Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2424/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4961/2021 saylı iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin mənzil onun mülkiyyətindədir. Cavabdeh Gözəiova Əntiqə Qərib qızı iddiaçının mənzilinin yan qonşuluğunda yaşayır və həmin mənzilin mülkiyyətçisidir. O, 19.05.2021-ci il tarixdə mənzilini təmir etdirərkən iddiaçının mənzilinə ziyan vurmuşdur. Usta elektrik "rozetkasının" yerini dəyişdirərkən elektrik drel ilə iddiaçının divarını dağıtmışdır. İş zamanı qonşu mənzil ilə iddiaçının mənzilinin arasında olan divarda böyük ölçüdə dəlik əmələ gəlmiş, bununla əlaqədar divarda çatlar yaranmışdır. Eyni zamanda yataq otağının divar kağızları yararsız vəziyyətə düşmüşdür. Təmir zamanı iddiaçının mənzilinin qonaq otağının da divar kağızları köpərək qopmuşdur. İddiaçı məsələ ilə bağlı cavabdehə məlumat versə də, o, sığortanın gəlib təmir edəcəyini iddiaçıya bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4961/2021 saylı iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 412 (dörd yüz on iki) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 17,30 (on yeddi manat otuz qəpik) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyərinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 19.05.2021-ci il tarixdə ona məxsus ünvan 2 ünvanda təmir işləri aparılması ilə bağlı mənzildə usta elektrik kimi işləyən 25.03.1960-ci il təvəllüdlü Əliyev Nazim Alış oğlu və 01.07.1964-cü il təvəllüdlü Mənsimov Mahir İmanəli oğlu tərəfindən “rozetka” yerinin dəyişdirmək məqsədilə elektirik dreli ilə cavabdehin mənzilinin divarında (15x15 sm) ölçüdə dəlik açılmışdır. Hadisə baş verən zaman o, evdə olmamışdır. Həmçinin ustalar iddiaçıya təklif etmişlər ki, mənzilə dəymiş ziyanı aradan qaldırsınlar, əvvəl razılıq vermiş, daha sonra isə imtina etmişdir. İddiaçının mənzili təmirsizdir, evini təmir etdirməyə pul axtarır. İşə baxan məhkəmə mənzilə baxış keçirməmiş və mənzilin vəziyyəti öyrənilməmişdir. Həmçinin iddiaçı cavabdeh qismində onu yox maddi ziyanı vuran şəxsləri cavabdeh qismində Əliyev Nazim Alış oğlu və Mənsimov Mahir İmanəli oğluna qarşı məhkəmədə idia qaldırmalı idi. O bu hadisədə iştirak etməmişəm və evə gələndə məlumat almışdır. Tələb edilən məbləğ ustalardan tutulmalıdır. 25.05.2021-ci il tarixdə tərtib edilmiş aktda və 19.10.2021-ci il tarixli rəydə göstərilmişdir ki, iddiaçının mənzilində 15 sm ölçüdə divarda dağıntı olmuşdur. 19.10.2021-ci il tarixli ekspert rəyi ilə razı deyil və əsasızdır real bazar qiymətini əks etdirmir. Belə ki, iddiaçının mənzili təmirsiz olduğu üçün 15 sm ölçüdə dağılmış hissənin bərpa edilməsi üçün həddindən artıq məbləğ hesablamış və reallığı əks etdirməyən məbləğ müəyyən etmişdir. Dağılmış hissədə ziyan dəymiş divar kağızının yenisi ilə əvəz etmək mümkündür. Bu hal nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4961/2021 saylı iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1 23.04.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon 80 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Murad İbrahimbəyli, sahə nəzarətçisi Aqşin Abdullayev və çilingəri İlqar İskəndərov tərəfindən tərtib edilmiş 25.05.2021-ci il tarixli aktda göstərilmişdir ki, “ ... 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, bina 5v mənzil 30-da yaşayan İddiaçı yazılı müraciəti əsasında onun yaşadığı mənzilə və digər girişdə yerləşən divar qonşusu olan Cavabdeh məxsus 43 saylı mənzilə baxış keçirtdik. Baxış zamanı təmir işləri gedən mənzildən şikayətçinin divarında deşici və küt alətlə təxminən 15 sm diametrində beton, divar kağızı ilə birlikdə qopmuşdur”. İş materiallarında olan 19.10.2021-ci il tarixli, 10/3665 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən 5V saylı evin 30 saylı mənzilində divarın (15x15 sm ölçüdə) beton qatının qopmasının və divar kağızının cırılmasının 43 saylı mənzilin yaşayış otağındakı divarda elektrik yuvası açılması nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən 5V saylı evin 30 saylı mənzilinə dəymiş ziyanın dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 412 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd olunan tələbindən məlum olur ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması vacibdir. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, bu davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Mülki qanunvericiliyə əsasən, mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mülki məsuliyyətin yaranmasına əsas verə biləcək üç məcburi halların məcmusu təhlil olunmalı, cavabdehin təqsirlilik dərəcəsi araşdırılmalıdır. Şərtlər dedikdə isə cavabdehin iddiaçıya münasibətdə hüquqa zidd davranışının olub-olmaması, məhz bu davranış nəticəsində yaranan zərər arasında səbəbli əlaqə və zərər vurulması faktı anlaşılmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, sadalanan xüsusatlara, qanunvericilik aktı normalarına əsasən mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2021-ci il tarixli, 10/3665 saylı rəyi ilə iddiaçının mülkiyyətində olan ünvan 1-a həmin ünvanda yerləşən 43 saylı mənzildə təmir işləri aparılması nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin ümumilikdə 412 manat məbləğində müəyyn edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspet rəyi ilə müəyyən edilmiş məbləğin yüksək olmasını qeyd etsə də, bu halı təsdiq ediəcək hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh apellyasiya şikayətində cavabdeh qismində o deyil, maddi ziyanı vuran şəxslər Əliyev Nazim Alış oğlu və Mənsimov Mahir İmanəli oğlu qoyulmalı olduğunu qeyd etsə də, qanunvericiliyin tələbi baxımından həmin halı təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4961/2021 saylı iş üzrə 18 noyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4961/2021 saylı iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2424/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2424/2022
30.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver