Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2418/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər, borcun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2503/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir.
2. xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2022-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyanın həcmi aşağıdakı kimi hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub metr, - Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub metr. Bu sərfiyyatın cəmi 73440 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir.
3. xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etdiyi göstərilmişdir.
4. xx.xx.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 864 kub metr; - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2160 kub metr; - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 2016 kub metr; - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün olmaqla, 1080 kub metr; Bu sərfiyyatın cəmi 6120 kub metr, hər kub metr qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 734,40 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) 9547,20 manat zərərin, 1159 manat debitor borcun, 122,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təbii qazdan istifadəyə görə 1159 manat borcu yaranmış, bundan başqa, cavabdeh özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamış və nəticədə iddiaçıya 9547,20 manat maddi ziyan vurmuşdur. İddiaçı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 734,40 manat maddi ziyan hesablanmışdır.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, o, qaz xəttinə qanunsuz olaraq qoşulsa da, qazdan yalnız üç gün ərzində istifadə edə bilmiş, sonra isə 2023-cü ilin yanvar ayında iddiaçının işçiləri gəlib qanunsuz xətti aşkar etmişlər. Bundan başqa, onun evində yalnız 2 göz qaz sobası və hamamda qızdırıcı samovar vardır, İran sobası və dəmir soba isə yoxdur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2503/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.K.Qasımov) iddiası qismən təmin edilmiş, Cavabdeh 2564,35 manat məbləğində maddi zərər və 1159 manat debitor borcu, cəmi 3723,35 manat alınaraq İddiaçınə ödənilməsi, iddianın maddi ziyanın 6982,85 manat hissəsində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 42,46 manat hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin ondan alınaraq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 79,66 manat hissəsinin İddiaçınə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2 və 1096.2, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat müddətlərini düzgün hesablamamış, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən, itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli mülki iş üzrə 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əvvəla, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə daha böyük məbləğdə ziyan vurmuşdursa iddiaçı “daha böyük məbləğdə zərərə” və onun hesablanması qaydasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. O isə bu barədə yalnız iki akt və qanunvericiliyin tələbinə uyğun olmayan hesablama qaydasını əksini əks etdirən tələbnamə təqdim etmişdir. Bu cür sənədlər isə mötəbər hesab edilə və iddianın tam təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin də törətdiyi mülki hüquq pozuntusu həcmində öhdəliyi yarana və buna uyğun məsuliyyət daşımalıdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-212/2024 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4926/2023 nömrəli iş üzrə 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın
28. 2.7. bənd əvvəlki redaksiyada: -FHN-nin və EN-nin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlanlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.
29. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda qətnamə yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Belə ki, İddiaçı qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirmiş və kassasiya instansiya məhkəməsi də yuxarıda qeyd edilən qərarı ilə məhz iddianın təmin edilməmiş hissəsində qətnaməni ləğv etməklə yeni apelyasiya baxışına qaytarmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2503/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi “iddia tələbinin maddi ziyanın təmin edilməməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
41. Birinci instansiya məhkəməsi iddia tələbini yoxlanılan hissədə rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehin qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə uyğun olaraq ən çoxu altı ay əvvəl texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız həmin son altı ay üçün hesablana biləcəyini nəzərə almamışdır. xx.xx.2022-ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, bu müddət altı aydan artıq ola bilməz, bu səbəbdən də maddi ziyan yalnız xx.xx.2022-ci il tarixindən əvvəlki son altı ay (182 gün) üçün hesablana bilər. İddiaçı tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"da göstərilən pozuntuya görə hesablamanın 30 gün üçün aparılması isə düzgündür, çünki xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra ötən müddət məhz 30 gün olmuşdur. Qeyd olunan 182 gün və 30 gün müddətlərinin cəmi 212 gün təşkil edir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab etmir. Belə ki, məhkəmə iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7-ci bəndini düzgün təfsir etməmiş, əsassız olaraq cavabdeh tərəfindən hüquq pozuntusu törədildiyi tarixdən yalnız son altı ay üçün qaz sərfiyyatı nəzərə almaqda səhvə yol vermişdir.
43. Belə ki, kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi "Qazdan istifadə Qaydaları"nın delikt törədilən zaman qüvvədə olmuş 2.7-ci bəndinə görə istehlakçını 5 iş günü əvvəl məlumatlanlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsi təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin olunması qazpaylayıcı hüquqi şəxs olan İddiaçı İB tərəfindən deyil, dövlət orqanları olan Fövqəladə Hallar Nazirliyinin və Energetka Nazirliyinin nümayəndələri tərəfindən təmin olunmalıdır. Həmin normada paylayıcı İddiaçı İB-nə aid olan hər hansı bir vəzifə nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə əsasən paylayıcı kimi İddiaçı vəzifəsi isə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının alınması, vurulmuş ziyanın tələb edilməsi və s. ibarətdir. Apellyasiya məhkəməsinin isə bu mövqe ilə razılaşması düzgün olmamışdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Kollegiya qeyd edir ki, Cavabdeh məhkəməyə verdiyi yazılı ərizədə qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə iddiaçı artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı iddiaçının hesablamasını məhkəmə kollegiyası düzgün hesab etmir.
48. İş materialları ilə müəyyən edilir ki, cavabdehə məxsus qaz qurğularının sayı iddia tələbində göstərildiyi kimi, 4 ədəd deyil, cəmi iki ədəddir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 4.3-cü bəndində "İstehlakçının qaz qurğuları haqqında məlumat" qrafasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir. Cavabdeh məhkəməyə verdiyi ərizədə isə qaz plitəsi ilə yanaşı əlavə olaraq hamamda samovardan (qeyri-standart su qızdırıcısı) da istifadə etdiyini etiraf etmişdir. İddiaçının hesablamalarda istinad etdiyi dəmir sobanın və İran sobasının mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
49. Ona görə də kollegiya hesab edir ki, maddi ziyanın hesablanmasında yalnız 1 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd qeyri-standart su qızdırıcısında sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır.
50. İddiaçının təqdim etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz plitəsinin qaz sərfi 1,2 kub.m/saat, qeyri-standart su qızdırıcısının qaz sərfi isə 3 kub.m/saatdır.
51. Beləliklə, 1 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd qeyri-standart su qızdırıcısın birlikdə (1,2 + 3) maksimal saatlıq qaz sərfi 4,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, cəmi 36288 kub.m qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub.m qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (362886 kub.m x 0,12 manat) 4354,56 manat təşkil edir.
52. Birinci istansiyası məhkəməsi tərəfindən iddia tələbi yoxlanılan hissədə qismən, yəni cavabdehdən 2564,35 manat məbləğində zərərin tutulması hissəsində təmin edildiyindən, hazırkı halda iddia tələbi 4354,56 manat məbləğin çatışmayan fərqi hissəsində, yəni 1790,21 manat hissəsində təmin edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları aydınlaşdırılmamış, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi “iddia tələbinin maddi ziyanın təmin edilməməsi” hissəsində qismən təmin edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İB-in apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2503/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi “iddia tələbinin maddi ziyanın təmin edilməməsi” hissəsində ləğv edilsin. Cavabdeh 1790,21 manat pul məbləğində maddi zərər alınaraq İddiaçı İB-ə ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.