Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2435/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun etibarından sui-istifadə edərək aldadıb aldığı 2500 manat və bunun nəticəsində ona dəymiş 750 manat zərər olmaqla, cəmi 3250 (üç min iki yüz əlli) manat məbləğində real maddi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddaçının hazırkı idda tələbi ilə qismən razıdır, belə ki, o həqiqətən də, iddiaçıdan pul almış, lakin həmin məbləğin 850 (səkkiz yüz əlli) manatını geri qaytarmış, buna baxmayaraq, məhkəmə tərəfindən məsələ tam, hərtərəfli araşdırılmamış və əsassız şəkildə cavabdehdən iddiaçının xeyrinə 2500 (iki min beş yüz) manat pul tutulmasına dair qətnamə qəbul edilmişdir. Bu səbəbdən, iddiaçının xeyrinə tutulan məbləğin dəyişdirilməsinə dair yeni qətnamə qəbul edilməsini, eləcə də qətnamənin onun cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra icra edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ilə müraciət edərək üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir, cavabdeh də apellasiya şikayətinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İsmayıllı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)- 31/2020 saylı hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilməsi, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxx 2020-ci il tarixdən hesablanması, Hökm qanuni qüvvəyə minənədək Cavabdeh həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar müəssisəsi müəyyən edilməsi və qərarın surəti həmin müəssisəyə göndərilməsi hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ifadə verərək Elçin Muxtara və onun valideynlərinə mühafizəçi işinin olduğunu və bundan ötrü 2500 manat rüsum olaraq pul verilməli olduğunu demişdir. ….O Elçinə zəng edərək üçüncü adamı tapdığını bildirmiş vəbu danışıqdan üç saat sonra Elçin onun yaşadığı evin qarşısına gəlmişdir. O. Zahiri həmin yerə çağırmış və Elçin eynilə ona və Muxtara dediklərini Zahirə də demişdir. Zahir orada 2500 manat məbləğində pulu işə düzəlməsindən ötrü rüsum pulu kimi Elçinə vermişdir. Bundan sonra mütəmadi olaraq Elçin ona zəng edərək mühafizə işi ilə bağlı sənədlərini hazırladığını bildirmişdir, məsələdən beş aydan da artıq vaxt keçmiş, lakin işləri düzəlməmişdir. Elçinin onları aldatdığını başa düşərək pullarını qaytarmağı tələb etmişlər. Elçinin pulu qaytarmaq istəmədiyini görərək 2019-cu ilin dekabr ayının sonunda Muxtarın atası Tahir ilə birlikdə Bakı şəhərinə getmişdir. Orada Elçinlə görüşərək bir daha pullarını tələb etmişlər. Elçin qısa zamanda onların pullarını qaytaracağını demişdir. Bu məsələdən xeyli müddət keçsə də Elçin onun pulunu qaytarmamış və o, bu barədə polisə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ödənilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)- 31/2020 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı əmlakını (2500 manat məbləğində pulunu) aldatma yolu ilə ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmiş və Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kollegiya apellyasiya şikayətində cavabdehin iddiaçıya ümumi məbləğin 850 (səkkiz yüz əlli) manatını qaytarması faktı ilə bağlı qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə cavabdeh tərəfindən iddiaçıya 2500 manat borcun qaytarılmadığı müəyyən olunmuşdur. Belə olan halda, apellyasiya şikayətində göstərdiyi 850 manat məbləğin iddiaçıya ödəməsini – öhdəliyin qismən icra edilməsini Cavabdeh sübut etməlidir. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlil olan qətnamənin icrasına möhlət verilməsi ilə bağlı irəli sürdüyü hala münasibətdə qeyd edir ki, hazırkı məsələyə qətnamənin icrası mərhələsində (“İcra haqqında” Qanunun 15-ci və Mülki Prosessual Məcəllənin 231-ci maddəsi) baxılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası göstərir ki, rayon məhkəməsinin gəldiyi nəticə düzgün, qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilə biməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3179/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2435/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2435/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver