Məhkəmə qərarları › İş №2(103)-2424/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2424/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2424/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2424/2024 (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-490/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 idarə etdiyi 90-PS- 547 dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat vasitəsi ilə “Hyundai Sonata” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin yol-nəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1143 manat sığorta ödənişi məbləğinin və 31,43 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Hyundai Sonata” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1143 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR DİN BDYPİ Ekoloji nəzarət üzrə YPXB tərəfindən tərtib edilmiş protokola əsasən Cavabdeh1 İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmiş, həmçinin təqdim edilmiş arayışa əsasən, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verdiyi anda “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçı yaranmış subroqasiya hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-490/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbinin təmin edilməsi, Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 1143 manat məbləğində pul vəsaiti və 31,43 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1099.1, 1108.1, 1108.2, 1114.1-ci maddələri, ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3, 25.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh2 MMC apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın onlara münasibətdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, hadisə baş verdiyi anda Cavabdeh1 “Nissan Sunny” markalı, 90- PS-547 dövlət qeydiyyat nişanlı avtomobili qüvvədə olmayan sürücülük vəsiqəsi ilə avtomobili idarə etmişdir. Lakin məhkəmə bu halı araşdırmamışdır. Belə ki, Cavabdeh2 MMC-nin mülkiyyətində olmuş avtomobil xx.xx.2018-ci il tarixli X8 Müqaviləsinə əsasən X3 istifadəsinə verilmişdir. Müqavilə üzrə Cavabdeh2 MMC qarşısında öhdəlik daşıyan şəxs X6 olmuşdur. Hadisə törədilən tarixdə sonuncunun özünün yol vərəqəsi olmuşdur və avtomobili Lizinq şirkətinə məlumat vermədən digər şəxsin istifadəsinə verilməsi barədə onlarda məlumat olmamışdır. Digər cavabdehdə isə müvəqqəti bir neçə günlük yol vərəqəsinin olması ona bu icazəni vermir ki, mülkiyyətçi şirkətin icazəsi olmadan avtomobilini idarə etsin. Belə olan halda bütün məsuliyyət X3 üzərinə düşməkdədir. İddiaçı bu məsələnin dəqiqləşdirilməsi üçün hadisə törədiləm tarixdən bugünədək 4 ildən artıqdır ki, Cavabdeh2 MMC-yə bu barədə hər hansı müraciət etmədən məhkəmədə iddia qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 digər cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

10. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və eyni zamanda apellyator məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

13. Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

14. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

15. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər

19. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

21. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh2 MMC tərəfindən mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2018-ci il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cü il tarixədək sığorta olunmuşdur.

31. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 1143 manat ödəniş edilmişdir.

32. Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 1143 manat məbləğində vəsaitin 10 (on) gün ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.

33. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, hadisə baş verdiyi anda Cavabdeh1 “Nissan Sunny” markalı, 90- PS-547 dövlət qeydiyyat nişanlı avtomobili qüvvədə olmayan sürücülük vəsiqəsi ilə avtomobili idarə etmişdir.

34. Cavabdeh1 verilmiş sürücülük vəsiqəsindən görünür ki, ona sürücülük vəsiqəsi xx.xx.2009-cu il tarixdə verilmiş və xx.xx.2019-cu il tarixədək etibarlı olmuşdur.

35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən verilmiş inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir.

36. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir.

37. Hazırki işin hallarından görünür ki, hadisə baş verdiyi anda Cavabdeh1 “Nissan Sunny” markalı, 90- PS-547 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən bununla bağlı səlahiyyəti təsdiq edən etibarnaməsi olmamış, bundan əlavə və ən əsası isə avtomobili qüvvədə olmayan sürücülük vəsiqəsi ilə avtomobili idarə etmişdir. Hazırki iş üzrə isə cavabdehlərin sığorta münasibətləri çərçivəsindəki məsuliyyətlərinin əsasını qeyd olunan şəxsin etibarnaməsinin olmaması deyil, məhz sürücülük hüququnun olmaması təşkil etmişdir.

38. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir və bu mövqe özünü Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci ilə dair 4 nömrəli bülletenində də müvafiq başlıq altında göstərilmişdir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilmiş və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşımışdır.

39. “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlakı qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır.

40. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun.

41. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil.

42. Buna görə də nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir.

43. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin nəqliyyat vasitəsini idarə edərkən bununla bağlı etibarnaməsinin olmaması işin subyektiv tərəfi, sürücülük vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi nəticəsində bu idarə ilə bağlı, ümumiyyətlə, hüququnun olmaması isə məsuliyyətin obyektiv səbəbi hesab olunmalıdır və məhz sonuncu hala görə cavabdehlərin hər ikisindən dəymiş zərərin tutulması qanunauyğundur.

48. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-490/2024 saylı, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar