Məhkəmə qərarları › İş №2(103)-2450/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2450/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2450/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), X28 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili X11, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-757/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06 sentyabr 1999-cu il tarixli əlyazmada göstərilmişdir ki, X7 Əhmədli sakini Cavabdeh1 həyətyanı sahəsinin 8 m eni, 9 m uzunluğunda torpaq sahəsinin 900 ABŞ dolları qiymətinə onun ailə üzvlərinin razılığı ilə alır. (əlyazma Cavabdeh1 – ev sahibi, Cəfərova Məhəbbət - həyat yoldaşı, Cəfərov Namiq – oğlu, Ağayeva Sitarə tərəfindən imzalanmışdır).

2. Əhmədli qəsəbəsi sakinləri – X32, X9, X31 tərəfindən tərtib edilmiş 03 sentyabr 2004-cü il tarixli aktın surətindən görünür ki, 1-ci Əhmədli küçəsi 16b nömrəli evdə qonşuluqda X25 1999-cu ildən həmin vaxta qədər qeydiyyatsız olaraq yaşamışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X13 Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyi ilə əlaqədar ərizəsi təmin edilmiş, Xətai Rayon Polis İdarəsinin X16 Bakı şəhəri 1-ci Əhmədli küçəsindəki 16 A №-li evə qeydiyyata almaqdan imtinası əsassız hesab edilmiş, Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin üzərinə X16 Bakı şəhərinin 1-ci Əhmədli küçəsindəki 16 A №-li evə qeydiyyata almaq vəzifəsi qoyulmuşdur.

4. Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu Abıyeva G.Ə tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X25 ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

5. X25 16 may 2016-cı il tarixdə, Cavabdeh1 08 sentyabr 2000-ci il tarixdə vəfat etmişdir.

6. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 avqust 2016-cı il tarixli arayışın surətindən görünür ki, X25 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, mərhum 1-ci Əhmədli küçəsi, 16 a №-li evdə ölən günə qeydiyyatda olmaqla yaşamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 24 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 9 iyun 2023-cü il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış əmlka obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən səndələrin Siyahısı” na uyğun müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.

8. Bakı şəhəri 16 saylı Notariat Kontorunun notariusu Abıyeva G.Ə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 16 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X25 xx.xx.2016-cı il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasından tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

9. Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən İddiaçı “xx.xx.2023-cü il tarixli müraciətinə dair” ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətə tam təfsilatı ilə araşdırılmışdır. Məlumdur ki, mərhum X4 Elşad Ağacanoviçin adına vəsiyyətnamə qoymuşdur. Miras qoyan Sitarə Ağayevanın vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Lakin miras qoyan S.Ağayevanın adına müvafiq qaydada dövlət qeydiyyatına alınmış hər hansı bir daşınmaz əmlak haqqında çıxarış müəyyən olunmamışdır. Hazırda ərizə qeyd edilən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə aid miras qoyan X15 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud deyildir. Belə olan halda vərəsəlik şəhadətnaməsi yalnız konkret əmlak üzrə verilir və vərəsələr tərəfindən həmin əmlak üzrə miras qoyanın qanuna müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Belə ki, “Notariat haqqında” AR Qanununun 27-ci maddəsinə əsasən Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Bundan başqa “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 95-ci bəndinə əsasən Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.) qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Həmin Təlimatın 104-cü bəndinə əsasən Notarius vəsiyyət üzrə vərəsəlik hüququ şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ şəxslər olub-olmadığım aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini təsdiq etmiş notariat ofisində yoxlayır. Həmin. Təlimatın 107-ci. bəndinə əsasan Miras tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı «Elektron notariat» informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Odur ki, göstərilənlər nəzərə alınaraq İddiaçı adına ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir.

10. Bakı şəhəri 49 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş X2 **********665 saylı 28 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, **********20000 saylı qaz abonent kodunun Cavabdeh2 adına keçirilməsinə etiraz etməmişdir.

11. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən X2 **********021 saylı 02 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evini – Cavabdeh2 24000 manata satmışdır. Həmin məbləği tam olaraq almışdır. Gələcəkdə onun bu əmlak barədə heç bir iddiası və tələbi olmayacaqdır.

12. Bakı şəhəi 18 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən X5 **********022 saylı 02 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evini – Cavabdeh2 satılmasına razıdır. Gələcəkdə onun bu əmlak barədə heç bir iddiası və tələbi olmayacaqdır.

13. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən "xxxx" ASC və "xxxx" ASC-yə verilmiş 04 noyabr 2019-cu il tarixli arayışların surətindən görünür ki, Cavabdeh2 1-ci Əhmədli küçəsi ev 16A ünvanında qeydiyyatsız yaşayır.

14. "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, ünvan 7 ünvanında yerləşən sayğac (abunə **********2021D) Cavabdeh2 adınadır.

15. “Azəriqaz” İB-nin abonent saldosundan görünür ki, ünvan 6 ünvanında yerləşən sayğac (abonent kodu **********20000) Cavabdeh2 adınadır.

16. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin 12 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 DİN-in 102 xidmətinə verdiyi məlumat və X17 müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyəti əməkdaşına verilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokurorluğuna göndərilmişdir.

17. X1 ilə alıcı Cavabdeh2 arasında şahidlərin (Ziba Hümmətova, Esmira Hüseynovanın) iştirakı ilə bağlanmış evlərin alqı-satqısı haqqında 26 oktyabr 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satış qiyməti 25000 manat müəyyən edilmiş, alıcı tərəfindən 1000 manat beh verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X25 arasında Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, Cavabdeh2 ünvan 8 ünvanda 45.76 kv.m sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi, ev 16 Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 aprel 1987-ci il tarixdə qeydiyyatdan keçmişdir. 06 sentyabr 1999-cu il tarixdə Cavabdeh1 ilə X6 arasında notarial qaydada rəsmiləşdirilməyən alqı-satqı müqaviləsi imzalanmışdır. X6 tərəfindən orda ev inşa olunmuş, vəfat etdiyi 16 may 2016-cı il tarixədək həmin evdə yaşamış, kommunal xidmətlər 16a saylı ünvan kimi bacısının adına olmuş, Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2004-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin edilərək Xətai rayon Polis İdarəsinin üzərinə X16 Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə qeydiyyata almaq vəzifəsi qoyulmuşdur. X38 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş və Bakı şəhəri 16 saylı notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamədən görünür ki, bütün əmlakını ona vəsiyyət etmişdir. ünvan 10 ünvanladığı məktudan görünür ki, ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və evə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRX Bakı şəhəri Ərazi idarəsi tərəfindən evin və torpaq sahəsinin hüquqmüəyyənedici sənəd tələb edilmişdir.

20. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə izahatında göstərmişdir ki, mübahisəli evin inşa edilməsi gec başlanılmışdır. Cavabdehlər onun qohumu deyildir. X3 10000 manat vermiş və bu evi inşa etdirmişdir. Bacısı onkoloji xəstə olmuşdur. İddiaçı buna görə bacısını iki dəfə xarici ölkəyə göndərmişdir. Bu hadisələr 2004, 2008-ci illərdə baş vermişdir. İddiaçı bacısını qanuni şəkildə həmin mənzilə qeydiyyata saldırmışdır. Bacısı orada 20 ilə yaxın yaşamışdır. Bu ev onun bacısının halal evi olmuşdur. Bacısı ona evi satıb, yarısını borclarına ödəməsini, qalanını da dörd övladı arasında bölməsini bildirmişdir. Çıxarış bacısının adına olmuşdur. Vərəsəlik işi açılmışdır. Vəsiyyətnamə iddiaçıya verilmişdir. Bacısı ölməmiş cavabdehlər qapını sındıraraq evə daxil olmuşlar. İddiaçı həmin evə bir dəfə polis və mühəndislə getmişdir. Onun evə dair çıxarışı var, evin qeydiyyata alınması üçün Prezidentin sərəncamını gözləyirlər.

21. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıran halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, yalnız qanunvericiliyin tələblərini formal sadalamaqla kifayətlənmişdir. Hətta maddi hüquq normalarının yaranmasının 1999-cu ilə aid olaraq Azərbaycan SSR Mülki Məcəlləsinin normalarının tətbiq olunmasını qanunauyğun hesab etmişdir. Lakin iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbini irəli sürməsi belə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində iddiaçının X6 tərəfindən evin inşa olunması, orada yaşamasını, kommunal xidmətlərinin bacısının adında olması, hətta bacısının 2016-cı il tarixdə rəhmətə getməsini etiraf etmiş, həmin ünvandakı evin iddiaçıya heç bir aidiyyəti olmadığını iddiaçı özü iddia ərizəsində birbaşa təsdiq etmişdir. Belə ki, alqı-satqı müqaviləsinin tərəfi rəhmətə getdiyi zaman alqı-satqı müqaviləsinin bağlanmasının məhkəmədən iddia etməsi absurd tələb olmaqla yanaşı qanuna ziddir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanun tələbindən aydındır ki, alqı-satqı müqaviləsinin tərəfləri mövcud deyil, mövcud olmayan tərəfin adından məhkəmənin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi də qanuna zidd hesab olunmalıdır. Belə ki, öhdəlik münasibətləri tərəflərin könüllülük prinsipinə əsaslanır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Qeyd olunduğu kimi iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmadığı halda, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi adı ilə iddia tələbi də əsassızdır, belə ki, alqı-satqı müqaviləsinin bağlanmasını məhkəmədən tələb etməsinə onun nə hüququ, nə də vəzifəsi vardır. İlk növbədə iddiaçının bu tələblə məhkəməyə müraciət etməsi, məhkəmə bir növ öhdəlik qoyması, bunu onun qanuni vərəsə olması və bacısından ona vəsiyyətnamənin olması əsaslanması da əsassız hesab olunmalıdır. İddiaçı alqı-satqı müqaviləsini sağlığında tərəfi ola biləcək bacısının qanuni vərəsəsi kimi məhkəməyə öhdəlik qoya bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qardaş ikinci növbədə olan vərəsə kimi hətta mərhum bacısının övladlarının olması qardaşın qanuni vərəsə kimi iddia etməsini istisna edir. Bundan başqa iddiaçının məhkəmədə Cavabdeh2 və digər cavabdehə qarşı irəli sürdüyü iddianın qanunauyğun olub-olmaması müəyyən edilməli, eləcə də iddiaçının cavabdehlərə qarşı subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata kecirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə mudafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata kecirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu muəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İdddiaçı cavabdehlərə qarşı ünvan 11 evə dair xx.xx.1999- cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh2 ünvan 11 ünvanda 45.76 kv metr sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, iddiaçının həmin evə köçürülməsini barədə iddia tələbi etməsi belə subyektiv hüququ olmadığı halda bunu etmiş, məhkəmə iddia ərizəsini icaatına qəbul edərkən iddiaçının MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etmədiyi halda, yəni digər cavabdeh rəsmi ünvanı, onun şəxsiyyəti eyniləşdirmə imkan verən məlumatlar olmadan icraata qəbul etmişdir. Digər Cavabdeh1 barəsində iddia ərizəsində məlumatlar mövcud deyil, hətta onun hər hansı bir yerdə qeydiyyatda olub-olmaması barədə məlumatlar düzgün deyildir. Cavabdeh2 sahibliyində, istifadəsində olan evin ünvanı yazmaqla iddiaçı bir növ məhkəməni aldatmağa çalışmışdır. Qeyd olunduğu kimi mübahisəli ev Cavabdeh2 məxsusdur, həmin evin dəyərini 2019-cu il tarixdə ödəməklə əldə etmiş, həmin evdə ailəsi ilə birgə köçüb yaşamağı, kommunal xidmətlərin ödəməyi işin mübahisəsiz halıdır. Həmin evi Cavabdeh2 2019-cu il tarixində iddiaçının bacısı olan X15 övladlarına dəyərini ödəməklə almışdır. Həmin evdə yaşayır, onun evinə aid olmayan şəxsin evinə soxularaq ondan yalandan evi sənədləşdirmə adı ilə sənədlərini əldə edərək ona qarşı hazırkı tələblə çıxış etməsi, onun evinə iddia etməsini, yəni iddiaçının subyektiv hüququ olmadan onun evinə köçürülməsi qeyri-mümkündür və mülki qanunvericiliyin tələblərini kobud qaydada pozmuş olur.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(011)- 757/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

23. Qətnamənin əsaslarına görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 8 ünvanda 45.76 kv.m sahədən ibarət özbaşına tikili olan fərdi yaşayış evinə İddiaçı X38 məhkəmə qətnaməsi əsasında qeydiyyata düşməklə ölən günə qədər yaşamışdır. X4 Elşad Ağacanoviçin adına 2016-cı il tarixdə vəsiyyətnamə qoyaraq, ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 16 may 2016-cı il tarixdə X25 vəfat etmiş və həmin məqamda qanun üzrə birinci növbədən dörd övladı vərəsə olmuşdur. Miras qoyan Sitarə Ağayevanın vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, lakin ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə aid miras qoyan X15 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmamışdır. Mübahisəli mənzil 2019-cu ildə mərhum X19 oğlu X8 tərəfindən Cavabdeh2 25000 manata satılmışdır. X2 və onun qardaşı X5 notarial təsdiq olunmuş ərizələrindən görünür ki, onların ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi barədə heç bir iddiası və tələbi olmayacaqdır. Hazırda ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi Cavabdeh2 ailə üzvləri ilə birlikdə faktiki sahibliyində və istifadəsindədir. X4 Elşad Ağacanoviçin adına 2016-cı il tarixdə vəsiyyətnamə qoyaraq, ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etsə də, X25 vəfat etdiyi məqamda mülkiyyətində hər hansı daşınmaz əmlak, o cümlədən iddianın predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evlə bağlı hər hansı hüquqları müəyyən edilməmişdir. Bununla yanaşı X15 qanun üzrə birinci növbədən dörd övladı vərəsə olmuşdur. İddiaçı vəsiyyətnaməyə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqısatqı müqaviləsinin bağlanmış hesab olunmasını xahiş etsə də, X15 həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 1133.2,1134.1, 1159.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə Mülki Məcəllənin 335-ci maddəsin tələblərini nəzərə almamış, iş üzrə səhv nəticəyə gəlmiş Cavabdeh1 əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığı müəyyən olunduğu halda maddi hüququ normalarını düzgün tətbiq etməmişdir. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə hazırkı iş üzrə əvvəlki MM-in tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, 43-cü maddəsini isə düzgün şərh etməyərək Cavabdeh1la S.Ağayeva arasında alqı-satqı müqaviləsini bağlanmış hesab etməmişdir. Məhkəmə öz qətnaməsində hüquq münasibətlərinin 1999-cu il tarixdən yarandığına əhəmiyyət verməmiş, əvvəlki Mülki Məcəllənin maddələrini tətbiq etməmişdir. Məhkəmə iş materiallarında olan 06 sentyabr 1999-cu il tarixli müqavilədə göstərilənlər üzrə hər hansı araşdırma aparmamışdır. İddiaçının tələbinin əsasını elə həmin müqavilə üzrə Cavabdeh1 ilə X25 arasında Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi təşkil edir. Həmin müqavilənin predmetini təşkil edən daşınmaz əmlak Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, tərəflər arasında yazılı müqavilə imzalanmış, notarial qaydada təsdiqlənməmiş, evin hüquq müəyyənedici sənədlərinin əsli də mərhum S.Ağayevaya verilmişdir. Məhkəmə öz qətnaməsində evin S.Ağayevanın mülkiyyətində olmamasına əsaslanmış və iddianı təmin etməmişdir. Halbuki, evə dair müqavilə imzalanmış, həmin vaxt da ev Cavabdeh1 məxsus olmuşdur. S.Ağayevanın 1999-cu ildə həmin evə sahiblik evə istifadə hüquqları olsa da sərəncam hüququ olmamışdır. Bundan başqa əqdin notarial formasına riayət edilməməsinin səbəbləri araşdırılmamış və onun nəticəsi müəyyən edilməmiş qalmışdır. Məhkəmə mübahisəli evin S.Ağayevanın mülkiyyətində olmadığını əsas gətirərək iddia tələbinin təmin olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, mübahisəli evi Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, evin rəsmi sənədlərinin əsli cavabdeh tərətindən iddiaçıya verilmiş, tərəflər arasında yazılı müqavilə imzalanmış və S.Ağayevanın sərəncam hüququ olmasa da həmin evə dair 1999-cu ildən vəfat edənə qədər sahiblik və istifadə hüquqları olmuşdur. Məhkəmə mübahisəli evin S.Ağayevanın sahiblik və istifadəsində olduğu dövrü və vəfat edənək həmin evdə yaşaması, məhkəmə qətnaməsi əsasında qeydiyyata alınması və vəsiyyət etməsinə dair göstərilənlərin heç bir araşdırmamış. Qeyd olunan halların iş üzrə mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq həmin hallar üzrə hərtətərəfli, tam və obyektiv araşdırma aparmamışdır. İş üzrə sübut edilməli ən əhəmiyyətli hal mübahisəli evin Cavabdeh1 xüsusi mülkiyyətində olub-olmadığı və mülkiyyətçinin həmin evi S.Ağayevaya satıb-satmadığının müəyyən edilməsidir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan evi mərhum S.Ağayevaya satmışdır. Məhkəmə bu halın əhəmiyyətinə hər hansı fikir verməmiş, bu halı araşdırmaq əvəzinə daha çox evin S.Ağayevanın xüsusi mülkiyyətində olub-olmadığını araşdırmışdır. Evin notarial olmasa da yazılı olaraq tərəflərin iradə ifadəsinə uyğun olaraq satılıb-satılmadığı, onlar arasında hər hansı alqısatqı münasibətinin mövcud olub-olmadığı sübut edilməmişdir qalmışdır. İş üzrə əhəmiyyət kəsb etməyən digər hallar isə məhkəmə tərəfindən sübut edilib araşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

28. Cavabdeh1 08 sentyabr 2000-ci il tarixdə vəfat etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2450/2024 nömrəli qərardadına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə ona aid hissədə iş üzrə icraata xitam verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

30. Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiasının 04 iyun 2024-cü il tarixli, 2(103)-2450/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)-757/2024 nömrəli qətnaməsi qismən – İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 ilə X25 arasında Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” barədə iddianın rədd olunması hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verildiyindən hazırkı qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi şikayətin dəlilləri üzrə İddiaçı Cavabdeh2 qarşı “Cavabdeh2 ünvan 8 ünvanda 45,76 kv.m sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, iddiaçının həmin evə köçürülməsi” hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

36. İşdən görünür ki, ünvan 13 ünvanda 8 metr eni, 9 metr uzunluğu olan torpaq sahəsinin alqı-satqısına dair X25 ilə Cavabdeh1 arasında sadə yazılı müqavilə bağlanmışdır.

37. Sitarə Ağayeva tərəfindən həmin ünvanda ev inşa olunmuş, sonuncu məhkəmə qətnaməsi əsasında həmin ünvandakı evə qeydiyyata düşməklə ölən günə qədər orada yaşamışdır. X4 Elşad Ağacanoviçin adına 2016-cı il tarixdə vəsiyyətnamə qoyaraq, ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 16 may 2016-cı il tarixdə X25 vəfat etmiş və həmin məqamda qanun üzrə birinci növbədən dörd övladı vərəsə olmuşdur. Miras qoyan Sitarə Ağayevanın vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, lakin ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə aid miras qoyan X15 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmamışdır. Mənzil 2019-cu ildə mərhum X19 oğlu X8 tərəfindən Cavabdeh2 25000 manata satılmışdır. X2 və onun qardaşı X5 notarial təsdiq olunmuş ərizələrindən görünür ki, onların ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi barədə heç bir iddiası və tələbi olmayacaqdır. Hazırda ünvan 6 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi Cavabdeh2 ailə üzvləri ilə birlikdə faktiki sahibliyində və istifadəsindədir.

38. İşin qeyd olunan faktiki halları fonunda məlum olur ki, iddiaçının hazırkı iddia ilə müraciət etmək üçün müvafiq subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı müqavilə üzrə tərəf olmamış, onun adıçəkilən torpaq sahəsinə dair hüquqları mövcud olmamışdır.

39. Əgər, iddiaçı 07 aprel 2016-cı il tarixli Sitarə Ağayeva tərəfindən verilmiş, bütün əmlaklarının iddiaçıya vəsiyyət edilməsinə dair vəsiyyətnaməyə dayanaraq hazırkı iddianı qaldırmışdırsa belə, bu halda yenə iddiaçının müvafiq subyektiv hüququ mövcud olmur.

40. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

41. Əmlak hüquqlarının məcburi dövlət qeydiyyatını tənzimləyən Mülki Məcəllənin 139-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

42. Hazırkı halda vəsiyyət edən (miras qoyan) mübahisələndirilən torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmadığından, hüquqi müstəvidə mübahisəli torpaq sahəsinə dair miras qoyanın hər hansı əmlak hüquqları da mövcud olmur ki, bu da öz növbəsində torpaq sahəsinin 1151.1-ci maddəsinin məzmunu baxımından miras əmlaka daxil olmadığını deməyə əsas verir.

43. Odur ki, iddiaçının subyektiv hüququ mövcud olmadığından, iddianının mahiyyəti ilə bağlı olan apellyasiya şikayətinin dəlillərinə də qiymət vermək zərurəti aradan qalxır.

44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)- 757/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(011)- 757/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar