Məhkəmə qərarları › İş №2(103)-2418/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2418/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2418/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin vəkili X6 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2923/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” ASC-nin ləğvedicisi “X2 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 000675A saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxx 2015-ci il tarixinə 23.376,69 manat əsas borc, 18.148,47 manat faiz borcu, 6345,84 manat cərimə borcu, cəmi 47.871 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2923/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2iqt(81)-2410/2012 saylı qərardadı ilə “xxxxxxxxx” ASC-yə ləğvedici qismində təyin olunmuş “X2 Company” MMC “X3” ilə əvəz edilmişdir. İddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(009)- 2923/2015 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi “xxxxxxxxx” ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında 000675A saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 34000 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim olunmuş xəzinə mədaxil orderlərindən görünür ki, kredit götürüldükdən sonra kredit üzrə Cavabdeh adından “xxxxxxxxx” ASC-yə ümumilikdə 21127 manat məbləğində ödəniş edilmişdir. Buna baxmayaraq Səbail Rayon Məhkəməsi heç bir araşdırma aparmadan təqdim olunmuş iş üçün əhəmiyyət kəsb edən bütün sübutlara hüquqi qiymət vermədən formal mülahizələrə əsaslanaraq tərəflər arasında kredit müqaviləsi bağlansa da kredit müqaviləsi üzrə məbləğin cavabdehə verilməsi və borclunun həmin məbləği qəbul etməsi barədə təsdiqedici sənədlərin iddiaçı tərəfindən iş materiallarına əlavə edilməməsini, həmçinin kredit müqaviləsi üzrə verilməli olan borc məbləğinin hər hansı bank hesabına ödənilməsi barədə razılığın mövcudluğunun sübut edilməməsini əsas götürərək iddia tələbinin təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Bu da ciddi qanun pozuntusudur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-10303/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7666/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ödəniş edən şəxsləri onlar tapa bilmirlər. Filial müdiri Cavabdeh qohumu olub. Məhkəmə iclasında cavabdehin vəkili X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin vəkilinin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, xx xxxx 2010-cu il tarixdə bankla Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 22 faiz olmaqla 48 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli 05M saylı, xx.xx.2010-cu il tarixli 33M saylı, xx.xx.2010-cu il tarixli 09M saylı, xx.xx.2010-cu il tarixli 25M saylı, xx.xx.2011-ci il tarixli 16M saylı, xx.xx.2011-ci il tarixli 25M saylı, xx.xx.2011-ci il tarixli 34M saylı, xx.xx.2011-ci il tarixli 09M saylı və xx.xx.2011-ci il tarixli 16M saylı xəzinə mədaxil orderlərinə əsasən Mayılov Elvin adlı şəxs tərəfindən Cavabdeh adından “xxxxxxxxx” ASC-yə ümumilikdə 16.310 manat, xx.xx.2010cu il tarixli 06M saylı, xx.xx.2010-cu il tarixli 34M saylı, xx.xx.2010-cu il tarixli 23M saylı və xx.xx.2010-cu il tarixli 32M saylı xəzinə mədaxil orderlərinə əsasən Əliyev Kamran adlı şəxs tərəfindən Cavabdeh adından “xxxxxxxxx” ASC-yə ümumilikdə 4817 manat məbləğində ödəniş edilmişdir. 2015-ci ilin iyul ayında bankın ləğvedicisi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxx 2015-ci il tarixə əsas kredit, faiz və cəriməyə görə banka ödənilməmiş 47.871 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə bankla Cavabdeh arasında bağlanmış və müqavilədə borclunun şəxsiyyət vəsiqəsi üzrə məlumatları və ünvanı dəqiq göstərilmiş və müqavilə onun tərəfindən imzalanmaqla sonuncu müqavilənin bütün şərtləri ilə razılaşmışdır. Kredit müqaviləsinə uyğun olaraq tərtib olunmuş ödəniş cədvəli də cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh kreditin ona verilməməsini iddia etsə də, işdən görünür ki, o, müqavilə üzrə ona ödənilməmiş krediti bankdan heç vaxt tələb etməmiş və kreditin ödənilməsi barədə üzərinə öhdəlik götürməsi və həmin məbləğin ondan gələcəkdə tələb edilə biləcəyi onu narahat etməmiş və uzun illər ərzində bu barədə susmuşdur. İşdən görünür ki, məhkəmə kollegiyası cavabdehi olduqca səthi dindirməklə bu istiqamətdə heç bir araşdırma aparmamış, yalnız məxaric qəbzinin bank tərəfindən təqdim olunmamasına əsaslanaraq iddianı rədd etmişdir. Ləğvedicinin nümayəndəsi məxaric orderinin tapılmamasının səbəbini cavabdehlə bankın rəhbərinin qohumluq münasibətində olması ilə əlaqələndirmişdir. 34.000 manat məbləğində kreditin verilməsi barədə müqavilənin heç bir təminat vasitəsi olmadan bağlanması və son nəticədə məxaric qəbzinin yoxa çıxması həmin hərəkətlərə şüurlu şəkildə yol verilməsi qənaətinə gəlmək üçün əsas verdiyindən məhkəmə kollegiyası məsələnin ciddi şəkildə araşdırılmasını və həqiqətə nail olunmasını təmin etməli idi. İşdə olan xəzinə mədaxil qəbzlərindən görünür ki, yuxarıda göstərilən kredit müqaviləsi üzrə xx xxxxxx 2011-ci il tarixə kimi olan müddətdə Elvin Mayılov adlı şəxs tərəfindən Cavabdeh adından banka 16310 manat, xx xxx 2010-cu il, xx xxxxxxx 2010-cu il, xx xxxxxx 2010-cu il və xx xxxxxx 2010-cu il tarixdə Kamran Əliyev adlı şəxs tərəfindən banka 4.817 manat məbləğində ödəniş edilmişdir. Lakin həmin ödənişləri həyata keçirmiş şəxslərin dindirilməməsi, onların cavabdehə münasibəti, ödənişin həyata keçirmələrinin səbəbləri aydınlaşdırılmamış, işdə olan qeyri-müəyyənlik və anlaşılmazlıqlar araşdırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə iş üzrə müəyyənliyin təmin olunmasını, pozulması iddia olunan hüquqların real bərpasını təmin etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan maliyyə arayışında xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə cavabdehin 23376,69 manat əsas, 12414,12 manat faiz və 12899,97 manat cərimə borcu olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 467 və 739-cu maddələrinə istinad edərək, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanaraq, həmçinin Ali Məhkəmənin mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə (müqavilə müddətinin sonuna yaranmış məbləğin) qismən təmin edilməli, Cavabdeh 23376,69 manat əsas, 12414,12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası tələb olunan borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu 635 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa kollegiya qeyd edir ki, məhkəmə tərəfindən ödəniş edən şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi bir neçə dəfə həmin şəxslərin şahid qismində dindirilmələrinin təmin edilməsi üçün məhkəmə iclasına dəvət edəcəklərini bildirmiş və bu səbəbdən də məhkəmə iclası təxirə salınsa da iddiaçının nümayəndəsi həmin şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(009)-2923/2015 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(009)- 2923/2015 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23376,69 manat əsas, 12414,12 manat faiz və 635 manat cərimə məbləği tutularaq “xxxxxxxxx” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar