Məhkəmə qərarları › İş №2(103)-2441/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2441/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2441/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2441/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-865/2024 saylı, 15 yanvar 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il GTZK1770425B299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 18.5 % dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə Cavabdeh ilə elektron qaydada bağlanmış xx.xx.2023-cü il GTZK1770425B299 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 18.5 % dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər müvafiq olaraq, tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışlardır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il GTZK1770425B299 saylı Kredit müqaviləsinə əsasən 2000 manat “əsas”, 194.78 manat “faiz”, cəmi 2194,78 manat borcu yaranmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(006)- 865/2024 saylı qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il GTZK1770425B299 saylı Kredit müqaviləsinə əsasən 2000 manat “əsas”, 194.78 manat “faiz”, cəmi 2194,78 manat və ödənilmiş dövlət rüsumuna görə 41.95 manat alınaraq, İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 216-220, 233, 284-5.3, 284-6 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırki iş üzrə mübahisənin yazılı icraat qaydasında baxılması işin mahiyyəti üzrə həllinə maneə törədir. Belə ki, iş üzrə müvafiq məhkəmə iclası keçirilmədiyindən, cari situasiya da cavabdehin iddia tələbinə bilavasitə etiraz və tələblərini məhkəməyə bildirməsi mümkünsüz hala gəlmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçı hər hansı kredit götürülməsi üçün ünvanlanmış müraciət edilməmişdir. Lakin bununla belə cavabdeh öz növbəsində prosedurun onun dələduzluğa məruz qalaraq, üçüncü şəxslər tərəfindən onun adından törədilməsi istisna olunmur. Bununla bağlı aidiyyatı hüquq-mühafizə orqanlarına tərəfindən müraciət edilmiş və nəticədə hazırki tələblə bağlı istintaq prosedurları davam etməkdədir. Qeyd olunanlardan göründüyü kimi, iş üzrə müvafiq prosedur başa çatmadan qətnamə çıxarılması tamamilə əsassız olduğundan, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394- 1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında şifahi qaydada baxılmasını məqsədəmüvafiq hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən bildirilmişdir ki, cavabdehlə mübahisələndirilən müqavilə “online” qaydada bağlanılmışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, şirkətlə aidiyyatı müqavilə bağlanılmasının 3 forması mövcuddur (Şəxsən yaxınlaşmaqla, zənglə və online qaydada). Cavabdeh “online” qaydada bağlamaq üçün müvafiq prosedurları şəxsən icra etməlidir. Belə ki, “SİMA” elektron imza vasitələrinin tətbiqi, videoqeydiyyat, iddiaçı şirkət tərəfindən onlara göndərilən “linkə daxil olmaqla təsdiq etmə” və s. Göründüyü kimi prosedur ciddi nəzarət tədbirlərinin müşayiəti altında təkcə özünü təqdimetmə ilə kredit götürülməsinin absurtluğunu ehtiva edir. Həmçinin qeyd olunmasını zəruri hesab edir ki, apellyasiya şikayətində qeyd olunan “dələduzluq” faktları üzrə iddiaçı heç bir məsuliyyət daşımamaqdadır.

11. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən caavbdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;

14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;

15. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;

16. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə müvafiq qərardad qəbul etməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Kollegiya hesab edir ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

31. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il GTZK1770425B299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 48 ay müddətində, xx.xx.2024-ci il tarixədək qaytarmaq, kreditdən istifadəyə görə illik 18.5% faiz ödəmək şərtilə 2000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür.

32. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdehnın xx.xx.2023-cü il GTZK1770425B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə 2000 manat “əsas”, 194.78 manat “faiz”, cəmi 2194,78 manat borcu vardır.

33. Birinci və apellyasiya instansiyası məhkəmələrində aparılan araşdırma zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, kreditor borcalan Cavabdeh xx.xx.2023-cü il GTZK1770425B299 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya 2000 manat “əsas”, 194.78 manat “faiz”, cəmi 2194,78 manat borcu ödənilməmiş qalmışdır.

34. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.

35. Apellyasiya şikayətində irəli sürülən, müqavilənin onun formal iştirakı ilə yəni, üçüncü şəxslərin hüquqazidd davranışı ilə müşayiət olunan hərəkətləri ilə bağlanılması və hazırda həmin şəxslər barəsində istintaq tədbirlərinin getməsi ilə əlaqədar onun hüquqlarının pozulması dəlili ilə bağlı kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh hər nə qədər kreditin götürülməsi prosedurunun onun tərəfindən aparılmadığını bildirsə və videoçəkilişə başqa məqsədlərlə razılıq verdiyini qeyd etsə də, elektron formada kredit müraciətinin edilməsi üçün sadəcə videoçəkiliş deyil, digər şəxsi məlumatların da mobil tətbiqə daxil edilməsi və digər müvafiq eyniləşdirilmə məlumatlarının da təqdim edilməsi zəruridir. Bu cür məlumatlar isə şəxsin özünə aid məxfi məlumatlardır və onun qəsdən və ya ehtiyatsızlıqla başqa şəxslərə təqdim edilməsi ilə bağlı məsuliyyəti həmin şəxsin özü daşımalıdır.

36. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTZK1770425B299 saylı kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.

37. Həmçinin Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

38. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin ona məxsus şəxsi məlumatların təqdim edilməsi, təhlükəsizlik qaydalarına lazımi qaydada əməl etməməsi nəticəsində əldə etdiyi kreditin müqaviləyə uyğun şərtlərlə qaytarılmasını tələb etmək Bankın hüququdur.

39. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin qeyd etdiyi halların həqiqiliyi və buna istinadən istintaq tədbirlərində, həqiqətən, cavabdeh tərəfindən bilavasitə yox, digər şəxslərin qanunazidd davranışı ilə Cavabdeh ziyan dəyməsi istisna edilmir. Belə ki, cari vəziyyətdə iddiaçının hər hansı bir hüquqazidd addımlarla cavabdehi müqavilə bağlanılması həm cavabdehin apellyasiya şikayətində, eləcə də məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, müqavilə tamamilə əsaslıdır. Lakin, kollegiya hesab edir ki, istintaq tədbirlərinin yekunlaşması və əlaqəli şəxslər barəsində cinayəthüquqi tədbirlərin görüləcəyi təqdirdə cavabdehin ona dəymiş zərəri həmin şəxslərdən tələb etmək hüququ vardır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

47. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən əsas maddi ziyan tələbinə dair iddianın məbləğin qiyməti beş min manatdan az olduğundan və mənəvi ziyan tələbinin təmin edilməsi məhz ilk tələbdən asılı olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-865/2024 saylı iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar