Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2448/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli qərardadından cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən əsas borcun əvəzi olaraq 48.750 manat, əsas borca hesablanmış faiz borcunun əvəzi olaraq 5.078,12 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə, həmçinin cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 həmin Sistemdə yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Vəkil (nümayəndə) Vəkil2 məhkəmə qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verməklə faktiki olaraq apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş, həmçinin apellyasiya şikayəti verərkən ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsini apellyasiya şikayətinə əlavə etməmişdir. Qeyd edilən hallar MPM-in 363-cü maddəsinə uyğun olaraq apellyasiya şikayətinin geri qaytarılması üçün müəyyən edilmiş əsaslardan biridir. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Məhkəmə şikayətin dəlillərini formal xarakterli hesab edərək qeyd edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddətinin başlanğıcı qətnamənin onun nümayəndəsi olan vəkili Vəkil2 rəsmi qaydada təqdim edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cavabdeh vəkili (nümayəndəsi) vasitəsilə qətnaməni rəsmi qaydada almış və həmin vəkil (nümayəndə) vasitəsilə də apellyasiya şikayəti vermişdir. MPM-in 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə görə, Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər həmin İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində” yerləşdirilir və onlara bu barədə məlumat həmin Sistem vasitəsilə elektron qaydada çatdırılır. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 verdiyi şikayət təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2448/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2448/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver