Məhkəmə qərarları › İş №2(103)-2417/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2417/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2417/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi (iş № 2(103)-4519/2013) ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, onunla cavabdehin birgə nikahından doğulmuş uşağın – xx.xx.2010-cu il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay cavabdehdən onun xeyrinə tutulan 150 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi, uşağın əlavə xərclərinə görə 70 manat, mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş 150 manat məbləğində aliment uşağın saxlanılması, artan xərclərinin qarşılanması üçün artıq kifayət etmir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat

3. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etmədiyini, hazırda işsiz olduğunu yenidən ailə qurduğunu və yeni nikahdan 2 övladının olduğunu bildirərək iddianın təmin edilməməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2010-cu il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4519/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay tutulan alimentin məbləğinin artırılmasını və 235 manat sabit pul məbləğində müəyyən edilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, alimentin artırılmış hissədə tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmasını, mediasiya xərci olaraq iddiaçının ödədiyi 50 manatın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, cavabdehdən dövlət nəfinə 50 manat məbləğində dövlət rüsumunun tutulmasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli olmadığından əvvəlki qətnamə əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləği artırılmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Buna görə də, uşağın saxlanılması üçün cavabdehdən tutulacaq alimentin hər ay 235 manat məbləğində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğun hesab edilir. Qalan hissədə isə iddia tələbi sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin əsassız hesab edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehin maddi vəziyyətini, yeni nikahdan iki övladının olmasını nəzərə almamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi barədə məlumat

10. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

12. MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan bəlli olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi (iş № 2(103)-4519/2013) ilə hazırki iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağın – xx.xx.2010-cu il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün, cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

16. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq 235 manat məbləğində müəyyən edilməsini xahiş edir.

17. İşə baxmış Rayon Məhkəməsi iddianı yuxarıda göstərilən əsaslara görə təmin etmişdir.

18. İddia tələbi və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun maddi imkanının aşağı olması və iddiaçı ilə nikahı pozulduqdan sonra daxil olduğu yeni nikahından iki övladının olması səbəbindən o, 235 manat məbləğində aliment ödəyə bilmir. Alimentin miqdarı artırılmamalıdır.

19. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.

21. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin bununla yanaşı nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edildikdən sonra, yaşayış minimumu ildən ilə tədricən artmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, uşaq böyüdükcə uşağın xərcləri artır və ötən dövr ərzində bazar qiymətləri də qalxmışdır. Belə olan halda, müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehdən tutulmalı olan alimentin miqdarının 235 manat müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.

22. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər cavabdehi uşağını saxlamaq vəzifəsindən azad etmir, bu onun, bir valideyn kimi borcudur. Bunu nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. h) apellyasiya baxışının nəticəsi

23. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

24. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

27. Qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsində iddianın qiyməti isə (235 – 150=) 85 manat x 12 ay = 1.020 manat) 5.000 manatdan azdır.

28. İş üzrə iddiaçı tərəfindən də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki hazırki apellyasiya baxışı çərçivəsində həll edilmiş məsələ iddiaçının maraqlarına toxunmur.

29. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 yanvar 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar