Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2438/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul etdiyi 22 noyabr 2023-cü il tarixli qətnamədən cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın adından onun ləğvedicisi olan Fond iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-063 nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.678,67 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.602,27 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 507,30 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 483,36 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 165,81 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, 1 saylı bina, blok 1-də yerləşən 7 saylı mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin pul vəsaitinin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən iddiaçı Bankın xeyrinə ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 143 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 22.668,61 manat məbləğində pulu borc götürmüşdür. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Həmin kredit Bank tərəfindən Cavabdeh1 mənzilin "xxxx" ASC-dən alınması üçün verildiyindən, ASC, Banka müraciət edərək borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət vermiş və bununla bağlı Bank ilə borcalan Cavabdeh1 və ASC arasında “Zaminlik müqaviləsi” bağlamışlar. Bunlara baxmayaraq, borcalan Cavabdeh1 və zamin olan ASC yuxarıda qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, Banka olan borcu aybaay və hissə-hissə, yəni “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş qrafikində” əks olunmuş qaydada Banka ödəməmişlər. Nəticədə onların iddiaçı Banka 13.678,67 manat məbləğində əsas kredit borcları, 10.602,27 manat məbləğində “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcları, 507,30 manat məbləğində “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcları yaranmışdır. Borcun ödənilməsinin gecikdirilməsini nəzərə almış Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərinə əsasən 483,36 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank qeyd edilən məbləğlərin ödənilməsi ilə bağlı cavabdehlərə xəbərdarlıq məktubu göndərsə də, cavabdehlər borcu ödəməmişlər. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 165,81 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İş baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 13.678,67 manat, “Kredit müqaviləsi” qüvvədə olduğu müddət üçün əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.602,27 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 507,30 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin (dəbbənin) məbləğinin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 30 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 165,81 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan ilkin satış qiyməti 120,960 manat olmaqla satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, həmin pul vəsaiti borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən iddiaçı Bankın xeyrinə ümumi qaydada tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini, ekspertiza xərcinın ödənilməsi məqsədi ilə 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, borcalan olaraq Cavabdeh1 və zamin olaraq cavabdeh ASC, onlarla Bank arasında bağlanmış müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün həmin müqavilələrin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi rəylə cavabdehlərin iddiaçı Bankın qarşısında iddia ərizəsində göstərilən məbləğlərdə borcunun olması öz təsdiqini tapmışdır. Buna görə də, cavabdehlər kreditor olan Banka olan borcu müştərək qaydada ödəməlidirlər. Lakin nəzərə alınmalıdır ki, Bankın cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etdiyi cərimənin (dəbbənin) məbləği kreditorun həm əmlak, həm bütün əsaslı mənafelərinə nisbətdə tənasübsüz surətdə yüksəkdir. Buna görə də, cərimənin məbləği azaldılmalı və 30 manat məbləğində müəyyən edilərək, cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehlərin Bank qarşısında üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmiş, Banka olan borcu ödəməmişlər. Həmin öhdəliklərin icrasının təminatı olaraq həmçinin Bank ilə Cavabdeh1 arasında bağlanmış “İpoteka müqaviləsi” çıxış edir. Borclular təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Buna görə də, tutma ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməli, həmin pul vəsaiti borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlərdən iddiaçı Bankın xeyrinə ümumi qaydada tutulmalıdır. c) apellyasiya şikayətləri barədə məlumat
5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış “Zaminlik müqaviləsinin” 4.1-ci maddəsinin şərtinə əsasən, zamin olan cavabdeh ASC-nin məsuliyyəti subsidiar məsuliyyət oldu üçün iddiaçı əvvəlcə əsas borcluya qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətlər edildikdən sonra zaminə qarşı tələb irəli sürülə bilər. Lakin qeyd edilən halı nəzərə almamış Rayon Məhkəməsi zaminə qarşı iddianı təmin etməklə həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir.
7. Cavabdeh1 də həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni Bankın xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsinin ləğv edilməsini və iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilərək, ekspert rəyinin alınması və rəyə uyğun olaraq məbləğin müəyyən edilməsini xahiş etmişdir.
8. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank, yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə tutulmasını tələb etdiyi borcun məbləği və Rayon Məhkəməsinin qətnaməsində tutulması qət edilmiş borcun məbləği səhv müəyyən edilmişdir – məbləğlər şişirdilmişdir. Buna görə də, apellyasiya icraatında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və tutulmalı olan borcun məbləği ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. d) apellyasiyanın hədləri barədə məlumat
9. Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsinə baxmayaraq iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi iddianın “yaranmış kredit borcunun Bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” hissəsini təmin etsə də qətnamənin həmin hissələrindən də apellyasiya şikayəti verilməmişdir.
10. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatlar barədə məlumat
11. Cavabdeh ASC-nin nümayəndəsi və Cavabdeh1 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, “Zaminlik müqaviləsinin” 4.2-ci bəndinə əsasən, borclu davamlı olaraq 60 gün kredit ödənişini həyata keçirmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 iş günü ərzində kreditora ödəməyi öhdəsinə götürmüşdür. Fond tərəfindən cavabdeh ASC-yə ünvanlanmış xəbərdarlıq məktubu ilə “Zaminlik müqaviləsinin” 4.2-ci bəndinə əsaslanaraq zamin kimi öhdəliklərin yerinə yetirilməsi tələb edilmişdir. Göründüyü kimi, Bank tərəfindən zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara riayət edilərək borcludan borcun ödənilməsi tələb edilmiş, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarşı iddia qaldırılmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Bankın bu kimi iddiasına oxşar iddialara dair çoxsaylı mülki işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının baxış predmeti olmuş və Ali Məhkəmənin Mülki Kollegiyası həmin işlər üzrə qəbul etdiyi qərarlarda öz mövqeyini nümayiş etdirərək, bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bu kimi yanaşması səhvdir. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh ASC-nin apellyasiya şikayəti əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın rəyini almışdır. Həmin rəydən görünür ki, iddia ərizəsi ilə tutulması tələb olunan borc məbləğləri real borc məbləğindən hətta aşağı qeyd edilmişdir. Buna görə də, Rayon Məhkəməsi cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi həcmində işə baxmış, iş üzrə qətnamə qəbul etmişdir. Bu baxımdan hesab edilməlidir ki, Cavabdeh1 də apellyasiya şikayəti əsassızdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən illik 12 faiz dərəcəsi ilə, 143 ay ərzində, hər ay hissə-hissə borcu qaytarmaq şərti ilə Bankdan 22.668,61 manat məbləğində kredit almışdır.
15. İşdə olan sənədlərdən görünür ki, həmin kredit Bank tərəfindən Cavabdeh1 mənzilin "xxxx" ASC-dən alınması üçün verilmişdir. ASC, Banka müraciət edərək borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zəmanət vermiş və bununla bağlı Bank ilə borcalan Cavabdeh1 və ASC arasında “Zaminlik müqaviləsi” bağlanmışdır.
16. Hazırki apellyasiya baxışının predmetini təşkil etməyən işin halı ondan ibarətdir ki, borcalan Cavabdeh1 ilə iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcalanın öhdəliyinin icra edilməməsi səbəbindən borc yaranmışdır. Bank həmin borcun tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
17. İşə baxmış Rayon Məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrək, həmçinin hesab etmişdir ki, həmin borc Cavabdeh1 və onun Bank qarşısında olan öhdəliklərinə zamin durmuş digər cavabdeh ASC-dən də müştərək qaydada tutulmalıdır.
18. Cavabdeh ASC apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun mövcudluğunu və ya məbləğini deyil, yalnız tələbin hazırki mərhələdə zaminə qarşı irəli sürülməsini mübahisələndirmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, “Zaminlik müqaviləsinin” 4.1-ci bəndinə əsasən onun Bank qarşısında olan məsuliyyəti subsidiar xarakter daşıdığından iddia əvvəlcə əsas borclu olan Cavabdeh1 qarşı irəli sürülməli və təmin ediləcəyi təqdirdə əsas borcluya qarşı tələbin icrası üçün bütün məcburi icra hərəkətləri həyata keçirildikdən sonra zaminə qarşı tələb irəli sürülə bilər.
19. Cavabdeh ASC-nin şikayətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 453.1 və 453.2-ci maddələri təşkil edir ki, həmin maddələrə əsasən, kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.
20. Cavabdeh ASC öz şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
21. İddiaçı isə hesab edir ki, zaminin subsidiar məsuliyyətinin həddi cavabdeh ASCnin istinad etdiyi “Zaminlik müqaviləsinin” 4.1-ci maddəsindən sonra gələn və həmin maddəni açıqlayan 4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin bənddə subsidiar məsuliyyət üzrə cavabdeh ASC-nin öhdəliyi icra etmə vəzifəsinin yaranma məqamı əsas borcluya qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi və məhkəmə qətnaməsinin icrası üçün əsas borclu barəsində məcburi icra vasitələrinin tükənməsi halı deyil, borcun ödənilməsi ilə bağlı əsas borcluya xəbərdarlıq edildikdən sonra gözlənilən müddətdə onun tərəfindən borcun icra edilməməsi nəticəsində öhdəliyin icrası üçün zaminə xəbərdarlıq edilməsi halıdır.
22. Göründüyü kimi subsidiar məsuliyyət daşıyan zamindən öhdəliyin icrasını tələb etmək hüququnun yaranma anı ilə bağlı iş üzrə tərəflər arasında fikir ayrılığı mövcuddur.
23. Məhkəmə hər iki tərəfin dəlillərini araşdıraraq hesab edir ki, mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində təsbit edilmiş əsas prinsipləri rəhbər tutulmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir.
24. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
25. Tərəflər arasında bağlanmış “Zaminlik müqaviləsinin” 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının “Kreditor” qarşısında təminat üsulu “Zaminin” öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir.
26. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Borclu” davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə “Kreditorun” ilk yazılı müraciətinə əsasən “Zamin” “Borclunun” “Kreditora” olan əsas və faiz borcunu 20 iş günü müddətində “Kreditora” ödəməyi öz öhdəsinə götürür.
27. Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli **********481 №-li xəbərdarlıq məktubundan görünür ki, “Zaminlik müqaviləsinin” qeyd edilən bəndinə əsaslanaraq cavabdeh ASC-dən zamin kimi öhdəliklərinin yerinə yetirilməsi tələb edilmişdir.
28. Məhkəmə qeyd edir ki, “Zaminlik müqaviləsində” zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Borclu Cavabdeh1 müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətlərdə borcunu ödəməmiş, bununla bağlı zamin olan cavabdeh ASC-yə ünvanlanmış xəbərdarlıq məktubu ilə Müqavilənin 4.2-ci bəndinə əsasən öhdəliklərini yerinə yetirməsi tələb olunmuşdur.
29. Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.5.). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir (maddə 443.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (maddə 445.7.).
30. Məhkəmə qeyd edir ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə iddiaçı Banka olan borcu qaytarmamaqla Bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh ASC iddiaçı Banka olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da Bank qarşısında pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Odur ki, iddianı qeyd edilən hissədə də təmin etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər iş üzrə qəbul etdiyi qərarında təsbit edilmiş mövqeyə gərə, kreditor olan Bankın tələbi borcalan ilə yanaşı zaminə - "xxxx" ASC-yə də qarşı da əsaslı hesab edilmişdir (məsələn: 2(102)-3925/2022 saylı iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərar).
32. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. ASC-nin apellyasiya şikayəti əsassızdır.
33. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, Bank tərəfindən hesablanmış borcun məbləği və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə göstərilən borcun məbləği reallığı əks etmir, məbləğ şişirdilmişdir.
34. Bununla bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsində tutulması tələb olunan borcun məbləğinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq məqsədi ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və ekspertizanın rəyini almışdır.
35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3079 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli “Kredit müqaviləsi” üzrə, müqavilənin bitmə tarixinə - xx.xx.2022-ci tarixə əsas kredit borcu 13.678,68 manat, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna hesablanmış faiz borcu 11.128,03 manat, “Kredit müqaviləsinin” müddəti bitdiyi tarixdən Bankın verdiyi “Maliyyə arayışının” tarixinə xx.xx.2022-ci il tarixə olan dövr üçün illik 5% ilə hesablanmış faiz borcu 512,95 manat məbləğindədir.
36. Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyi, rəydə göstərilən məbləğlərin iddia ərizəsində göstərilən məbləğlərdən yüksək olmasını və bununla bağlı MPM-in 218.3cü maddəsinin tələblərini nəzərə alaraq cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləği rəydə göstərilən məbləğdə deyil, iddia ərizəsində göstərilən məbləğdə müəyyən etmişdir.
37. Məhkəmə qeyd edir ki, Cavabdeh1 onun Banka olan borcunun daha az olmasını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya başqa mütəxəssisin verdiyi hesablamanı, əlavə ödənişlər etməsinə dair qəbzləri) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını, Mülki Məcəllənin 739.1., 740., 442, 445.1., 445.2.1., 448-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehlərin Banka olan borcunun məbləğinin müəyyənləşdirilməsində səhvə yol verməmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlili əsassızdır.
39. Cavabdeh1 apellyasiya şikayətində Bankın xeyrinə tutulmalı olan borcun miqdarının şişirdilmiş olması bildirildiyi üçün, Məhkəmə, iddiaçı Bankın xeyrinə tutulması qət edilmiş cərimənin məbləğinə də hüquqi qiymət verilməsini vacib bilir və bildirir ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bank, onunla Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” şərtinə əsaslanaraq borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh1 483,36 manat məbləğində cərimə hesablamış və həmin cərimə məbləğinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
40. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi qismən təmin edərək kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin azaldılmasını və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulmasını qət etmişdir.
41. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
42. Göstərilənləri və cərimənin daha aşağı məbləğdə müəyyən edilməsi üçün əsas ola biləcək sübutların apellyatorlar tərəfindən Məhkəməyə təqdim edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
43. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir.
47. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.