Məhkəmə qərarları › İş №2(103)-2430/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2430/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2430/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2025-cü il tarixli, e-2(004)-208/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Cavabdeh2 bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli L-BK-0060790-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.17%, illik 26% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00027984 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 2042,02 (iki min qırx iki manat iki qəpik) manat, cərimə borcu üzrə 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 204,13 (iki yüz dörd manat on üç qəpik) manat olmaqla, ümumulikdə 9103,30 (doqquz min yüz üç manat otuz qəpik) manat borcu vardır. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, L-BK-0060790-F saylı kredit müqaviləsi və BK-00027984saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 yaranmış borcu müştərək qaydada tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, L-BK-0060790-F saylı Kredit müqaviləsi və BK-00027984saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 2042,02 (iki min qırx iki manat iki qəpik) manat, cərimə borcu üzrə 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 204,13 (iki yüz dörd manat on üç qəpik) manat olmaqla, ümumulikdə 9103,30 (doqquz min yüz üç manat otuz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 112 (yüz on iki) manat dövlət rüsumunun tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli L-BK- 0060790-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.17%, illik 26% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00027984 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022ci il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1576,21 (min beş yüz yetmiş altı manat iyirmi bir qəpik) manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1502,08 (min beş yüz iki manat səkkiz qəpik) manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 366,71 (üç yüz altmış altı manat yetmiş bir qəpik) manat olmaqla ümumilikdə 3445 (üç min dörd yüz qırx beş) manat məbləğində pul ödənilmişdir. Hal hazırda Cavabdeh2 ödənilməmiş 6423,79 (altı min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat əsas məbləğ üzrə, 2042,02 (iki min qırx iki manat iki qəpik) manat məbləğində faiz və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-BK-0060790-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər(əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 204,13 (iki yüz dörd manat on üç qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7602 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə əsas borcu 6175,95 manat, faiz borcu isə 421,87 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2025-cü il tarixli, e-2(004)- 208/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6175,95 (altı min yüz yetmiş beş manat doxsan beş qəpik) manat əsas borc, 421,87 (dörd yüz iyirmi bir manat səksən yeddi qəpik) manat faiz borcu və 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat cərimə borcu, 204,13 (iki yüz dörd manat on üç qəpik) manat gecikdirilmiş vaxta görə faiz borcu olmaqla ümumilikdə 7235,31 (yeddi min iki yüz otuz beş manat otuz bir qəpik) manat məbləğində borcun və ödənilmiş 112 manat dövlət rüsumunun 92 (doxsan iki) manat hissəsinin alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və iş üzrə aparılmış ekspertiza üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən iddia tələbinin qanuni əsası qismində iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 (müqavilənin ləğvinə aid hissədə), 445.7 (faiz borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zamin Cavabdeh1 “Borcverən” Bank olmayan kredit təşkilatı "xxxx" MMC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşlar. Nəticə etibarilə, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış Kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 (müqavilənin ləğvinə aid hissədə), 445.7 (faiz borcuna münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 472 (zaminliyə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zamin isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Bununla belə birinci instansiya məhkəməsi ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı olmamışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385-ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, ödənişləri həyata keçirtməmiş və nəticədə ödənilməmiş 6175,95 (altı min yüz yetmiş beş manat doxsan beş qəpik) manat əsas borc, 421,87 (dörd yüz iyirmi bir manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu, 433,36 (dörd yüz otuz üç manat otuz altı qəpik) manat məbləğində cərimə borcu, 204,13 (iki yüz dörd manat on üç qəpik) manat gecikdirilmiş vaxta görə faiz borcu olmaqla ümumilikdə 7235,31 (yeddi min iki yüz otuz beş manat otuz bir qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin tam təmin edilməsi istiqamətində sübutetmə yükünü həyata keçirtməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübəsinə əsasən (müvafiq 3 ulduzlu qərar) kredit müqavilələri üzrə banklar (maliyyə təşkilatları) tərəfindən tərtib edilmiş maliyyə arayışları birtərəfli qaydada iddiaçı tərəfindən tərtib edilmiş sənədlər olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Həmin sənədlərin mübahisəsiz qaydada qəbul edilməsi istisna olunur. Müvafiq maliyyə arayışı üzrə qeyd edilən borcun hesablanma əsaslarının və əsaslılığının sübut edilməsi yükü iddiaçı tərəfin üzərinə düşür. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv təkzibetmə funksiyası həyata keçirilməmişdir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl olunmamışdır. Belə ki, məhkəmənin baxış iclası tərəflərin heç birinin iştirakı olmadan aparılmışdır. Bu da ədalət mühakiməsinin tərəflərin çəkişməsi əsasında aparılması tənzimləyən Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin pozulması ilə nəticələnmişdir. Bundan başqa ikinci məsələ tərəflər arasında bağlanmış kredit müqaviləsinin xx.xx.2024-cü il tarixində başa çatmasına baxmayaraq, xx.xx.2023cü il tarixində müqavilənin birtərəfli qaydada ləğv edildiyinin məhkəmə tərəfindən müəyyənləşdirilməsidir. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi üçün ona xəbərdarlıq məktubu göndərilmişdir. Həmin xəbərdarlıq məktubunda müqavilə üzrə öhdəliklərin vaxtında və lazımınca icra edilməli olduğu cavabdehin diqqətinə çatdırılmışdır. Yəni heç bir halda müqavilənin bir tərəfli qaydada ləğv edilməsi ilə əlaqəli hər hansı bir söz və ya ifadə əks olunmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsaslanaraq, iddiaçı tərəfindən cavabdehə ümumi formada göndərilmiş xəbərdarlıq məktubunu müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə dair iradə ifadəsi kimi qəbul etmiş, müqavilə üzrə şərtlərinin tətbiq olunmasının son tarixini xx.xx.2023-cü il müəyyənləşdirmişdir. Halbuki, məhkəmənin bu mövqeyi həm Mülki Məcəllənin 421-ci maddəsinə, həm də Konstitusiya Məhkəməsinin həmin qərarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında xüsusilə vurğulanmışdır ki, müqavilə məhkəmədən kənar bir tərəfli qaydada ləğv edilməsi üçün qarşı tərəfə bununla bağı iradə ifadəsi bəyan olunmalıdır. Göndərilmiş xəbərdarlıq məktubunun məzmunundan da açıq-aydın görünür ki, müqavilənin bir tərəfli qaydada ləğv edilməsi istiqamətində heç bir iradə ifadəsi bəyan olunmamışdır. Nəzərə alınsa ki, müqavilənin vaxtından əvvəl ləğv olunması, müqavilənin ləğv olunduğu tarixdən kreditorun (iddiaçının) müqavilə üzrə faizləri tələb etmək hüququnu aradan qaldırır, müqavilənin vaxtından əvvəl bir tərəfli qaydada ləğv olunması kreditor baxımından nə qədər arzuolunmaz hal oduğunu başa düşülə bilər. Odur ki, bu arzuolunmaz vəziyyətin kreditor tərəfindən yaradılması heç cür ağlabatan deyildir. Müqavilənin bir tərəfli qaydada ləğv olunması istiqamətində kreditor tərəfindən heç bir iradə ifadəsi olunmamışdır. Birinci instansiya məhkəməsi bu mövqeyə gələrkən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır. Yəni əsas və faiz borcunun təmin olunmayan hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiya). 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (əvvəlki redaksiya). 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (əvvəlki redaksiya). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh2 və zamin Cavabdeh1 “Borcverən” Bank olmayan kredit təşkilatı "xxxx" MMC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozduqları üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin iddia tələbinin qismən əsaslı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı hesab edir ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarı düzgün təfsir edilməmişdir. Belə ki, qərarda xüsusilə vurğulanmışdır ki, müqavilə məhkəmədən kənar bir tərəfli qaydada ləğv edilməsi üçün qarşı tərəfə bununla bağı iradə ifadəsi bəyan olunmalıdır və tərəflərindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubunun məzmunundan da açıq aydın görünür ki, müqavilənin bir tərəfli qaydada ləğv edilməsi istiqamətində heç bir iradə ifadəsi bəyan olunmamışdır. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2 ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göründüyü kimi iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixindən borc hesablanmalıdır. Kollegiya bununla bağlı həmçinin qeyd edir ki, Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İddiaçının istinad etdiyi xəbərdarlıqlardan görünür ki, iddiaçı cavabdehə yaranmış borcun 5 gün ərzində ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edilcəyi, kredt və ona hesablanmış faizlərin vaxtından əvvəl tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi istinad edilən maddənin tələblərinə əsasən tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırki vəziyyətdə də iddiaçı tərəf cavabdehə öhdəliklərini icra etməsi üçün müddət müəyyən etmiş, həmin müddətdə öhdəlik icra edilməmiş və bununla da xəbərdarlıq göndərildiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, göndərilmiş xəbərdarlıq məktubunun məzmununda açıq aydın olaraq müqavilənin bir tərəfli qaydada ləğv edilməsi istiqamətində hər haqnsı bir iradə ifadəsinin bəyan olunması da zəruri deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən hesab edir ki, iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər ki, bu baxımdan hazırda iddiaçının kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan yaranmış borcun məbləği məhkəmə tərəfindən düzgün hesablanmışdır. Belə ki, iş materiallarından görünür ki işin obyektiv həlli baxımından zəruri olduğundan birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7602 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli L-BK-0060790-F nömrəli kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borcu 6175,95 manat, faiz borcu isə 421,87 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir. Beləliklə aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq cavabdehin xx.xx.2023cü il tarixə (bildiriş (xəbərdarlıq) göndərilən tarixədək) əsas borc üzrə 6175,95 manat və faiz borcu üzrə 421,87 manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər-hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı məhz qeyd olunan rəyə istinad edilməlidir. İddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də elektron kabinet vasitəsilə iddiaçıya göndərilmiş, lakin iddiaçı məhkəmə iclaslarında nümayəndənin iştirakını təmin etməmişdir. Hətta iddiaçının nümayəndəsi iki dəfə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2025-cü il tarixli, e-2(004)- 208/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar