Məhkəmə qərarları › İş №2(103)-2437/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2437/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2437/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh və tərcüməçi X1 qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-816/2025 saylı, 20 fevral 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 6.455 (altı min dörd yüz əlli beş) manat kredit vermişdir.

2. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsinə əsasən 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcu vardır.

3. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişlə sonuncuya borcun ödənilməsi ilə bağlı təklif, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcun və ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, “Bоrcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-816/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilərək Cavabdeh 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat pul və ödənilmiş 87,52 (səksən yeddi manat əlli iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385-ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 6.455 (altı min dörd yüz əlli beş) manat əsas, 296,28 (iki yüz doxsan altı manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6.751,28 (altı min yeddi yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat borcu yaranmışdır. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı xüsusatları müəyyən edilmir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, "xxxx" ASC (ləğv prosesindədir) onun üzərinə 6751,28 manat borc qoyaraq məhkəməyə müraciət etdi. Halbuki, o, müstəqil şəkildə ekspertiza təyin etdirdi və rəsmi ekspert rəyindən aydın oldu ki, nəinki bankın ona qarşı iddiası əsassızdır, əksinə, onun bu banka 6625,20 manat artıq ödənişi var. Bank bilərəkdən ondan əsassız olaraq pul tələb edir və məhkəmə də heç bir araşdırma aparmadan bu haqsızlığa göz yumur. Bəs qanun? Bəs ədalət? Hörmətli hakim, bu sadəcə bir rəqəm deyil - bu, bir insanın haqqıdır, hüquq sisteminə olan inamıdır. Bank açıq-aşkar hüquqdan sui-istifadə edir, o, isə haqqını qorumaq üçün mübarizə aparmalıdır. Əgər bu gün bu haqsızlığa göz yumulsa, sabah hər bir vətəndaş eyni vəziyyətə düşəcək. Hüququn aliliyinə inanır, çünki qanun hamı üçün bərabər olmalıdır - vətəndaş üçün də, bank üçün də. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən, əgər borclu borcun artıq ödənildiyini və ya ümumiyyətlə borclu olmadığını sübut edərsə, kreditorun tələbi rədd edilməlidir. O, kreditorun tələblərini tam şəkildə yerinə yetirib, lakin bank bununla razılaşmaq istəmir və heç bir hüquqi əsası olmayan 2019-cu il tarixli yeni bir müqavilə tərtib edərək süni borc yaratmağa cəhd edir. Bu, açıq-aşkar əsassız varlanma cəhdidir və Azərbaycan Respublikası qanunvericiliyi ilə yolverilməzdir. Bank öz hüquqlarından sui-istifadə edərək onun əmlakını dəyərindən xeyli ucuz satıb, süni borc yaradıb və ona qarşı əsassız tələb irəli sürür. Bu, hüquqdan sui-istifadə və ədalətsiz davranışdır, hansı ki, qanunla qadağandır. Bankla olan münasibətləri çərçivəsində o, mülkiyyətində olan “Nissan Sunny” markalı, 2012-ci il istehsalı olan (amma o, bu maşını salondan 2013-cü il tarixdə yenisini almışdı) avtomobilini bankın nümayəndəsinə verib. Lakin bankın nümayəndəsi bu avtomobili 12 000 ABŞ dolları dəyəri olduğu halda cəmi 3790,75 ABŞ dollarına satmış və həmin məbləği banka ödəmişdir. Burada açıq-aşkar görünür ki, onun əmlakı bilərəkdən və qəsdən dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır, satış prosesi şəffaf olmamış və onun maraqları nəzərə alınmamışdır, nəticədə Bank tərəfindən ona külli miqdarda ziyan vurulmuşdur. Bundan başqa mütəxəssis rəyindən də görünür ki, onun Banka artıq ödənişi var, lakin Bank ondan yenə borc tələb edir. Bu hallar əsassız varlanma kimi qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən, heç bir şəxs başqasının hesabına hüquqi əsas olmadan varlana bilməz. Bank onun əmlakından, ödədiyi pullardan, artıq ödənişdən sui-istifadə edərək özü üçün əsassız mənfəət əldə etmişdir və yenə də əsassız mənfəət əldə etmək istəyir. Ədalət tərəzisi dəqiqlik tələb edir. Hər bir sübutun çəkisi var və bu çəkiyi düzgün ölçmək məhkəmənin borcudur. Lakin hazırkı iş üzrə, məhkəmə mühüm faktiki halları tam aydınlaşdırmadan, ona qarşı iddianı qəbul etməklə, hadisələrin həqiqi axarını gözardı etmişdir. İddiaçının ona qarşı irəli sürdüyü tələb yalnız kağız üzərində bir iddiadır. Halbuki onun təqdim etdiyi mütəxəssis rəyi aydın şəkildə göstərir ki, banka heç bir borcu yoxdur, əksinə bankın ona borcu var. Əgər borc yoxdur, demək, tələb də ola bilməz. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, borcun olmadığı sübut edilərsə, kreditorun tələbi rədd olunmalıdır. Hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bank ona qarşı əsassız borc tələbi irəli sürməklə, hüququn sərhədlərini aşır və sadəcə qanunun boşluqlarından sui-istifadə etməyə çalışır. Bu isə qanunun ruhuna və ədalətinə ziddir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iş üzrə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxmayıb, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olub, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini istisna edir.Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

23. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

24. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasa idi iddiaçı da məhkəməyə müraciət etməzdi. Ona görə də cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

25. Tərəflər arasında əvvəllər kredit münasibətlərinin olması hazırkı iddianın əsassızlığına dəlalət etmir. Çünki hazırkı iddianın əsası kimi çıxış edən xx.xx.2029-cu il tarixli müqavilənin 1.1, 1.2, 1.3 və 1.4-cü bəndində tərəflər bu müqaviləni hansı məqsədlə bağladıqlarını dəqiq razılaşdırıblar. Belə ki, hazırkı müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh Ağaəli oğlu arasında imzalanmış xx.xx.2019-cu il tarixli 99/1600/RES nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiya məqsədi ilə bağlanıb. Borcverən bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana güzəştli şərtlərlə kredit vəsaiti ayırıb, borcalan isə kredit müqaviləsi üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcverənə qaytarmasını öhdəsinə götürüb. Güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktrizasiya məqsədilə borcalana borcverən tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla, 5 il müddətinə verilən kredit başa düşülür. Kreditin valyutası Azərbaycan manatı ilə rəsmiləşdirilib və kreditin ümumi məbləği 6455 AZN təşkil edib. Kredit müqaviləsi üzrə borcalana krediti 16 oktyabr 2024-cü il tarixinədək (60 a ay müddətinə) verilib. Kreditin verildiyi müddətli öhdəçiliyə dair qəbzlə təsdiq olunub və ödəniş cədvəli tərtib edilib. Hər üç sənədi cavabdeh imzalamışdır(i.v.4-11). Düzdü apellyasiya baxışı zamanı cavabdeh imzanın ona məxsus olduğunu təsdiq etsə də, rus dilli olduğu üçün bankda nəyə imza etdiyinin ona izah olunmadığını, yalnız heç bir borcunun qalmadığı barədə sənədlərə imza etməsini ona dedikləri üçün başa düşmədən həmin sənədlərə imza etdiyini göstərdi. Ancaq məhkəmə tərkibi onun bu dəlilini inandırıcı və ağlabatan hesab etmədi. Çünki apellyasiya baxışı zamanı tərcüməçi tələb etdiyi kimi, bankda həmin sənədlərə imza edərkən də bunu edə bilərdi, ancaq etməyib və ya etmək istəməyib yaxud buna zərurət görməyib. Ona görə də cavabdehin müstəqil şəkildə ekspertiza təyin etdirib aldığı rəydə nəinki bankın ona qarşı iddiasının əsassız olduğu, üstəlik onun bu banka 6625,20 manat artıq ödəniş olması barədə dəlillər şikayətin əsaslı olmasına dəlalət etmir.

26. Ona görə də bu cür dəlillərlə bankın deyil cavabdehin hüquqdan sui-istifadə etməsi təsdiq olunur. Çünki əvvəlki kredit münasibətləri üzrə cavabdehin borcu qalmasa idi, yəqin ki, o, yuxarıda qeyd edilən şərtlərlə müqaviləni də imzalamazdı. Kredit müqaviləsini imzalayıbsa, demək ki, öhdəliyinin qaldığını anlayıb və başa düşərək bunu edib. Əvvəlki kredit münasibətləri üzrə avtomobilini bankın nümayəndəsinə verməsi və sonuncunun da həmin avtomobili ucuz qiymətə satması nəticəsində ona zərər vurulmuşdursa, bununla əlaqədar da aidiyyəti üzrə mülki yaxud cinayət mühakimə icraatı qaydasında məhkəməyə yaxud hüquq mühafizə orqanlarına müraciət etmək hüququ mövcuddur. Ona görə də şikayətdə göstərilən digər dəlillər ümumi sözlər olmaqla şəxsi mülahizəyə əsaslandığından onlar qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas sayılmır.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-816/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-816/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar