Məhkəmə qərarları › İş №2(103)-2431/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2431/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2431/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, iddiaçının nümayəndəsi Günel Sadıqsoyun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 768/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb: İddia ərizəsində tələb olunub ki, cavabdehdən iddiaçının xeyrinə 2 kredit müqaviləsi üzrə göstərilən məbləğlər tutulsun: 1) xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 45.000 ABŞ dolları, faiz borcu kimi 55.020 ABŞ dolları, cərimə kimi 5.347,50 ABŞ dolları, əldən çıxmış fayda kimi xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək olan müddət üçün illik 5 faizlə hesablanmış 13.487,50 ABŞ dolları, cəmi 118.855 ABŞ dolları; 2) xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 25.650 ABŞ dolları, faiz borcu kimi 34.136,25 ABŞ dolları, cərimə borcu kimi 2.768,27 ABŞ dolları, əldən çıxmış fayda kimi xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan müddət üçün illik 5 faizlə hesablanmış 7.556,06 ABŞ dolları, cəmi 70.110,58 ABŞ dolları; 3) dövlət rüsumunun əvəzi kimi 612 manat. Maliyyə arayışına görə tələb olunan borc xx.xx.2022-ci il tarixinə aiddir. Tələbin həlli: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub və cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğlərin tutulması qət olunub: 1) xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 45.000 ABŞ dolları, faiz borcu kimi 11.860 ABŞ dolları, cərimə kimi 500 ABŞ dolları, gecikdirilmiş faiz borcu kimi 13.487,5 ABŞ dolları, cəmi 70.847,5 ABŞ dolları; 2) xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 25.650 ABŞ dolları, faiz borcu kimi 7.855,31 ABŞ dolları, cərimə kimi 300 ABŞ dolları, gecikdirilmiş vaxt üçün faiz borcu kimi 7.556,06 ABŞ dolları, cəmi 112.208,87 ABŞ dolları. İddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Günel Sadıqsoy apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Tərəflərin arasında 2 kredit müqaviləsi bağlanıb. 1-ci müqavilə, yəni xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı cavabdehə 45.000 ABŞ dolları kredit verib, kredit 21 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16 faiz müəyyən edilib. 2-ci müqavilə, yəni xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı cavabdehə 25.650 ABŞ dolları kredit verib, kredit 21 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 17,5 faiz müəyyən edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə borcun məbləği belədir: 1-ci müqavilə üzrə xx.xx.2022-ci il tarixə əsas borcun məbləği 45.000 ABŞ dolları, faiz borcunun məbləği 11.860 ABŞ dolları (illik 16 faizlə), əldən çıxmış fayda borcu 13.487,50 ABŞ dolları (illik 5 faizlə); 2-ci müqavilə üzrə xx.xx.2022-ci il tarixə əsas borcun məbləği 25.650 ABŞ dolları, faiz borcunun məbləği 7.855,31 ABŞ dolları (illik 17,5 faizlə), əldən çıxmış fayda borcu 7.556,06 ABŞ dolları (illik 5 faizlə). Birinci instansiya məhkəməsi ekspert rəyində göstərilən məbləğin, habelə 1-ci müqavilə üzrə cərimə kimi 500 ABŞ dolları, 2-ci müqavilə üzrə cərimə kimi 300 ABŞ dollarının tutulmasını qət edib. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, iddianın təmin edilən hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində qeyd olunub ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsini nümayəndə kimi imzalayan şəxsin (bankın Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdirinin) etibarnaməsi iddia ərizəsinə əlavə edilməsə də, bu hal iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas ola bilməz. Belə ki, məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclaslarında iştirak edib, habelə iddiaçı iddia ərizəsini yazılı müdafiə edib, iddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya icraatı zamanı bu barədə ərizə verib. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 6.3-cü bəndində qeyd olunub: “Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-in 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılması istisna edilir”. Bundan başqa, apellyasiya şikayətində qeyd olunub ki, iddia müddəti keçib. Bununla bağlı məhkəmə qeyd edir ki, 1-ci müqavilə üzrə kredit xx.xx.2015-ci il tarixdə 21 ay müddətinə verilib, kreditin qaytarılma müddəti xx.xx.2016-cı ildə bitib, bu tarixdə həmin müqavilə üzrə 45.000 ABŞ dolları borc girov qoyulmuş əmanətdən silinib. 2-ci müqavilə üzrə kredit xx.xx.2015-ci il tarixdə 21 ay müddətinə verilib, kreditin qaytarılması müddəti xx.xx.2017-ci ildə bitib, bu tarixdə həmin müqavilə üzrə 25.650 ABŞ dolları borc girov qoyulmuş əmanətdən silinib. Lakin sonradan başqa mülki işdə girov müqavilələrinin etibarsız hesab edilməsi və əmanətlərin qaytarılması barədə iddia irəli sürülüb. Həmin iddia təmin olunub, iş üzrə son qərar xx.xx.2022-ci ildə Ali Məhkəmə tərəfindən qəbul edilib (iş v. 20) və həmin tarixdə yekun qərar qanuni qüvvəyə minib. Hazırkı iş üzrə iddia müddətinin axımı məhz xx.xx.2022-ci ildən başlayıb, çünki yekun qərarın qanuni qüvvəyə minməsi ilə iddiaçının girov qoyulmuş əmanətdən silinmələri geri qaytarmaq vəzifəsi müəyyən edilib və buna müvafiq olaraq kredit borcunun tutulması üçün iddia vermək hüququ yaranıb. Bu tarixdən 1 ay 14 gün sonra – xx.xx.2022-ci ildə iddiaçı hazırkı iddianı verib. Göründüyü kimi, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətini ötürməyib. Bundan başqa, apellyasiya şikayətində qeyd olunub ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyib, onun qeydiyyatda olduğu ünvanın (ünvan 1mə bildirişləri isə həmin ünvana göndərilib. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin ünvan cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandır, onun faktiki yaşadığı ünvan məhkəməyə bəlli olmayıb, ona görə də bildirişlər həmin ünvana göndərilib. Bununla yanaşı, məhkəmə cavabdehə 3 dəfə SMS bildiriş göndərib (iş v. 53, 147, 159). Cavabdeh faktiki yaşadığı ünvanı apellyasiya məhkəməsinə də bildirməyib, apellyasiya şikayətində faktiki ünvanını natamam (Nərimanov rayonu, Zümrüd Residence) göstərib. Ona görə də hesab olunur ki, birinci insansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmaq üçün Mülki Prosessual Məcəllə ilə üzərinə düşən vəzifələri yerinə yetirib. Beləliklə, qətnamənin mübahisələndirilən hissəsinin, yəni iddianın təmin edilməsinə aid hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-768/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar