Məhkəmə qərarları › İş №2(103)-2449/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2449/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2449/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətlər üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15 mart 2023-cü il tarixdə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmiş, iş icraatda olarkən 19 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi məktubla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 164/2024 saylı işi üzrə Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2024 saylı işi üzrə 22 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilmiş, Cavabdeh apellyasiya şikayətinin və müddətin bərpası ərizəsinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə 23 fevral 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2680/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Diqqətə çatdırılmalıdır ki, işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Belə ki, ilk olaraq prosessual müddətlərə dair məsələyə son qoyulmaması və bütün proses iştirakçılarının şikayət vermə hüququn təmin edilməməsi apellyasiya baxışının hədlərini müəyyən edən xüsusat olaraq qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və hazırki verilən şikayətə digər şəxslərin şikayət vermə hüququnun təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Qeyd edilən məsələ bir daha birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş məktubla da öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına xx.xx.2023-cü il tarixində daxil olmuş məktubda qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinin tələblərinə əsasən: Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və bu məhkəmə müdafiəsi hüququ, hüquqdan sui-istifadəyə məruz qalaraq, digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2680/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar