Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2417/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9347/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, 14435,23 manat əsas,15242,30 manat faiz borcu, 18448,2 manat dəbbə pulu, cəmi 48125,75 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti 20000 manat qiymətləndirilərək və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 3/491 saylı sahədə yerləşən Cavabdeh mülkiyyətində olan 0,075 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi və ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9347/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “xxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2016cı il tarixə yaranmış 13941,46 manat əsas, 6454,13 manat faiz borcu və 504,41 manat cərimə borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 20930 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbsində yerləşən, 3/491 saylı sahədə olan 0.075 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 20000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılması və bankı kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbsində yerləşən, 3/491 saylı sahədə olan 0.075 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilərək işdə olan sübutlar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə iclası barədə məlumatlandırılmadığı, borc məbləğinin düzgün hesablanmadığı və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün hesablabmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyator apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsinin yoxlanılması təşkil edir. Kollegiya qeyd edir ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də şikayətin məzmunundan onun qətnaməni iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirdiyi aydın olur. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 26% hesablanmaqla 15000 manat məbləğində kredit verilmiş, öhdəliyin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbsində yerləşən, 3/491 saylı sahədə olan 0.075 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 20000 manat məbləğində müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, borc məbləğinin həqiqiliyinin yoxlanılması məqsədilə ekspertiza təyin edilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi həmin borc məbləğlərini iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair apellyatorun apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına məhkəmə iclası barədə bildirişin göndərildiyi, həmçinin nümayəndəsi V.Səfərli ilə telefon vasitəsilə əlaqə saxlanaraq məhkəmə iclasının yeri və vaxtı barədə məluman verildiyi aydı olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin bununla bağlı qərar qəbul etməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hazırki işdə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmiş, apellyator isə əmlakın qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9347/2016 saylı işi üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2417/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2417/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver