Məhkəmə qərarları › İş №2(103)-243/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-243/2023

13.06.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-243/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunnu katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3309/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 may 2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 74.6 kv.m olan Bakı şəhəri Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci məntəqəsində yerləşən 36 saylı mənzil (hal-hazırda ünvan: ünvan 1 manatın və həmin məbləğə görə əldən çıxma 3565 manat faydanın, cəmi 9084 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 may 2014-cü il tarixli müqaviləyə əsasən ümumi sahəsi 83,71 kv.m olan Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzilin (hal-hazırda ünvan: ünvan 2əsi baglanmışdir. İddiaçı 2015-ci il 10 dekabr tarixində ümümi sahəsi 83.71 kv.m yaşayış sahəsi 83.71 kv metr olmaqla hər kv.m. üçün 540 manat olmaqla cəmi 45203 manat mənzilin tam dəyərini ödəmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından məlum olur ki, mənzilimi ümumi sahəsi 74.0 kv.m-dir. yəni 9,11 kv.m üçün 5510 manat artıq pul ödənilmişdir. Cavabdeh onun pulundan istifadə elməklə əsassız varlanmaqla da gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın keçmiş illər üzrə manatının sabit valyuta olan ABŞ dollarına məzənnəsinə və uçot dərəcəsinə uygun hesablansa 9084 manat artıq pul ödənilmişdir. Belə ki,xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müqavilə üzrə cəmi 45803 manat (83.71kv.m x 540 manat + 600 manat sayğac pulu) ödənilmiş, lakin ödənilməli idi 74,6 kv.m x 540 manat = 40284 manat, məbləğlər arasındakı fərq 45803-40284=5519 manat təşkil edir. 5519 manat Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablansa, iddia ərizəsində qeyd olunmuş hesablamar nəticəsində xx.xx.2015-ci ildən 5519 manat uçot dərəcəsini nəzərə almaqla bu gününkü günə 9084 manat təşkil edir. Həmin məbləğə görə həm də 3565 manat fayda əldən çıxarılmışdır. İddiaçı müqavilə şərtlərinə tam əməl edərək üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin Cavabdeh MMC tərəfindən dəyərini tam ödədiyi mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını rəsmi məlumat aldıqdan sonra bilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddianın təmin edilməməsi qət olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(103)-9567/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1726/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, aralarında bağlanmış 12 may 2014-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 36 saylı mənzilin (hal-hazırda ünvan; ünvan 3 təşkil etməsi, bu sahənin hər m2 540 manat razılaşdırılmaqla, ümumi dəyərinin 45203 manat təşkil etməsi, həmin pul vəsaitinin cavabdehə ödənilməsi, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan sonra yaşayış sahəsin az olduğunu bilməsi, mənzilin ümumi sahəsində aldadılması, əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələrin yaranmaması və s. kimi əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıdan həmçinin qanunsuz olaraq elektrik və su sayğaclarına görə 600 manat pul da alınmışdır. İddiaçı həmin məbləği də hesablamaqla cavabdehdən 5519 manat pul tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən – tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03/36 nömrəli müqaviləyə əsasən, iddiaçı ümumi sahəsi 83,71 kv.metr olan 36 saylı mənzilin hər bir kv.metrinə görə cavabdehə 540 manat olmaqla, cəmi 45203 manat məbləğində pul ödəməyi, cavabdeh isə həmin mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 03/36- 20 saylı “Maliyyə arayışı”na əsasən, iddiaçı, mənzilin dəyərini tam həcmdə ödəmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli arayışından görünür ki, sözügedən mənzilimi ümumi sahəsi 74.0 kv.m-dir. İşin müəyyən olunmuş hallarına əsasən - tərəflər arasında podratla bağlı sahədə mülki hüquqi münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. MM-nin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. İddiaçı hazırki tələbində - cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsinə, müqavilə ilə nəzərdə tutulmuş 83,71 m2 ümumi sahəsi olan mənzilin ona təhvil verilməməsini, mənzilin sahəsinin daha az, yəni 74.6 m2 olmasını, həmçinin ondan qanunsuz olaraq elektrik və su sayğaclarına görə 600 manat pul alınmasını, bu səbəbdən də ondan artıq alınmış pulların cavabdeh tərəfindən ona ödənilməli olmasını bildirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutumuş ölçüdə mənzilin verilməsini, iddiaçıya hər hansı pul vəsaiti qaytarılmalı olmamasını bildirmiş, eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2014-cü ildə bağlansa da, iddiaçı tərəf hüquqlarının pozulmasını Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesablamasından sonra məlum olmuşdur. Hüquqlarının pozulması barədə məlumatı xx.xx.2021-ci il tarixdə əldə edəndən sonra xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilata artıq ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə ərizə ünvanlamış, lakin heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini keçirmədiyindən, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edilməli və mülki işə ərizəsi əsasında mahiyəti üzrə baxılmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi və onun necə hesablanması tərəflərin bağladıqları müqavilədə aydın şəkildə qeyd olunmuşdur. Yəni, cavabdeh tərəfin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 83,71 kv.m-dir (1.2-ci bənd). Mənzilin arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri nəzərə alınmadan cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, alıcıya şərtləşdirilmiş qaydada deyil, daha az (74,6 kv.m) sahəli mənzil satması, bunun da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması barədə nəticəyə gəlmək tərəflərin razılaşmasına açıq-aşkar zidd qənaətdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 1.1 və 1.2-ci bəndləri nəzərə alınmalı və bu xüsusata qiymət verilməlidir. Digər tərəfdən müqavilədə mənzilin razılaşdırılmış ümumi qiyməti olan 45203 manatın məhz mənzilin kvadrat metrinə (yaxud 1 kv.m.-nə) görə hesablanmasına dair mövqe də əsassızdır. Çünki, müqavilədə həmin qiymətin mənzilin bir kvadrat metrinə görə müəyyənləşdirilməsi barədə şərt yoxdur. Müqavilədən ümumi sahəsi (daxili divarları, arakəsmələr də daxil olmaqla) 83,71 kv.m. olan iki otaqlı mənzilə görə ödəniləcək məbləğin 45203 manat razılaşdırıldığı açıqca görünür. Başqa sözlə, tərəflər mənzilin onun ümumi qiymətini şərtləşdirmişlər. Bu hallar ona dəlalət edir ki, iddiaçıya mənzili aldığı zaman onun sahəsi, bu sahənin hesablanma şərtləri və qiyməti məlum idi. Odur ki, müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərkən kassasiya instansiyası göstərmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri mübahisə üzrə öhdəlik münasibətlərinə və iddia müddətinə dair ümumi xarakterli maddi hüquq normalarına (MM, m.385, 442, 373 və s.) istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən irəli gəldiyini, bu öhdəliklərin nədən ibarət olduğunu, onların nə vaxt icra edildiyini və ya pozulduğunu, buna müvafiq olaraq cavabdehin tətbiq etdiyi iddia müddətinin əvvəlinin hansı andan hesablandığını göstərməmiş, bu xüsusatlara dair konkret maddi hüquq normalarının dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışlar. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Belə olan halda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan, sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Lakin, apellyasiya məhkəməsi müvafiq xüsusatın araşdırılması üçün ekspertiza təyin etmədən, iddiaçının dəlilinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı, mənzilin sahəsinin müqavilə üzrə nəzərdə tutulandan az olmasını mənzildə aparılmış yenidənqurma və təmir işləri nəticəsində deyil, cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi səbəbindən yarandığını sübuta yetirə bilməmişdir. Halbuki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçının vəkilinin sorğusuna verdiyi cavabla da təsdiq olunur ki, mənzilin sahəsi 83,71 kv.metr yox, 74.6 kv.m təşkil edir. Yəni, iddiaçı mənzilin sahəsinin az olması halını sübuta yetirmişdir. Ona görə sübutetmə vəzifəsinin öhdəsində gələ bilməməsi əsası ilə iddianın rədd edilməsi düzgün olmamışdır. Məhkəmələr nəzərə almamışdır ki, mənzilin sahəsinin yenidənqurma və təmir işləri nəticəsində 9,11 kv.m. azalmasının mümkünlüyünün müəyyən edilməsi üçün bu sahədə müvafiq bilikləri olan ekspertin xidmətindən istifadə edilməlidir. Həm də, iki otaqlı mənzildə aparılan yenidənqurma işlərinə görə 9,11 kv.m sahənin azalması açıq-aşkar inandırıcı görünmür. Eyni zamanda, mənzilə quraşdırılmış sayğaclara görə ödənilən vəsaitin geri qaytarılması tələbinə tətbiq olunan iddia müddətinin əvvəlinin nə vaxtdan başlanması məsələsi aydınlaşdırılmadan qalmışdır. Həmin xidmətlərin dəyərinin iddiaçı tərəfindən ödənilməli olmamasını iddiaçının hansı vaxtdan bilməsi aydın deyildir. Nəzərə almaq lazımdır ki, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binalarında analoji xidmətlərin haqlarının vətəndaşlardan alınması ilə bağlı kütləvi “işgüzar” təcrübələr mövcuddur. Ona görə bununla bağlı vətəndaşların vaxtında bilgili olmaması ehtimalı daha çoxdur. Analoji mübahisələrin həlli zamanı şəxsin öz hüquqlarının pozulmasını hansı vaxtdan bildiyi və bilməli olması aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Kassasiya instansiyasının göstərişlərinə əsasən hazırki apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4793 nömrəli 10 oktyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən; - Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan) 78,0 kv.m təşkil etdiyi müəyyən olunur. - Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin arakəsmə divarlarının və şaxtalarının yerləşdiyi ərazi daxil olmaqla (müvafiq azaltma əmsalları tətbiq olunmadan) sahənin 83.36 kv.m (78.0+5.0+0.36) təşkil etdiyi, bayır və ara divarların altı nəzərə alındıqda (müvafiq azaltma əmsalları tətbiq olunmadan) sahəsinin 94.4 kv.m təşkil etdiyi müəyyən olunur. -Tərəflər arasında bağlanmış 12 may 2014-cü il tarixli müqavilədə qeyd edilmiş 83.71 kv.m sahənin hansı qaydada hesablanması (bayır və ara divarların altı nəzərə alınmaqla və ya alınmamaqla) göstərilməmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli məktubunda göstərilən 74.6 kv.m sahə hesablanarkən arakəsmə və bayır divarların altı nəzərə alınmadığından və balkon 0.3 azalma əmsalı ilə hesablandığından, həmin sahə ilə mənzilin faktiki 78.0 kv.m ümumi sahəsi (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan), eyni zamanda bayır və ara divarların altı nəzərə alınmaqla hesablanmış 93.2 kv.m ümumi sahəsi arasında fərq yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/8052 nömrəli 18 aprel 2023-cü il tarixli əlavə ekspert rəyində əsasən isə; - Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən, 36 saylı mənzilin daxilində yerləşən sanitar qovşağının və sanitar qovşağına bitişik yardımçı otağın arakəsmə divarları razılaşdırılmış hörgü planında qeyd olunan yerdən deyil dəhliz istiqamətində genişləndirilərək hörülmüşdür. Faktiki olaraq mənzil təmirli vəziyyətdədir. Belə ki, mənzilin daxilində yerləşən divarlar suvanmış, divar kağızları ilə üzlənmiş, sanitar qovşağında kafel-metlağ işləri görülmüş və digər təmir işləri görülmüşdür. - Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Həsən Əliyev 25 ünvanında yerləşən 36 saylı mənzilin mövcud vəziyyətdə faktiki ümumi sahəsinin 78.0 kv.m olmasını, razılaşdırılmış hörgü planında isə faktiki ümumi sahəsinin 78.43 kv.m qeyd olunmasını nəzərə alaraq, həmin mənzildə görülmüş təmir-tikinti işləri nəticəsində mənzilin faktiki ümumi sahəsinin 0.43 kv.m azaldığı müəyyən edilmişdir. Beləliklə, kassasiya instansiyasının mövqeyindən, eləcə də işdə olan sübutlardan müəyyən olunur ki, cavabdeh müqavilədə nəzərdə tutulan işi (podratı) lazımi qaydada icra etməmiş, iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahədə mənzil təhvil verməmişdir. Ekspertiza rəyləri ilə mənzilin ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin mənzilin bayır və ara divarların altı nəzərə alınmadan) 78,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçı tərəfindən mənzildə aparılmış təmir işləri nəticəsində mənzilin sahəsində faktiki 0,43 m2 azalma baş vermişdir ki, bu hal cavabdehin qüsuru kimi nəzərə alına bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qeyd olunmalıdır ki, istinad olunan bu maddələr, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normalardır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən mənzilin ümumi sahəsi 78.43 m2 müəyyən olunmuşdur. Hər bir halda cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş ölçüdə, yəni 83.71 m2 sahədə mənzil təhvil verməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi - podratçı müqavilədə nəzərdə tutulan işi icra etməlidir (MM-nin 752.1-ci mad). MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. MM-in 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, işin hallarından və tədqiq olunmuş sübutlardan açıq-aşkar müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, müqavilədə göstərilən 83.71 m2 sahədə mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, mənzilin ümumi sahəsi 78,43 kv.m təşkil edir, belə olan halda 1 m2-ə görə 540 manat, dolayısı ilə çatışmayan 5,28 m2 görə ödənilməli məbləğ 2851,20 manat (83.71 kv.m - 78.43 kv.m = 5.28 kv.m, 5.28 kv.m x 540 AZN=2851,20 manat) təşkil edir. Belə olan halda isə cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmaq vəzifəsini daşıyır, çünki onu özündə saxlamaqda hər hansı qanuni əsas müəyyən olunmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş 13 oktyabr 2014-cü il tarixli, 13 noyabr 2014-cü il tarixli, 11 dekabr 2014-cü il tarixli kommunal maliyyə arayışından görünür ki, iddiaçı elektrik və su sayğacların quraşdırılmasına görə cəmi 600 manat pul ödəmişdir. Halbuki, “Eletrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli Qərarının 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 17 iyul 2014-cu il tarixli Qərarının 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Göründüyü kimi, cavabdehin iddiaçıdan qeyd edilən sayğaclara görə pul alması qanunvericiliyin tələblərinə uyğun olmamaqla, iddiaçının bir istehlakçı kimi də hüquqlarının pozulması ilə nəticələnmişdir. MM-nin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.2-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia qeyd edilən hissədə qismən əsasılıdır. Cavabdeh öhdəliyini lazımi qaydada icra etməməklə artıq əldə etdiyi pul vəsaitini qaytarmaq vəzifəsini daşıyır. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin bildirdikləri (izahatı) də iddianın əsassız sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia əldən çıxmış fayda olaraq 3565 manat pul vəsaitinin cavabdehdən tutulması hissədə təmin oluna bilməz. Çünki, iddiaçı həmin hissədə tələbinin əsaslandıra və sübut edə bilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı maddi zərər kimi əldən çıxmış faydanı tələb etdiyi halda bu halı sübut etmək yükünü daşıyır. İddiaçı isə cavabdehyin qeyd edilən pul vəsaitindən faydalanması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi ilə bağlı məsələyə də münasibət bildirərək qeyd edir ki, işin hallarına əsasən iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırki iş üzrə kassasiya instansiyası yuxarıda qeyd edilən qərarında həmçinin göstərmişdir ki, mənzilə quraşdırılmış sayğaclara görə ödənilən vəsaitin geri qaytarılması tələbinə tətbiq olunan iddia müddətinin əvvəlinin nə vaxtdan başlanması məsələsi aydınlaşdırılmadan qalmışdır. Həmin xidmətlərin dəyərinin iddiaçı tərəfindən ödənilməli olmamasını iddiaçının hansı vaxtdan bilməsi aydın deyildir. Nəzərə almaq lazımdır ki, yeni inşa edilən yüksək mərtəbəli yaşayış binalarında analoji xidmətlərin haqlarının vətəndaşlardan alınması ilə bağlı kütləvi “işgüzar” təcrübələr mövcuddur. Ona görə bununla bağlı vətəndaşların vaxtında bilgili olmaması ehtimalı daha çoxdur. Analoji mübahisələrin həlli zamanı şəxsin öz hüquqlarının pozulmasını hansı vaxtdan bildiyi və bilməli olması aydınlaşdırılmalıdır. MM-nin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İddia ərizəsindən, işin müəyyən olunmuş hallarından, eləcə də izahatlardan görünür ki, iddiaçı hüquqlarının pozulmasını məhz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli arayışından sonra bilmiş, hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş, həmin vaxtı da elektrik və su sayğaclarına görə ondan qanunsuz olaraq 600 manat pul alınmasını, qanunvericiliyə əsasən həmin sayğacların pulsuz quraşdırılmalı olmasını bilmişdir. İşdən həmçinin görünür ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qısa müddətdə (11 iyun 2021-ci il tarixdə) hazırki tələblərlə məhkəməyə müraciət etmiş, bununla da yuxarıda qeyd edilən iddia müddətlərini ötürməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 3451,20 manat ( 2851,20 manat + 600 manat) pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində ümumilikdə 200 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, belə olan halda qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3309/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)- 3309/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh MMC-dən İddiaçı xeyrinə 3451,20 (üç min dörd yüz əlli bir manat 20 qəpik) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh MMC-yə aid edilsin. Cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayətinə yol verilmir, iddiaçı isə qətnamə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar