Məhkəmə qərarları › İş №2(103)-2427/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2427/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2427/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı mülki iş üzrə (açar sözlər: vərəsələrin kreditor qarşısında məsuliyyəti, sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" - Azərbaycan Beynəlxalq Bankı ASC ilə “borc alan” X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********1 saylı kredit müqaviləsinə əsasən, borc verən borc alana 60 ay müddətində (xx.xx.2024-cü il tarixinədək) 3.000 (üç min) manat məbləğində kreditdən istifadəyə görə illik 24 % ödəmək şərti ilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən X2 BPM**********21 saylı kredit müqaviləsində razılaşdırılmış 2.970 manat məbləğində vəsait verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh X1 vərəsəsi Cavabdeh1 Şamil oğluna xəbərdarlıq edilmişdir. Maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli, 216TYLL192260501 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1.336,29 əsas borc və 6,50 manat faiz borcu olmaqla, cəmi 1.342,79 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 33,42 manat dövlət rüsumu ödənilmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 338053 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 480484 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən məhkəməyə daxil olmuş Cavabdeh2 vərəsəlik işində olan sənədlərin surətindən görünür ki, X7 22 fevral 2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası Cavabdeh2 miras qalmış əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 3-17-1/2-76806/2023 saylı məktubdan görünür ki, mərhum X1 (pensiya işi № 601878 Yasamal) alınmamış pensiya məbləği 369,13 manat vəsait təşkil edir. Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 Şamil oğlunun ərizəsinə əsasən X1 adına vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqına şəhadətnamə verilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit müqaviləsi üzrə 1.336,29 manat əsas borc, vəfat etdiyi tarixə 6,50 manat faiz borcu olmaqla, cəmi 1.342,79 manat borcun, ödənilmiş 33,42 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 338053 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 7604 nömrəli məktubdan görünür ki, Cavabdeh1 Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək nağd kredit üzrə banka borcu 1336.29 manat əsas, 6.5 manat faiz borcu olmaqla, cəmi 1342.79 manat təşkil edir. Cavabdehin mərhum Cavabdeh2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-31300/24 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirakı edən nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Bildirmişdir ki, ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət etmişdir. Anası Cavabdeh2 ondan başqa iki övladı daha var. Qardaşı vəfat etmişdir. Notariat ofisində bacısı onun vərəsə olmasına razı olmadığından vərəsəlik işi tamamlanmamış, ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Qeyd edir ki, onların söküntüyə düşən evi var, bacısıyla o həmin evdə yaşayır və həmin əmlakla bağlı aralarında mübahisə var. Ona görə də hazırda vərəsə olmadığından hesab edir ki, borc ondan tələb edilə bilməz. Həmçinin qeyd edir ki, "xxxx" ASC anasına kredit verərkən, onun ailə üzvlərinə, yaxud ona hər hansı məlumat verməmiş, onun yaşına və maddi vəziyyətinə baxmadan, zamin duran şəxs olmadan ona kredit vermişdir. Onun anasının kredit borcundan xəbəri olmamış, yalnız məhkəmədə iddia tələbi qaldırıldıqdan sonra məlumatı olmuşdur. Anasının pensiyasından, həmçinin bankda qalan pul məbləğindən vərəsə olmağı təsdiq edilmədiyi üçün heç nə götürə bilmir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********21 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən kredit alana 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3.000 manat kredit verilmişdir. Borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir, banka kredit borcu yaranmışdır. Abdulhəlimova Şəmsiyyə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhumun oğlu, hazırki iş üzrə Cavabdeh1 anasından miras qalmış əmlakı qəbul etmək üçün Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehin ərizəsinə əsasən X1 adına vərəsəlik işi açılmışdır. Lakin vərəsəlik hüququ haqqına şəhadətnamə verilməmişdir. Hazırda iddiaçı "xxxx" ASC cavabdehin mərhumun hüquqi varisi olduğunu iddia edərək, kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh mirası qəbul etmək üçün notariat ofisinə müraciət etsə də, notariat ofisi tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddiaçıya izah edir ki, gələcəkdə miras qoyanın vərəsələri tərəfindən miras əmlak qəbul edildikdən sonra, “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2, 1133.1, 1151.1, 1243.2, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1,119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, Cavabdeh2 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********21 saylı kredit müqaviləsinə əsasən, 1336.29 manat əsas və 6.5 manat faiz borcu olmaqla, cəmi 1342.79 manat pul vəsaitinin və ödənilmiş 33.42 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli BPM**********21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 illik 24 %-lə, 60 ay müddətinə 3000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 338053 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş 7604 nömrəli məktubdan görünür ki, Cavabdeh1 Bakı şəhəri 53 saylı notariat notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək nağd kredit üzrə banka borcu 1336.29 manat əsas, 6.5 manat faiz borcu olmaqla, cəmi 1342.79 manat təşkil edir. Cavabdeh mərhum Cavabdeh2 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-31300/24 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən pulun tutulması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(004)-415/2025 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Hesab edilir ki, qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh1 miras əmlakından pay almışdır. Cavabdeh1 miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki icraat zamanı isə birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Sözügedən qərarda məhkəmə kollegiyası göstərmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və ha lla rla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Yuxarıda qeyd olunanların kontekstində, birinci instansiyası məhkəməsi öz qətnaməsini cavabdehə münasibətdə onunla əsaslandırmışdır ki, “hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların mövcudluğunun iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda da cavabdeh qismində cəlb olunmuş məhrumun oğlu cavabdeh ölənin öhdəlikləri üzrə məsuliyyət daşıması istisna olunur.” Başqa sözlə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən deyil, vəfat etmiş əsas borclunun kreditoru tərəfindən sübuta yetirilməlidir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Yuxarıda qeyd edilən hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktının (üç ulduzlu qərar) əsaslandırılma hissəsindən də göründüyü kimi, yuxarı məhkəmənin mövqeyi ondan ibarətdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırki işdən isə aydın olur ki, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü yalnızca iddiaçının üzərinə qoymaqla, yekunda səhv nəticəyə gəlmişdir. Məhkəmə bu hala qiymət verməmişdir və evin mövcudluğu barədə araşdırma aparmamışdır. Göründüyü kimi Cavabdeh1 Bakı şəhəri 53 saylı notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılmılşdır. Bununla da Cavabdeh1 Samir oğlu mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh1 Samir oğlu tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasən iddianı rədd etmişdir. Hesab edirlər ki, qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. Belə ki, MM-nin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsənin üzərinə qoyulmuşdur. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə mərhum X4 iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehin sonuncunun vərəsəsi olmaqla, onun öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyəti ilə bağlıdır. İddianı təmin etməyən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-cı maddəsinə istinad edərək, cavabdehin mirası qəbul etməməsi səbəbindən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1307-ci maddəsinin tələblərini nəzərə almamış və sübutetmə yükünü tərəflər arasında bu maddənin dispozisiya şərtinə uyğun bölüşdürməmişdir. Baxmayaraq ki, mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf edən məhkəmə qərarı mövcuddur (22 aprel 2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli). Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Hazırkı işdə birinci instansiya məhkəməsi borclunun vərəsəsi tərəfindən mirasın qəbul edilməsinin iddiaçı tərəfindən sübut olunmamasına istinad edərək, iddianı təmin etməmişdir. Göründüyü kimi məhkəmə borclunun miras əmlakın mövcud olmasının sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəni bu qaydada həll edən birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi borclunun vərəsələri arasında mirasla bağlı mübahisənin olmasını, bu səbəbdən mirasın qəbul edilməsi barədə şəhadətnamənin alınmasının mümkün olmamasına dair cavabdehin etirazında qeyd etdiklərinə əhəmiyyət verməmiş, mirasın notarius tərəfindən siyahıya alınmadğını müəyyən etsə də, cavabdehi sübut etmə yükündən azad etmiş, həmin yükü iddiaçının üzərinə qoymaqla düzgün olmayan nəticəyə gəlmişdir. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli, BPM**********1 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 1336,29 manat, faiz borcuna görə 6,50 manat olmaqla, cəmi 1.342,79 manat borc, dövlət rüsumuna görə 33,42 manat, xidmət haqqına görə 0,40 manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar