Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2441/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2023 saylı 12 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 12343/2022 saylı sığorta ödənişi ilə bağlı aktdan müəyyən edilir ki, “Azərsığorta” DSKŞ-da sığortalanmış “Hyundai Tucson” markalı, 90BJ604 dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Azərsığorta” DSKŞ tərəfindən 8586 manat müəyyən edilmiş, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair” aktda görə “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8586 manat təşkil edir.
3. Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə barədə qərardan müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında “Hyundai Tucson” markalı, 90BJ604 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozmuş, nəticədə Azərbaycan respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzzərdə tutulmuş inizbati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır.
4. Ödəniş qəbzlərinə görə İddiaçı xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixə qədər “Kia Cerato” markalı, 99GA109 dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi üçün günlük 50 manat olmaqla, ümumilikdə 3900 manat ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14296 manat maddi zərərin, 25 avqust 2022-ci il tarixədək icarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş 3900 manat məbləğində pulun və 141 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, 01 iyun 2022-ci il tarixdə saat 10:40 radələrində cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus ** FL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius C” markalı avtomobilə 8586 manat məbləğində faktiki zərər dəymiş və dəymiş zərər nəticəsində nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 6300 ABŞ dolları aşağı düşmüşdür. Nəticədə ümumilikdə cavabdeh tərəfindən 8586 manat + 10710 manat (6300 ABŞ dolları x 1.7 =10710 manat) = 19296 manat zərər vurulmuşdur. Törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Vurulmuş zərərin həcmi "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində 10 iyun 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktla müəyyən edilmişdir. Cavabdehin baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar olması Bakı şəhəri Yasamal rayonu RPİ-nin 03 iyun 2022-ci il tarixli TP ******* saylı qərarında təsbit edilir. Ona məxsus “Toyota Prius C” markalı avtomobildən hazırda Azərbaycan bazarında yoxdur. O, bu avtomobili ABŞ-dan almış və real bazar dəyəri 24000 ABŞ dolları təşkil etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin dəyəri 6000-6500 ABŞ dolları aşağı düşmüşdür. Həmçinin o, işlərinə görə məcbur olaraq avtomobil icarəyə götürmüş və həmin avtomobilin də günlük icarə haqqı 50 manat təşkil edir. Bunun üçün ümumilikdə 3900 manat məbləğində pul ödəmişdir.
7. Məhkəmə Ekpertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8036 manat müəyyən edilir; “Toyota Prius C” markalı 2017ci il buraxılışlı normal vəziyyətdə saxlanılmışdır, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 41000 manat müəyyən olunur; 2017-ci il buraxılışlı “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % (41000 manat) aşağı olması istisna edilir.
8. Rəiyn “Qeyd” hissəsində göstərilmişdir ki, dəyişilməli ehtiyat hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə, onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 yanvar 2023-cü il tarixli 2(004)-110/2023 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, cavabdehdən 7136 (3036+4100) manat vurulmuş maddi zərər və 3900 manat icarə haqqı olmaqla, cəmi 11036 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91,87 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 49,13 manatın (141-91,87=49,13) iddiaçıya aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabının ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmçinin məhkəmə araşdırması zamanı cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi və vəkili də yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə zərər dəydiyini qəbul etmişdir. Cavabdehin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulması təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır.
11. Məhkəmə göstərmişdir ki, “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən edilməsi, eləcə də avtomobilin əmtəə dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, təqdim edilmiş Məhkəmə Ekpertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6682 saylı rəyi sübut kimi götürülməlidir. Belə ki, məhkəmə tərəfindən həmin rəyin əsaslılığını şübhə altına alan hallar müəyyən edilməmiş, cavabdeh ekspertin qərəzli, qeyri-obyektiv olmasına, avtomobilə dəymiş zərərin real həcmi deyil, şişirdilmiş məbləğ göstərməsinə (avtomobilin daha az pul vəsaiti hesabına keyfiyyətli şəkildə təmir edilməsinin mümkünlüyünə) dair sübutları məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, avtomobilin təmir-bərpa xərci ekspert rəyinə əsasən 8036 manat müəyyən edilməlidir. Bununla belə iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin ödənişi də nəzərə almaqla (8036-5000=3036) yerdə qalan məbləğ, yəni 3036 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmalıdır. Digər tərəfdən, istinad edilən ekspert rəyində “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanıldığı, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 41000 manat olması və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmışdır, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin 10 % məbləği (41000x10:100=4100) 4100 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən edilməlidir.
13. Məhkəmə iddia tələbini icarəyə götürülmüş avtomobilə görə ödənilmiş 3900 manat pulun cavabdehdən tutulması hissəsində də əsaslı saymışdır. Belə ki, iddiaçı baş vermiş hadisə ilə bağlı avtomobilindən istifadə edə bilməmiş və yeni nəqliyyat vasitəsi icarəyə götürməklə zəruri xərclər çəkmişdir ki, həmin xərclər məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq yaranmışdır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1108.1, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3, 103.1,14.2, 77.1, 217.4, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyi "xxxx" MMC-nin qüsur aktını olduğu kimi köçürmüşdür. "xxxx" MMC-nin bu akta heç bir aidiyyəti yoxdur. Qüsur aktında avtomobilin təmirinə xərclənmiş məbləğlər kəskin şişirdilmişdir. İcarəyə götürülmüş nəqliyyat vasitəsinə görə ödənilmiş məbləğin tələb edilməsi də əsassızdır, heç bir sübutla təsdiq edilmir. İddiaçı istifadəsində başqa bir avtomobil var və icarəyə avtomobil götürülməsinə ehtiyac yox idi. Automile Rent a Car adlı hər hansı fiziki və ya hüquqi şəxs Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmamışdır, belə bir şirkət mövcud deyildir. İNVOİCE adlı “sənədlər” ödənişi, yəni ödənişin mədaxil edilməsini təsdiq etmir. BDYPİ-nə sorğu verilərək icarəyə götürülmüş ** GA *** nömrəli “KİA CERATO minik” markalı avtomobili barədə məlumatlar istənilmişdir. Baş Dövlət Yol Polisi İdarəsindən aldığı xx.xx.2023 tarixli məktubdan və informasiya bazasından çıxarışdan aydın olur ki, həmin avtomobil heç bir zaman İddiaçı istifadəsində olmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apelyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
19. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə cavabdehin apelyasiya şikayəti həddində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Göründüyü kimi yol nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli olmuş və bunun nəticəsində iddiaçının avtomobilinə zərər vurulmuşdur.
34. Hadisə nəticəsində “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər "xxxx" MMC tərəfindən 8586 manat müəyyən edilmiş, İddiaçı 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
35. Cavabdeh tərəfindən "xxxx" MMC tərəfindən verilmiş qüsur aktı mübahisələndirilmişdir.
36. Kollegiya tərəfindən işin hərtərəfli araşdırılması məqsədi ilə "xxxx" MMC ilə əməkdaşlıq edib-etməməsi, “Toyota Prius C” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin təmir servisində təmir olunub-olunmaması, müsbət halda təmirə çəkilmiş xərclər barədə ətraflı məlumatın, həmçinin qeyd edilən sığorta hadisəsi ilə bağlı sığorta işinin təsdiq olunmuş surətinin əldə edilməsi üçün “Azərsığorta” DSKŞya xx.xx.2023-cü il tarixli sorğu ilə müraciət edilmiş və Dövlət Sığorta Kommersiya Şirkətindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icrbari sığortası” növü ilə sığortalanmış “Hyudai Tucson” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius C minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində “Toyota Prius C minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən 8586,00 manat məbləğində müəyyən edilmişdir. “Toyota Prius C minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3 dəymiş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişinin verilməsinə razılığını bildirmiş, xx.xx.2022ci il tarixli 41112 nömrəli ödəniş tapşırığına əsasən “Toyota Prius C minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına tam olaraq köçürülmüşdür. Həmçinin "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 2 nömrəli “Xidmət müqaviləsi”, nəqliyyat vasitəsinin zərərinə dair akt, ödənişin təsdiqinə dair sığorta aktı və ödəniş tapşırığı əlavə edilmişdir.
37. Ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci 8036 manat müəyyən edilmiş, məhkəmə tərəfindən isə iddiaçıya ödənilmiş 5000 manat məbləğində sığorta ödənişi nəzərə almaqla (8036-5000=3036) yerdə qalan məbləğ, yəni 3036 manat cavabdehdən vurulmuş real zərərin əvəzi kimi tutulmuşdur.
38. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında ön sol qanad – 820 manat, ön sol qapı – 1910 manat, sol fara – 3700 manat qiymətləndirilmiş, ekspert rəyində isə ön sol qanadın 820 manat, ön sol qapının 1910 manat, sol faranın isə 3150 manat olduğu göstərilmişdir.
39. Kollegiya tərəfindən Toyota Bakı Mərkəzinə “Toyota Prius C minik” markalı 2017-ci il buraxılışlı nəqliyyat vasitəsinin ehtiyyat hissələri olan ön sol qanad, ön sol qapı və sol faranın 2022-ci il üzrə və hazırki vaxta satış qiyməti barədə məlumatın, hazırda satışda olmadığı halda sifarişlə alınan qiyməti barədə məlumatın verilməsinə dair sorğu verilmiş və sorğuya verilmiş 2-ci cavab məktubunda göstərilmişdir ki, “Toyota Prius C” markalı JTDKDTB32J1608359 (iddiaçıya məxsus avtomobilin ban nömrəsi) ban nömrəli avtomobil üçün ön sol qanad – 250 manat, ön sol qapı – 850 manat və sol fara - 2000 manat təşkil edir.
40. Kollegiya hesab edir ki, avtomobilin qeyd edilən bu ehtiyyat hissələrinə aid hissədə (ön sol qanad, ön sol qapı və sol fara) Toyota Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlər daha real olduğundan vurulmuş zərər məbləği müəyyənləşdirilərkən həmin məbləğlər əsas götürülməlidir.
41. Ön sol qanad ekspert rəyi ilə 820 manat müəyyən edildiyi halda Mərkəz tərəfindən qiymətinin 250 manat, ön sol qapının ekspert rəyi ilə 1910 manat, Mərkəz tərəfindən isə 850 manat, sol faranın ekspert rəyi ilə 3150 manat, Mərkəz tərəfindən isə 2000 manat olduğu göstərilmişdir.
42. Odur ki, daha real və ağlabatan qiymətlər olduğu üçün Toyota Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlər əsas götürülməklə bu hissədə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməlidir.
43. Belə nəticəyə gələn Kollegiya xüsusi olaraq onu da nəzərə alır ki, iddiaçı həmin ehtiyat hissələrinin hansı qiymətə və haradan alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Müxtəlif internet resurslarındakı qiymətlər də nəzərdən keçirildikdə, məhz Toyota Bakı Mərkəzi tərəfindən verilmiş qiymətlərin daha real olduğu aydın olur.
44. Ekspert tərəfindən avtomobilin təmir-bərpa xərci 8036 manat müəyyən edilmişdir.
45. Yuxarıda sadalanan 3 ehtiyyat hissəsinə aid Kollegiya ekspert rəyi ilə müəyyən edilmiş məbləği əsas götürmədiyindən ümumi məbləğ 5256 manat (250+850+230+360+2000+50+66+500+700+150+100) müəyyən edilir. Həmin məbləğdən isə iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 256 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Ekspert tərəfindən “Toyota Prius C” markalı, 2017-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmasını, istifadəyə yararlı avtomobilin (qəzadan əvvəlki vəziyyətdə) orta bazar qiymətinin təxminən 41000 manat olmasını və avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınaraq əmtəə dəyərinin normal vəziyyətdə, qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % aşağı olması istisna edilmədiyi müəyyən edildiyindən, məhkəmə haqlı olaraq 4100 manat avtomaşının itirilmiş əmtəə dəyəri kimi müəyyən etmişdir. Bu hissədə cavabdehin dəlilləri əsassızdır.
47. İcarəyə götürülmüş avtomobilə münasibətdə cavabdehin dəlillərinin araşdırılması məqsədi ilə müvafiq sorğular verilmiş, DİN BDYPİ tərəfindən verilmiş soğruya cavab məktubunda göstərilmişdir ki, “KİA CERATO” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi 569651 nömrəli hesab-arayış əsasında X2 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə nəqliyyat vasitəsinə mülkiyyətçisi dəyişdirilmədən AD 372850 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. Əlavə edilmiş komputer çıxarışından müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə etibarnamə ilə “AutoMile”-a nəqliyyat vasitəsindən istifadə hüququ verilmişdir.
48. "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, “KİA CERATO minik” markal **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30 aprel 2018-ci il tarixli ƏN-İ 717843 nömrəli etibarnamə əsasında "xxxx" MMC-nin sərəncamında olmuşdur. Vətəndaş İddiaçı 02 iyun 2022-ci il tarixdən 25 avqust 2022ci il tarixədək həmin nəqliyyat vasitəsini icarəyə götürmüş və icarə haqqını (3900 manat) tam olaraq ödəmişdir. Vətəndaş İddiaçı "xxxx" MMC-yə 18 aprel 2023-cü il tarixə hər hansı bir borcu yoxdur. Müqavilələrin, yol vərəqələrinin, ödəniş qəbzlərinin və təhvil qəbul aktlarının təsdiq olunmuş surəti əlavə edilmişdir.
49. X4 tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə “KİA CERATO minik” markalı KNAFX411BE5112676 ban nömrəli 2013-cü il buraxılışlı 99GA109 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməsi etibar edilmişdir.
50. İddiaçı tərəfindən avtomobilin icarəyə götürülməsi və 3900 manat icarə haqqı ödənilməsi təsdiq edildiyindən cavadehin dəlilləri əsassız hesab edilməklə qətnamənin bu hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-110/2023 saylı iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi cavabdehdən avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə tutulmalı olan məbləğə aid hissədə dəyişdirilsin və Cavabdeh avtomobilə vurulmuş maddi zərərə (təmir xərcinə) görə tutulmalı olan məbləğ 256 manat müəyyən edilsin və tutulan ümumi məbləğ 8256 manat (256+4100+3900) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə, həmçinin məhkəmə xərclərinə aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.