Məhkəmə qərarları › İş №2(103)-2435/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2435/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2435/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh X5 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilk və X4 cavabdeh İddiaçınə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə 2(011)-8229/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 972 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1002 manat məbləğində pulun cavabdeh X3 məcburi qaydada tutularaq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X6 arasında 30.08.2018-ci il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X9 Departamenti tərəfindən **********00770 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 İtron 1202AQ**********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.2.5-ci yarımbəndinin (İstehlakçinin təqsirli hərəkətləri (hərəkətsizlii) habelə bu müqavilə üzrə müıyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzini ödənilməsini istehlakçıdan tələb etmək) və «X7»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz kənar müdaxilə edərək təbii qaz itkisi yaratmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayqacina müdaxilə olunması fakt aşkar olunmüş və nəticədə qaz itkisi yaranmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn fakt Birliyin əməkdaşları tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində 31.10.2018-ci il tarixli, ******* nömrəli akt əsasında 9720 m3 həcmində təbii qaz itkisi müəyyən edilmişdir. Bu isə cəmi 972 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İByə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 972 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin, X6 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.10.2018-ci il tarixli, ******* nömrəli akt əsasında ona məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00770) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazın alğı-satqısı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edir. Həmin evə İddiaçı İB tərəfindən **********00770 nömrəli abonent kodu verilmiş və təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 29.08.2018-ci il tarixdə İddiaçı İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli akt tərtib etmişlər. Tərtib olunmuş akta yaşlı anasına İddiaçı İB-nin əməkdaşları imza etdirmişlər. Həmin aktı imzalamayacağı təqdirdə İddiaçı İB-nın nümayəndələri yaşayış evində təbii qazın verilməsini dayandıracaqlarını bildirmişdilər. Daha sonra məlum olmuşdur ki, qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, qaz sayğacının qoruyucu örtüyünün sol plombunun və plombun üstünün deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 31.10.2018-ci il tarixdə «təbii X7nın pozulması haqqında» ******* nömrəli akt və həmin akt əsasında 31.10.2018-ci il tarixdə hesabat qəbul edilmişdir. Qəbul edilmiş hesabatda 9720 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 972 manat məbləğində cərimə borcu olması qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlamasında iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Belə ki, evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta İddiaçı İB-nin işçisinin də müdaxilə etməsi mümkündür. Həmçinin, qaz sayğacının dövlət yoxlaması zamanı sayğacda müəyyən olunmuş qüsur və xətaların cavabdehin işçiləri tərəfindən də törədilmiş olması mümkün ola bilərdi. 31.10.2018-ci il tarixli ******* nömrəli aktın tərtib olunmasından xəbəri olmamış və aktı imzalamaq ona təklif edilməmişdir. Birtərəfli qaydada tərtib olunmuş 31.10.2018-ci il tarixli ******* nömrəli aktı, habelə həmin akt əsasında qəbul olunmuş 31.10.2018-ci il tarixli hesabatı qanunsuz və əsassız hesab edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilk iddiası rədd edilmiş, ilk iddianın verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, iddiaçı X5 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00770) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat borcun silinməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan plomblarının yuvalarının ətrafının zədəli olduğu, yivli birləşmələrin korroziyaya uğradığı, sayğacın klapanının işlək vəziyyətdə olduğu aşkar edilmişdir. Bundan sonra qeyd olunan nəticələr 31.10.2018-ci il tarixli ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda, abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, 2016, 2017 və 2018-ci ilin oktyabr ayına qədər iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı müəyyən aylarda digər aylara nisbətdə az, müəyyən aylarda isə ümumiyyətlə qeydə alınmamışdır. Halbuki tərəflər arasında bağlanan müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçının 2016, 2017, 2018-ci ilin oktyabr ayı ərzində müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə heç bir ödəniş etməmişdir. Göstərilən halların heç birini məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı İB ilə X6 arasında bağlanmış 30.08.2018-ci il tarixli, AKX-0022785/08- 2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,10 manat məbləğində müəyyən edilmişdir. 29.08.2018-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən müəyyən olunur ki, iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmiş və qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmişdir. İddiaçı İB-nin Metrologiya Departamentinin 27.10.2018-ci il tarixli rəyində qeyd olunmuşdur ki, G-4 İtron 1202AQ**********1 nömrəli qaz sayğacında xətalar normaya uyğundur. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan piombların yuvalarının ətrafı zədəlidir, yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın klapanı işləkdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii X7nın pozulması haqqında» 31.10.2018-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, X5 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00770) qaz sayğacının klapanının işləmədiyi, nəticədə qaz itkisi yaranması müəyyən edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Aktda istehlakçının imzalamaqdan imtina etdiyi göstərilmişdir. İddiaçı Bakı X9 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31.10.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 9720 m3 (9720 m3 x 0,10 AZN = 972 AZN) qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İddiaçı İstehsalat X1 ünvanladığı 17.07.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yaranmış borc barədə müraciətinə baxılmışdır. Bildirimişdir ki, qeyd etdiyi ünvanın qaz xətti üzərində istismarda olmuş qaz sayğacı 30.08.2018-ci il tarixdə G-4 markalı, əvvəlcədən ödənişli 1802AZ**********55 nömrəli qaz sayğacı ilə əvəz olunaraq çıxarılmış və Dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Çıxarılan qaz sayğacı İddiaçı İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilərkən verilmiş rəyə əsasən «Təbii X7nın pozulması haqqında» 25.12.2018-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə nümunəsi təsdiq edilmiş «X7»nın Əlavə 2-də verilmiş «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi»nin (Müqavilə) 2.1.5-ci yarımbəndinə uyğun olaraq qazın həcminin dəqiq uçotu aparılaraq cərimə deyil, qaz sayğacının qüsurla çalışdığı üçün istehlak olunmuş, lakin uçotu düzgün aparılmamış təbii qazın dəyəri (dəymiş zərər) müəyyən olunmuşdur. Müqavilənin 2.2.5-ci yarımbəndinə əsasən qaz paylayıcısı tərəfindən dəymiş zərərin ödənilməsi İstehlakçıdan tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X7»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Göründüyü kimi, İddiaçı cavabdeh X5 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində ona 972 manat zərərin dəydiyini iddia etsə də, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək qarşılıqlı iddia üzrə cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib, bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Göründüyü kimi, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(011)- 8229/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar