Məhkəmə qərarları › İş №2(103)-2432/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2432/2023

03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2432/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Allahverdiyev Rüstəm Ələmdar oğluna və Cavabdeh1 MMC-yə qarşı iş üzrə (Açar sözlər: «yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4173/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.**-DY-*** dövlət qeydiyyat nişanlı, 2007-ci ilin buraxılış ili olan, “HYUNDAİ ACCENT” markalı avtomobil İddiaçı arvadı X3 məxsusdur və etibarnamə ilə idarə edir. 2.“Toyota Prius (Hibrid)” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsusdur və idarə etmək hüququ Cavabdeh2 verilmişdir.

3. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 10:00-da Nərimanov rayonu A.M.Cümə küçəsi ərazisində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı 77- PJ-126 dövlət qeydiyyat nişanlı avtomobili **-DY-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” markalı avtomobillə toqquşdurmuş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Cavabdeh1 MMC də İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.

4. AA041/1471 saylı, xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 1454 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1454 manat dəyən zərər, 45 manat dövlət rüsumu əvəzi, hüquqi xidmətə görə vəkilə ödənilən 210 manat, 520 manat dəymiş maddi ziyan, cəmi 2229 (iki min iki yüz iyirmi doqquz) manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, Cavabdeh2 21 sentyabr 2022-ci il tarixdə, saat 10:00-da “TOYOTA PRİUS” (HİBRİD) minik markalı 77- PJ-126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nərimanov rayonu, A.M.Cümə küçəsində arxadan gələn avtomobili gözləmədən, dayandığı yerdən qəfildən arxaya sürərək, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq inzibati xəta törətmişdir. Bununla əlaqədar, Cavabdeh2 40 manat cərimə olunmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində “HYUNDAİ ACCENT” markalı minik avtomobilə 1454 (bir min dörd yüz əlli dörd) manat ziyan dəymişdir. Lakin Cavabdeh2 Cavabdeh1nə məxsus olan “TOYOTA PRİUS” (HİBRİD) minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün icbari sığortasının müddəti hadisədən əvvəl bitmiş və yeni icbari sığorta bağlanmamışdır. Yolnəqliyyat hadisəsi zamanı xəsarət alan olmamışdır. xx.xx.2022-ci il tarixdə “Auto Azərbaycan” Servis Mərkəzində “HYUNDAİ ACCENT” markalı minik avtomobilinə ilkin texniki baxış keçirilmiş və AA041/1471 nömrəli akt tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınında aşağıda adları göstərilən ehtiyat hissələri zədələnmiş və yenisi ilə əvəz edilməklə, 1454 (bir min dörd yüz əlli dörd) manat ziyan dəyməsi müəyyən edilmişdir: ön sağ qabaq qapı 1 ədəd - 420 manat, ön sağ qapıüstü kant 1 ədəd - 50 manat, stikdoldurucu germetika 1 ədəd - 22 manat, ön sağ qapı lenti 2 ədəd - 12 manat, ümumi ehtiyat hissələri - 504 manat, dəmirçi - 300 manat, boya - 650 manat, yekun - 1454 manat. Lakin sürücü Cavabdeh2 dəymiş zərərlə bağlı ziyanı ödəməyə maddi imkanının və icbari sığortasının olmamasını, yol vərəqəsi ilə idarə etdiyi “TOYOTA PRİUS” (HİBRİD) minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin də Cavabdeh1nə məxsus olmasını bildirmişdir. Həmin səbəbdən də “TOYOTA PRİUS” (HİBRİD) minik markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin məxsus olduğu Cavabdeh1nə müraciət olunsa da bu günə kimi müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda, iddiaçı xx.xx.2022-ci il tarixdən bu günə kimi həmin avtomobili idarə edə bilmir və dəymiş ziyanı da cavabdehlərdən ala bilmir. Həmin səbəbdən də avtomobili təmir edə bilmir. Məcburiyyət qarşısında qalaraq Bakı şəhəri 3 saylı Vəkil Bürosuna müraciət edib, vəkilin hüquqi yardımından istifadə etmiş və göstərilən hüquqi yardım üçün 210 manat məbləğində müqavilə pulu ödəmişdir. Həmçinin, iddia ərizəsi vermək üçün 45 manat dövlət rüsumu ödəmişdir. “VOLT Kuryer” xidmətində idarə etdiyi 90- DY-975 dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ACCENT” markalı minik avtomobili ilə kuryer xidməti göstərib günə təxminən 40 manat xidmət haqqı alırdı. Bu günə kimi 520 manat qazancından da olmuşdur. Ona görə də bu günə kimi ona 520 manat da maddi ziyan dəymişdir. Maddi ziyan hələ də artmaqda davam edir. Əgər sürücü Cavabdeh2 idarə etdiyi Cavabdeh1nə məxsus olan “TOYOTA PRİUS” (HİBRİD) minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olmuş olsaydı ona bu qədər ziyan dəyməzdi. Hesab edir ki, (1454+45+210+520=2229) cəmi 2229 (iki min iki yüz iyirmi doqquz manat) məbləğində pul cavabdehlərdən onun xeyrinə məhkəmə qaydasında tutulmalıdır. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehlərə müraciət etmişdir, lakin cavabdehlər ona ziyanı ödəməmişlər və müxtəlif bəhanələrlə ziyanı ödəməkdən yayınmışlar.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4173/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1454 manat, 45 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 210 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli yol vərəqəsinə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman iddiaçının idarə etdiyi “Hyundai Accent” minik markalı 90-DY975 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sonuncuya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati tənbeh vermə haqqında qərarla da təsdiq olunmuşdur. Məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş ehtiyat hissələrinin təmir xərcləri cəmi 1454 manat təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh2 “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər nəticəsində hesablanmış 1454 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Qeyd edildiyi kimi, yol-nəqliyyat hadisəsinin törədildiyi “Toyota Prius (Hibrid)” minik markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-nin mülkiyyətindədir və Cavabdeh2 həmin avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Məhkəmə hesab edib ki, iddia tələbi “Hyundai Accent” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada 1454 manat tutularaq İddiaçı ödənilməlidir. İddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində qazancdan məhrum olması nəticəsində ona 520 manat məbləğində ziyanın dəyməsini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri, təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni cavabdehlərin təqsirli hərəkətləri nəticəsində qazancdan məhrum olması nəticəsində ona 520 manat məbləğində ziyanın dəyməsini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 MMC apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın ona aid təmin edilən hissəsində ləğv edilərək həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə Mülki Məcəllənin 1108.2-ci maddəsini də səhv tətbiq etmiş və yanlış nəticəyə gəlmişdir. Yol-nəqliyyat hadisəsi baş verərkən yüksək təhlükə mənbəyi hesab olunan “TOYOTA PRİUS” (HİBRİD) minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi olduğu Cavabdeh1 sahibliyindən çıxmışdır. Əgər Cavabdeh2 Cavabdeh1 MMC-yə məxsus “TOYOTAPRİUS” (HİBRİD) minik markalı, 77- PJ-126 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədirsə burada Cavabdeh1 MMC-nin təqsiri və günahı nədən ibarətdir? Göründüyü kimi məhkəmə qeyd etdiyi hala da hüquqi qiymət verməmiş, işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmiş, tətbiq edilməli olan hüquq normasını səhv tətbiq və təfsir etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh1 MMC-yə məxsus hissədə tam qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasıa onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.”

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-cimaddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. İddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

24. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının qanuni istifadəsində olan avtomobilə qeyd olunan tarixdə və vaxtda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. Yəni, cavabdeh tərəf də bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal həmin zərərin yetirilməsində cavabdeh MMC-nin təqsiri olub-olmaması yaxud təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranıb-yaranması ilə bağlıdır. Çünki, Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

25. Cavabdeh2 Cavabdeh1 MMC-nin Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından işçisi olması işin mübahisəsiz halıdır. Yəni, Cavabdeh1 MMC Cavabdeh2lə əmək münasibətlərində olmadığını göstərsə də bu dəlil iş materialları ilə, o cümlədən apellyasiya baxışı zamanı tərəflərin izahatları ilə təkzib olundu. Çünki, Cavabdeh2 müqavilə əsasında MMC-nin işçisi olmuş, müqavilə əsasında yol vərəqəsi ilə Cəmiyyətin mülkiyyətində olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, əldə etdiyi qazanca mütənasib MMC-dən maaş almışdır. Burada Cavabdeh2 əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında cavabdeh MMC-nin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, cavabdeh Cəmiyyətin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də Cavabdeh1 MMC məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən iddiaya cavab verməli olan şəxsdir və işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və yol vərəqəsi əsasında avtomobili idarə etmiş Cavabdeh2 vurduğu zərərin əvəzini ödəməlidir.

26. Əlbətdə ki, Cavabdeh1 MMC-nin də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh2 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres)hüququ vardır. Buna baxmayaraq, Cavabdeh1 MMC-nin mülkiyyətində olan, Cavabdeh2 yol vərəqəsi əsasında idarə etdiyi avtomobili icbari sığorta etdirmək vəzifəsini də yerinə yetirməmmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan normalarının, yəni maddi hüquq normalarının tələblərini pozmamışdır.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4173/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4173/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar