Məhkəmə qərarları › İş №2(103)-2433/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2433/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2433/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nərgiz Hacıyevanın iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-729/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı "xxxx" ASC ilə mərhum kreditalan X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqaviləsi üzrə 1.630,02 manat əsas borc və kreditalanın vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla cəmi 1.630,04 manat, dövlət rüsumunun əvəzi kimi 36,30 manat, xidmət haqqının əvəzi kimi 0,40 manat kreditalanın vərəsəsindən – Cavabdeh alınaraq iddiaçıya verilsin. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nərgiz Hacıyeva apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Kreditverən"xxxx" ASC ilə kreditalan X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********98 nömrəli kredit müqaviləsinə əsasən, kreditverən kreditalana 42 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 10.000 manat məbəğində kredit verib. Kreditalan xx.xx.2022-ci ildə ölüb. Kreditverən iddia edir ki, kreditalanın cəmi 1.630,04 manat icra edilməmiş borcu qalıb. Cavabdeh kredit alanın qızıdır. O, xx.xx.2022-ci ildə mirasın qəbul edilməsi üçün ərizə ilə Bakı şəhəri 29 saylı Notariat ofisinə müraciət edib və ərizədə bildirib ki, anasından miras qalmış, Bakı şəhəri, Ləhiş bağları ünvanında yerləşən 0,12 ha torpaq sahəsini qəbul edir (iş v. 19). Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin bağ sahəsi cavabdehin anasının (kreditalanın) mülkiyyətində olmayıb (iş v. 68). Ona görə də həmin əmlak mirasa daxil deyil. Bakı şəhəri 29 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehin ərizəsi əsasında vərəsəlik işi açılıb, lakin vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməyib (iş v. 60). Göründüyü kimi, cavabdeh miras qəbul etməyib. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-729/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar