Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2419/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 7.653,60 manat, yaranmış borcun ödənilməsi məqsədi ilə 84,90 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 97,38 manat, ümumilikdə 7.835,89 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX04366xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, döngə 2-də yerləşən 3 saylı fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda G-4T markalı qaz sayğacı quraşdırılmış və bununla bağlı həmin ünvana **********00050 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3.663,36 manat olmaqla, cəmi 7.653,60 manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehin ödənilməmiş uçotu pozulmuş qaz sərfinin 2022-ci ilin noyabr ayı üzrə 12 manat sərfiyyat borcu qalmışdır. Həmçinin Birliyin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 9.043 kub metr təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktla Birliyin nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 272,60 manat məbləğində qaz sərf etməsi müəyyən olunmuşdur. 2019-cu ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 199,70 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 84,90 manat borcu (debitor borcu) qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda “Abonentin saldosu” üzrə ümumilikdə 7.738,50 manat təşkil edir. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 97,38 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş zərərin əvəzi olaraq 194,40 manat, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 84,90 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,38 manat cavabdehdən tutularaq iddiaçı Birliyin hesabına ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin Birlik də buna görə məsuliyyət daşıyır. iddia xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar hissəsində qismən təmin, digər aktlar üzrə isə iddia rədd edilməlidir. Belə ki, Birliyin əməkdaşları tərəfindən yuxarıda qeyd olunan aktlar tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi dəmir və İran İslam Respublikasında istehsal olunmuş sobalarından istifadə etməsinə görə sərfiyyat hesablansa da, iddiaçının nümayəndəsi cavabdehin həmin qızdırıcı qurğulardan istifadə etməsi barədə məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunan tərəflər arasında bağlanmış müqavilədə isə cavabdehin yalnız 4 gözlü qaz plitəsi (PQ-4) və samovar kimi qaz qurğularından istifadə etməsi qeyd edilmişdir. Bu əsasdan da çıxış edərək Rayon Məhkəməsi iddiaçı tərəfindən aktlar tərtib edilərkən cavabdeh tərəfindən qızdırıcı qurğu kimi dəmir və İran İslam Respublikasında istehsal olunmuş sobalarından istifadə etməsinə görə sərfiyyatın hesablanmasını əsassız hesab etmişdir. Eyni zamanda iddiaçı itirilmiş qazın miqdarını hesablayarkən orta günlük iş rejimini 24 saat qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparmışdir. Rayon Məhkəməsi iddiaçı tərəfindən orta günlük iş rejiminin 24 saat qəbul edilməsini həddindən artıq yüksək hesab etmiş və belə qənaətə gəlmişdir ki, orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Belə ki, cavabdeh tərəfindən 4 gözlü qaz plitəsi (PQ-4) və samovar kimi qaz qurğularından hər gün 24 saat istifadə edilməsi həqiqəti əks etdirmir. Bundan başqa, iddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı aktda hesabat müddətinin 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 60 gün, xx.xx.2023-cü il tarixli ******* saylı aktda isə hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 180 gün qəbul edilmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı aktda QSSQ-ın (qeyri standart su qızdırıcısının) maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat qəbul edilsə də, xx.xx.2022-ci il tarixli ******* saylı aktda QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 kub m./saat, xx.xx.2023-cü il tarixli ******* saylı aktda isə 3 kub m./saat qəbul edilmişdir. Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli ******* saylı aktda QSSQ-ın maksimal saatlıq qaz sərfinin 1,5 kub m./saat qəbul edilməsini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda da QSSQ-ın maksimal saatlıq qaz sərfi 1,5 kub m./saat qəbul edilməlidir. Qeyd olunanlara əsasən Rayon Məhkəməsinin qənaətinə görə xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə: - 1.2 x 8 x 30= 288 kub metr - 1.5 x 8 x 30= 360 kub metr cəmi 648 kub metr (64,8 manat); xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə: - 1.2 x 8 x 30= 288 kub metr - 1.5 x 8 x 30= 360 kub metr cəmi 648 kub metr (64,8 manat); xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə - 1.2 x 8 x 30= 288 kub metr - 1,5 x 8 x 30= 360 kub metr cəmi 648 kub metr (64,8 manat). Rayon Məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişdir ki, iddia xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlar hissəsində qismən təmin edilməklə, cavabdehdən (64,8 manat x 3 akt=) 194,4 manat iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia rədd edilməlidir. Eyni zamanda, Rayon Məhkəməsi göstərmişdir ki, bu, cavabdehin də məsuliyyəti aradan qaldırmır. Çünki cavabdeh tərəfindən ödənişlər edilməmişdir, cavabdeh kənar xətdən istifadə etmişdir. Rayon Məhkəməsi iddiaçı cavabdehdən 84,90 manat debitor borcun tutulması barədə iddiası üzrə bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosuna əsasən cavabdehin faktiki istifadə edilmiş qaz sərfiyyatı üzrə 84,90 manat debitor borcu vardır, odur ki, 84,90 manat debitor borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia (194,4 + 84,90 =) 279,3 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsində Rayon Məhkəməsini mövqeyi belə olub ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385,1, 425.1, 442ci, Mülki Prosessual Məcəllənın 14.2, 77.1-ci maddələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 1.2 və 3.1-ci bəndləri ilə əsaslandırmışdır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmiş, xüsusilə də hesabat günlərini və saatlarını düzgün hesablamamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkilləri çəkilmiş və hər dəfə qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir (iş materiallarında vardır). Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda Rayon Məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, Rayon Məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. d) iş üzrə qəbul edilmiş məhkəmə aktları
7. İşə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5376/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin iddiaçı Birlik tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
8. İddiaçı Birliyin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-424/2024) ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
9. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf edib. Hətta birinci instansiya məhkəməsi bu faktı, həmçinin cavabdeh tərəfindən ödənişlərin edilməməsini onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edən hal kimi müəyyən edib. Cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etdiyi halda, həmin faktla bağlı digər halların sübut etmə yükünün bütünlüklə iddiaçının üzərinə qoyulması düzgün olmamışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etsə də və bu fakt birinci instansiya məhkəməsinin müəyyən etdiyi hal kimi qeyd edilsə də, iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınamaması düzgün hesab edilə bilməz. O ki qaldı iddianın təmin edilməyən hissəsi üzrə digər aktların nəzərə alınmamasının əsası kimi iddiaçının üzərinə düşən vəzifələri icra etməyərək, öz imkan və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almamasına istinad edilməsi, bu da düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi həmin aktları, ümumiyyətlə, nəzərə almamaqla yox, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması hallarına aydınlıq gətirməklə, ən azı zərərin məbləğini azalda bilərdi. Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi cavabdehin qanunsuz xətdən istifadə etməsi faktı mövcud olsa da, həmin faktların təsdiqi kimi tərtib edilmiş aktları (iddianın təmin edilməyən hissəsi üzrə), ümumiyyətlə, nəzərə almamış, zərərin məbləği ilə bağlı Mülki Məcəllənin 21.3-cü maddəsi kontekstində qiymətləndirmə aparmamışdır. Nəzərə alınan aktlar üzrə iddianın təmin edilməyən hissəsi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, həmin hissədə də gəlinən nəticə əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi nəzərə alınan aktlar üzrə iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, orta günlük iş rejiminin 24 saat qəbul edilməsi həddindən artıq yüksəkdir və bu səbəbdən orta günlük iş rejimi 8 saat qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin hər bir qaz avadanlığının maksimal saatlıq qaz sərfinin orta günlük iş rejiminin iddiaçı tərəfindən 24 saat götürülməsinin yüksək olmasını göstərməsi ağlabatan olsa da, özünün bunu nəyə görə 8 saat hesablamasını qətnamədə əsaslandırmamış, qış aylarına təsadüf edən həmin dövrdə maksimal saatlıq qaz sərfinin nə qədər olmalı olmasına aydınlıq gətirməmişdir. İddiaçı həm cavabdehin faktı etiraf etməsini, həm də nəzərə alınan aktlar üzrə hesablanmanın düzgün olmamasını apellyasiya şikayətində dəlil kimi irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının həmin dəlillərinə, ümumiyyətlə, qiymət verməmişdir. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə Kollegiyası onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu ilə “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmiş və qeyd olunan maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır. İşdən görünür ki, nəzərə alınan, lakin iddianın təmin edilməyən hissəsi üzrə aktlardan biri “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Həmin akt iddia ərizəsində xx.xx.2023-cü il tarixli akt kimi qeyd edilsə də, işə əlavə olnunan aktda onun tarixi xx.xx.2023-cü il kimi göstərilmişdir. Bu baxımdan, işə yenidən baxan məhkəmə həmin akta (iddianın təmin edilməyən hissəsi üzrə) “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, həmin akt üzrə iddia qismən təmin edildiyindən və həmin hissədən şikayət verilmədiyindən, qeyd edilən akt üzrə iddianın təmin edilən hissəsi kassasiya baxışının predmeti deyil. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə iddianın təmin edilməyən hissəsində hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
10. İddiaçı Birlik apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
12. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
13. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Birlik isə apellyasiya şikayətinin məzmunundan anlaşıldığı kimi iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
14. Odur ki bunu, MPM-in 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
15. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
16. Belə ki, qaz paylayıcı olan iddiaçı Biriliyin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı olan cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
17. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqaviləüzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir.
18. Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən, qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) kub metr üçün 0,10 manat müəyyən edilmişdir. Qazın qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank, internet, poçt və ya ödəmə terminalları vasitəsilə tam ödənilməlidir.
19. Müqavilədə 4 gözlü qaz plitələri (PQ-4) və samovar kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir.
20. Cavabdehə Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 №-li abonent kodu verilmiş və cavabdehə aid ünvan təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
21. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus evə quraşdırılmış İtron tipli G-4 markalı 1402AZ**********84 nömrəli sayğac qlapanın işlık olmaması səbəbindən çıxarılaraq əvəzinə İtron tipli G-4 markalı **********2 nömrəli sayğac quraşdırılmışdır.
22. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıda qeyd olunan digər aktlar da tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3.663,36 manat.
23. Hazırda iddiaçı Birlik cavabdehdən 7.653,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 84,90 manatın və 97,38 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 7.835,89 manat pulun tutulmasını tələb edir.
24. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
25. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
26. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına” əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.9.). İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır (bənd 6.2.). İstehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir (bənd 6.3.). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (bənd 6.5-3.). Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (bənd 6.5- 4.). Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir (bənd 6.6.). Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (bənd 6.7.).
29. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. İş materiallarından görünür ki, iddiaçı Birlik cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı tərtib edilmiş 6 ədəd akta əsasən hesablanmış zərərin əvəzi olaraq cavabdehdən cəmi 7.653,60 manat pulun ödənilməsini tələb edir.
31. Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə cavabdedən 194,40 manat (64,80 manat x 3 akt) tutulmasını qət etmiş, digər aktları nəzərə almamış, eləcə də nəzərə aldığı aktlardakı zərər məbləğini qaz qurğularının sayı və növü üzrə, eləcə də günlər və saatlar üzrə özü hesablamış, iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırmışdır (bax: 4-cü bənd).
32. Məhkəmə, iddianın təmin edilməyən hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticəni qismən əsassız sayaraq qeyd edir ki, cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etmiş, lakin bu hal Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh özü qaz xəttinə qanunsuz qoşulmasını etiraf etdiyi halda, həmin faktla bağlı digər halların sübut etmə yükünün bütünlüklə iddiaçının üzərinə qoyulması düzgün olmamışdır.
33. Bundan əlavə, cavabdehin özü tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı etiraf edildiyi halda, Rayon Məhkəməsi iddianın təmin edilməyən hissəsi üzrə digər aktların bütünlüklə nəzərə almamaqla səhv qənaətə gəlmişdir.
34. Beləliklə, cavabdehin etirafı və işdə olan sübutların müqayisəli təhlili nəticəsində cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı öz təsdiqini tapmışdır. İddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 540 manat borc hesablanmasının düzgünlüyünü şübhə altına ala biləcək hər hansı dəlil cavabdeh tərəfindən təqdim edilməmişdir.
35. Belə olan halda qaz sərfi nəticəsində itirilmiş qazın bərpası üçün dəymiş ziyanın cavabdehin hesabına hesablanması əsaslıdır. “Qazdan istifadə Qaydaları” haqqında normativ aktın tələblərini pozmaqla cavabdeh tərəfindən təbii qazdan istifadə etməsi halları məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır.
36. Məhkəmə, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3.663,36 manat ziyan hesablanmasını isə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanunu ilə “Qaz təchizatı haqqında” Qanuna 13.8-1-ci maddə əlavə edilmiş və qeyd olunan maddə 01.052022-ci il tarixdən qüvvəyə minmişdir.
37. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
38. Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.
39. İddiaçı Birlik tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, həmin akta (iddianın təmin edilməyən hissəsi üzrə) “Qaz təchizatı haqqında” Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.
40. İddiaçı Birlik tərəfindən həmin Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməsi üçün əsas yoxdur.
41. Odur ki, iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış ziyanın əvəzinin cavabdehdən tutulması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızıdır. h) apellyasiya baxışının nəticəsi
42. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış ziyanın əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tam təmin edilməlidir. Apellyasiya baxışının predmeti olan qalan hissədə iddia əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 3.990,24 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, qalan hissədə, yəni iddiaçı Birlik tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3.663,36 manat məbləğində pulun tutulması barədə iddianın rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti ümumilikdə beş min manatdan çox olsa da, iddianın təmin edilməsi və cavabdeh tərəfindən mübahisə edilə bilən hissəsində, habelə iddianın rədd edilməsi və iddiaçı tərəfindən mübahisələndirilə bilən hissəsində ayrı-ayrılıqda iddia qiymətləri beş min manatdan az olduğu üçün hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
45. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin rədd edilməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilsin. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış cəmi 3.990,24 (üç min doqquz yüz doxsan manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3.663,36 (üç min altı yüz altmış üç manat otuz altı qəpik) manat məbləğində pulun tutulması barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 194,40 (bir yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində zərər, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 84,90 (səksən dörd manat doxsan qəpik) manat və 97,38 (doxsan yeddi manat otuz səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.