Məhkəmə qərarları › İş №2(103)-2429/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2429/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2429/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı "vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 620/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, сavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən vurulmuş ziyana görə 112.594 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-620/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, müvafiq məhkəmə aktları ilə "xxxx" MMC-dən ümumilikdə 112.594 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı da ötən dövr ərzində Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən həmin məhkəmə aktlarının əsassız olaraq icra edilmədiyini, o cümlədən məcburi icra tədbirlərinin görülmədiyini, icra şöbəsinin hərəkətsizliyinin məhkəmə qaydasında qanunsuz hesab edildiyini bildirərək, həmin icra şöbəsinin icra məmurunun hərəkətsizliyi nəticəsində ona 112.594 manat məbləğində maddi ziyanın vurulduğunu iddia etmiş və bu məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 620/2025 saylı qətnaməsi ilə onun iddiası rədd edildikdən sonra iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.13-cü maddəsinə əsasən (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər) dövlət rüsumunu ödəməkdən azad olunmasına istinadən hər hansı məbləğdə dövlət rüsumu ödəməmiş və bunun nəticəsi olaraq apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Halbuki, iddiaçı cavabdehdən hər hansı başqa məbləği deyil, məhz məhkəmə qətnaməsi ilə "xxxx" MMC-dən onun xeyrinə tutulmuş məbləği tələb edir. Belə ki, iddia üzrə cavabdehdən tələb edilən məbləği ödəməli olan şəxs məhkəmə qaydasında, artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş, cavabdeh isə məcburi icranı həyata keçirən icra orqanı olaraq icra sənədi üzrə borclu qismində müəyyən edilmiş şəxsdən bu məbləğin məcburi qaydada iddiaçının xeyrinə tutulmasını təmin etməmişdir. Məhz bu hala istinadən iddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Belə olan halda, iddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-cü maddəsində göstərilən şəxslərə aid edilə bilməz və apellyasiya şikayəti verərəkən iddianın qiyməti nəzərə alınmaqla həmin qanunun 8.1.4-cü və 8.6-cı maddələri ilə müəyyən edilmiş qaydada hesablanmış dövlət rüsumunu ödəməli idi. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir; 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-620/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar