonundaki “Meşəbəyi” restoranının tərtibat və reklam işlərini görülməsi üçün işlərinin görülməsi üçün 6000 manata razılaşmış və işi yerinə yetirmişlər. Sonradan iddiaçı ona bildirmişdir ki, cavabdeh razılaşılan məbləği ödəmir. Həmin puldan cavabdeh tərəfindən nə qədər qaytarmasından məlumatı yoxdur. Digər şahid X6 isə bildirmişdir ki, iddiaçı ilə birlikdə Lerik rayonundaki “Meşəbəyi” restoranının tərtibat və reklam işlərini görmüşdür. Cavabdeh ona iddiaçının zəhmət haqqını verməyi həvalə etmiş, o da 2014-cü ildə 3000 manat borcdan 2500 manatını Bakı şəhərində iddiaçıya vermişdir. Tərəflərin aralarındakı pul məbləği ilə bağlı ilkin razılaşmadan isə məlumatı yoxdur. Göründüyü kimi, iddiaçı ilə birlikdə cavabdehin xeyrinə tapşırılan işlərin görülməsində iştirak etmiş və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş şahidlərdən biri görülən işlərin dəyəri kimi 6000 manata razılaşdıqlarını, digəri isə həmin məbləğdən yalnız 2500 manat ödəniş edilməsindən xəbərdar olduğunu bildirmişlər. Belə olan halda, yəni iddiaçı tələbin əsası kimi istinad etdiyi halları öz izahatı ilə yanaşı gətirdiyi şahid ifadələri ilə dəstəklədiyi halda, cavabdeh bunun əksi ilə bağlı bildirdiklərini izahatından başqa hər hansı digər sübut növü ilə dəstəkləyə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbinə qarşı cavabdehin müdafiə vasitəsi kimi istifadə etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə də iddia müddətinin ötürülmədiyi barədə birinci instansiya məhkəməsi qənaətini əsaslı sayır. Belə ki, Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kollegiya qeyd edir ki, hazırkı işdə tərəflər arasındakı münasibətlər 2014-cü il tarixli tapşırıq müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 377.1-ci və 377.3-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-in 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Baxılan işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi üzrə öhdəliyin icra müddəti konkret olaraq müəyyənləşdirilməmişdir. Onlar birbirini xeyli müddət ərzində tanımaqla yaxşı münasibətdə olduqları üçün iddiaçının öhdəliyin icrasını dərhal tələb etməməsi və uzun müddət ərzində cavabdehə güvənməsi ağlabatandır. Odur ki, iddia müddətinin başlanğıcı, yəni iddiaçının hüquqnun pozulduğunu, cavabdehin pulu qaytarmayacağını dəqiq bildiyi vaxt kimi 3000 manat borcla bağlı aralarında baş vermiş hadisəyə görə polis orqanına müraciət etdiyi 29.11.2019-cu il tarixdən hesablanmalıdır. Beləliklə, iddia müddətinin başlanığıcı 29.11.2019-cu il tarixdən götürüldükdə İddiaçı, 10.02.2020-ci il tarixdə hazırkı iddianı qaldırmaqla qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməmişdir. Kollegiya onu da vurğulayır ki, hətta iddia müddəti ötürülmüş olsaydı belə, hazırkı işin müəyyən edilmiş faktiki halları baxımından cavabdehin bu hala istinadı hüquqdan suiistifadə sayılmalıdır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu, yaxud hərəkətləri ilə qarşı tərəfin hüququnun aradan qalxmasına şərait yaratdığı halda, öz hüququnu həyata keçirməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Beləliklə, mübahisəli pul məbləğinin qaytarılması və iddia müddətinin keçməsi sübuta yetirilmədiyi üçün iddiaçı, tapşırıq müqaviləsi üzrə cavabdehdən gördüyü işlərin əvəzi kimi qalan 3000 manatın ona ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Beləliklə, Kollegiya qeyd olunanlara əsasən, bu qənatə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1322/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar