Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2454/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1649/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X3 və 01 iyul 2019-cu il təvəllüdlü X1 üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, X3 və X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2016-cı il tarixli, Səadət Sarayı Bakı nikah evində 1047 saylı akt qeyd ilə rəsmiləşdirilən nikah pozulması, birgə nikahından doğulmuş xx.xx.2017- ci il təvəllüdlü – X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər iki uşağa hər ay 193 manat olmaqla cəmi 386 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı məhkəmə işi üzrə cavabdeh tərəfindən 600 manat əmək haqqı aldığı göstərilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 1649/2022 saylı qeyd olunmuş aliment məbləği hal-hazırda uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Yasamal rayon İcra Şöbəsi tərəfindən Cavabdeh rəsmi gəlirləri barədə məlumat əldə olunması üçün "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli, xx/xx- 1467xx/xx-18804 saylı sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq Aztelecom MMC tərəfindən cavab olaraq bildirilmişdir ki, Cavabdeh hal-hazırda xx.xx.2021-ci il tarixdən “Geniş zolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır və aylıq əmək haqqı 2304 manat təşkil edir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1649/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X3 və 01 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmış, 27 noyabr 2017-ci il təvəllüdlü X3 və 01 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.
4. Cavabdeh qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəliləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvlərə yol vermiş, iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmişdir. Belə ki, iddialçı özü də sahibkarlıq subyekti kimi qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Nərimanov rayon ərazisində yerləşən salonda kosmetoloq kimi fəaliyyət göstərir. Uşaqların saxlanması və maddi təminatında hər iki valideyn bərabər məsuliyyət daşıyır.
6. Hazırda o, əmək qabilliyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq məcburiyyətindədir, belə ki, ata və anasının əmək qabilliyəti yoxdur və maddi yardıma ehtiyacları var. Əlavə olaraq, anası diz qapağının adəti çıxığı, sümüklərin və oynaq qığırdaqlarının digər və dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi-daha dəqiq budçanaq oynağının osteosarkoması xəstəliklərindən əziyyət çəkir. Valideynləri ondan alimentin tutulması üçün məhkəmədə iddianın qaldırılması məqsədilə mediasiya təşkilatına müraciət etmiş və tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixində barışıq sazişi imzalanmış və aylıq 950 AZN məbləğində valideynlərə alimentin ödənilməsi razılaşdırılmışdır.
7. Hazırda aldığı xalis əməkhaqqı məbləği 1800 AZN civarındadır. Həmin məbləğdən maddi yardıma ehtiyacı olan valideynlərə və yetkinlik yaşına çatmayan uşağlara alimentlər ödənilir, yekunda ona 460 manat qalır, bu isə şəxsi ehtiyacların ödənilməsinə hazırkı gündə yetmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən aliment məbləği artırılarkən onun ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmamışdı.
8. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə ərizə verərək, başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı iclasın təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 17 dekabr 2016-cı il tarixdə Səadət sarayı, Bakı nikah evində bağlanmış, 1047 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulan xx.xx.2017ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 23 fevral 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilçəsi, ərin arvada maddi cəhətdən kömək etməsi ilə əlaqədar xx.xx.2019-cu il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək Cavabdeh 23 fevral 2022-ci il tarixdən hesablanmaqla, İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 30 (otuz) manat miqdarında alimentin tutulması qət edilmişdir. Həmçinin qətnamədən görünür ki, iş materiallarında əlavə edilmiş 28 mart 2022-ci il tarixli “vətəndaşın iş yeri haqqında” arayışa əsasən Cavabdeh lu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir və əmək haqqısının məbləği 600 manat təşkil edir.
12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən “Aztelekom" MMC-nin “Aztelekom.net" internet xidmətləri şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş xx.xx.2018-ci il tarixdən Genişzolaqlı xidmətlər departamentinin Əlavə dəyər xidmətləri şöbəsində məhsulların idarəedilməsi üzrə mütəxəssis, xx.xx.2020-ci il tarixdən həmin şöbənin müdiri vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdən isə İnformasiya texnologiyaları departamentinin Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilmiş və halhazırda bu vəzifədə işləyir. Eyni zamanda Cavabdeh aylıq əməkhaqqı 2304 manat təşkil edir.
13. 11.01.2023-cü il tarixli “vətəndaşın iş yeri haqqında” arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Genişzolaqlı xidmətlər şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir və əmək haqqısının məbləği 2262 manat təşkil edir.
14. Cavabdeh ilə onun valideynləri X5 və X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/12-00130 saylı barışıq sazişinin surətindən görünür ki, Cavabdeh hər ayın 10da əmək qabiliyyəti olmayan atası- X6 və anası- X2 950 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
15. 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.
16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
17. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
18. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur;
19. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;
20. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir.
26. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
42. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
43. İddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(001)-1649/2022 saylı tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 386 manat aliment tutulmasını müəyyənləşdirərkən tərəflərin maddi vəziyyətini və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçının maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşaraq əmək haqqının məbləği 600 manatdan 2262 manata qalxmış, həm uşaqlar böyümüş və ehtiyacları artmış, uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur.
44. Cavabdehin apellyasiya şikayətində əmək qabiliyyəti olmayan valdeynlərinə aylıq 950 manat aliment ödəməsi ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, bu hüquqdan sui-istifadədir və əsassızdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
45. Həmçinin iddiaçı tərəfdən təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, cavabdehin atası X6 fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (VÖEN **********).
46. Beləliklə, cavabdehin barışıq sazişinə əsasən valideynlərinə yüksək məbləğdə aliment ödəməsi hüquqdan sui-istifadə olmaqla, uşaqların mənafeyi əsas götürülərək onların saxlanılması üçün tutulan aliment miqdarının artırılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.
47. Bundan başqa tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisəyə baxılarkən cavabdeh valideynlərinin saxlanması ilə bağlı aralarında fikir ayrılığının olmasını bildirməmişdir. Belə olan halda, hazırkı mübahisəyə baxılarkən cavabdeh tərəfindən verilmiş onunla valideynləri X5 və X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/12-00130 saylı barışıq sazişi hüquqdan sui-istifadə olmaqla, Mülki Məcəllənin 560.2ci maddəsinin təsiri altına düşür.
48. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçının sahibkarlıq subyekti kimi qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və Nərimanov rayon ərazisində yerləşən salonda kosmetoloq kimi fəaliyyət göstərməsi ilə bağlıdır, lakin o, həmin dəlillə bağlı hər hansı sübut təqdim etməmişdir.
49. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Nəticə:
51. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsini iddia tələbini təmin etməkdə haqlı olduğundan, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
52. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
53. Beləliklə müəyyən olunur ki, (2304/3=768-386=382; 382x12=4584) mübahisələndirilən hissədə iddianın qiyməti 4584 manat təşkil etdiyindən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-670/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov