Məhkəmə qərarları › İş №2(103)-2428/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2428/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2428/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(004)-924/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 02 iyul 2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, 02 iyul 2010-cu il tarixdən 26 avqust 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 49,06 dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Mülki Kollegiyasının 2(103)-952/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Kredit Bürosundan 04 oktyabr 2024-cü il tarixli, SF-20424 nömrəli çıxarışdan İddiaçı adına kredit qalıq məbləği 2740 manat göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yelobankın ona qarşı əsassız olan 2740 manat borc öhdəliyinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildə adında Cavabdeh ASC-də (əvvəlki adı “Nikoil bank”) avtomobil krediti olmuş, kredit ödənişləri gecikdirildiyi üçün avtomobil bank tərəfindən geri alınmış və borc öhdəliyi onun üzərindən götürülmüş, kredit tam bağlanmışdır. 10 ildən çox müddət ərzində heç bir vaxt ona bank tərəfindən zəng olmamış borc qalığının olduğu bildirilməmiş, bu müddət ərzində dəfələrlə başqa banklardan kreditləri olmuş və heç bir vaxt Mərkəzi Kredit Bürosunda bağlanmamış borc kimi kredit adımda olmayıb. Lakin təxmini 3 il öncə bankdan ona zəng gəlmiş və üzərində hələ də 2740 manat avtomobil kreditindən borcun qaldığını bildirilmişlər. O borcun tam bağlandığını bildirsə də ona qarşı bank bu borcu ödəməyini tələb etmiş və iddia qaldıraraq məhkəməyə vermişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 952/2023 nömrəli, 01 fevral 2023 tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Onun əlində olan 14 iyul 2020 ci il SF-7961 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda və 17 noyabr 2021 ci il SF-21839 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda borc tam bağlanmış kimi göstərilib. Lakin 04 oktyabr 2024-cü il SF-20424 nömrəli Mərkəzi Kredit Bürosundan çıxarışda 2740 manat ödənməmiş borc qalığı kimi sonradan salınıb. Banka məktubla müraciət etməyinə baxmayaraq bu məbləği hələ də onun üzərində öhdəlik kimi saxlayıblar.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(004)- 924/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən 02 iyul 2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə İddiaçı tələb olunan 2740 manat məbləğində borcun silinməsi, İddiaçı 02 iyul 2008-ci il tarixli, C 162/03/08(A) saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin "xxxx" ASC-nın üzərinə qoyulması qət edilmişdir.

7. Qətnamənin əsaslarına görə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 02 iyul 2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, 02 iyul 2010-cu il tarixdən 26 avqust 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Əsas qismində iddia müddətinin tətbiqi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna baxmayaraq, İddiaçı hal-hazıradək adı kredit reyestrindən çıxarılmamışdır. Halbuki, Mülki-proesessual Məcəllənin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verilir. Qanunvericiliklə məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olduqları məlumatlar sırasında balansdan silinmiş ümidsiz borc da göstərilir. Ümidsiz borc dedikdə, iddia müddəti keçmiş və icrası mümkün olmadığına görə mülki qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 527,550-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, İddiaçı 02 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam icra etməmişdir. Azərbaycan Kredit Bürosundan alınmış 04 oktyabr 2024-cü il tarixli çıxarışdan da göründüyü kimi kreditin qalıq məbləği 2740 manat təşkil edir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır Lakin qanunvericiliyin qeyd edilən tələbindən çıxış edərək deyə bilərik ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda deyə bilərik ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddədən də göründüyü kimi iddia müddəti mahiyyəti və hüquqi təyinatı etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquq vasitəsidir. İddia müddəti keçmiş olsa belə, bu kreditorun tələb hüququnu, borcluların isə öhdəliyi aradan qaldırmır. Belə olan halda qətnamədə borcalanın adının reyestrdən çıxarılması və borcunun silinməsinin qət edilməsi düzgün olmamışdır. Beləliklə, borclu müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş və kredit reyestrində kredit üzrə qalıq borcunun olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Lakin qanunvericiliyin qeyd edilən tələbindən çıxış edərək deyə bilərik ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda deyə bilərik ki, cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. Belə ki, İddiaçı 02 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam icra etməmişdir. Azərbaycan Kredit Bürosundan alınmış 04 oktyabr 2024-cü il tarixli çıxarışdan da göründüyü kimi kreditin qalıq məbləği 2740 manat təşkil edir. Borclu kredit müqaviləsi üzrə öhdəliyini tamyerinə yetirməmiş və bu kredit bürosunda gecikdirilmiş borc kimi özəksinitapmışdır. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddianı təmin etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

14. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.

15. Azərbaycan Respublikası Mərkəzi X4 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası:

3. MKR-ə məlumatların təqdim edilməsi: 3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. 3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.

16. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na Əlavə 1: MKR-ə təqdim edilən məlumatların tərkibi

7. Kredit: 7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği; 7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği;

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına” dair 15 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 02 iyul 2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, 02 iyul 2010-cu il tarixdən 26 avqust 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 49,06 dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

21. Bu məsələ araşdırılarkən ilkin olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mərkəzi X4 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının “MKR-ə məlumatların təqdim edilməsi” bölməsində konkret olaraq qeyd edilmişdir ki, hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Əlavə 1-də isə MKR-ə təqdim edilən məlumatların tərkibi açıqlanmış və kredit borcu ilə bağlı 7.5 və 7.6-cı bəndlərdə qeyd olunmuşdur ki, MKR-ə yalnız hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği və hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği təqdim olunmalıdır.

22. Həmçinin AR MPM-nin 82.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 02 iyul 2008-ci il tarixli, C162/03/08(A) saylı kredit müqaviləsi üzrə 2740,85 manat əsas borc, 02 iyul 2010-cu il tarixdən 26 avqust 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 165 manat əldən çıxmış fayda olmaqla, cəmi 2905,85 manat məbləğində borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 49,06 dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

23. Apellyasiya şikayətinin əsas dəlilini o, təşkil edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində iddia müddəti keçdiyindən iddia rədd olunmuşdur və bu öhdəliyin xitamı üçün əsas ola bilməz.

24. Lakin məhkəmə qətnamələrinin məzmunundan görünür ki, iddia yalnız müddətin keçməsi əsası ilə deyil, həmçinin, əsassız olduğuna görə rədd edilmişdir.

25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5912/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Beləliklə, araşıdırılmış sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 02 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC (hazırkı Cavabdeh ASC) qarşısında heç bir aktiv öhdəliyi mövcud deyildir”. Həmin qətnamə isə Bakı Apellyasiya Mülki Kollegiyasının 2(103)- 952/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(004)- 924/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2(004)- 924/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar