Məhkəmə qərarları › İş №2(103)-2455/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2455/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2455/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(004)-653/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. ******* nömrəli, 21 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X6 istehlak məqsədi ilə 12 ay müddətinə illik 17 % olmaqla 1525 manat məbləğdə kredit verilmişdir.

2. 21 iyun 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X7 İddiaçı ASCdən 1500 manat məbləğdə pul vəsaiti almışdır.

3. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X4 ******* nömrəli, 21 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 30 yanvar 2023-cü il tarixə 694,63 manat əsas borc, 16,81 manat faiz borcu, cəmi 711,44 manat borcu vardır.

4. 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İİ № 073714 nömrəli, 05 fevral 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 04 yanvar 2020-ci il tarixdə vəfat etmişdir.

5. 11 avqust 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X12 və X8r və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamədə verilən miras əmlak: X1 adına olan "xxxx" ASC-nin Naxçıvan filialında ******************** nömrəli hesabında 0,07 manat, Ordubad filialında ******************** nömrəli hesabında 0,29 manat və Gəncə filialında ******************** nömrəli hesabında 5944,76 manat pul məbləğindən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 13 mart 2020-ci il tarixli, 07-02-10 nömrəli məktubuna əsasən X1 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən 11000 manat sığorta ödənişindən, 100 saylı Hərbi hissə tərəfindən 22 iyul 2020-ci il tarixdə verilmiş 2465 nömrəli arayışa əsasən X1 2013-2019-cu illərdə xidmət etdiyi dövr ərzində istifadə etmədiyi 1839,96 manat məzuniyyət pulu kompensasiya məbləğindən ibarətdir.

6. 21 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X12 və X8r və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamədə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 05 avqust 2020-ci il tarixdə verilmiş 725 nömrəli arayışa əsasən X1 hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1365,20 manat pul kompensasiyası məbləğindən ibarətdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

7. İddiaçı ASC iddia ərizəsi sonradan tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 694,63 manat əsas, 16,81 manat faiz, cəmi 711,44 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, X5 şəxsi (istehlak) məqsədləri üçün 12 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1525 manat məbləğdə kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə X7 arasında 21 iyun 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, X4 06 dekabr 2022-ci il tarixə əsas borcu 744,63 manat, faiz borcu 16,81 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №073714 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 04 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X4 vəfatından sonra Bakı şəhəri 19 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın 16 sentyabr 2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, 21 avqust 2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X4 vərəsələri - ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan X12 və ünvan 2 ünvanında qeydiyyatda olan X8r. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh X4 vərəsəsi Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmişdir ki, 21 iyun 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hazırda İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 761,44 manat təşkil edir ki, bu borcun da cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin edilməlidir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(004)- 653/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Qətnamənin əsaslarına görə, X7 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş (şəhid olmuşdur) və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh X4 qanun üzrə vərəsəsi kimi tanınaraq ona X4, lakin mərhumdan yəni X2 hər hansısa əmlak miras kimi qalmamış və miras əmlak kütləsinə miras qoyanın daşınar və ya daşınmaz əmlakları daxil edilməmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə qeyd edilmiş pul vəsaitləri isə mərhumun X4 ölümü ilə əlaqədar “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilmiş 11000 manat sığorta ödənişindən, 2013-2019-cu illərdə xidmət etdiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət üçün 1839,96 manat pul məbləğində kompensasiya ödənişindən, hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1365,20 manat pul kompensasiyası məbləğindən və son əmək haqqı hesablaşmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində vərəsə müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Məhkəmə hesab etmişdir ki, cavabdehə ödənilmiş məbləğlər mərhumun “Hərbi Qulluqçuların Dövlət İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilmiş sığorta ödənişindən və eləcə də, iş yeri üzrə kompensasiya şəklində verilmiş digər ödənişlərdən ibarət olmaqla, miras əmlak kütləsinə daxil olmadığından və bununla da iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 387, 442, 445, 739, 1151, 1243, 1306-cı maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, X1 adına olan "xxxx" ASC-nin Naxçıvan filialında ******************** nömrəli hesabında 0,07 manat, Ordubad filialında ******************** nömrəli hesabında 0,29 manat və Gəncə filialında ******************** nömrəli hesabında əmanət kimi qoyulmuş 5944,76 manat pul məbləği miras əmlak kütləsinə daxil olduğu halda birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, bununla da maddi hüquq normasını düzgün tətbit etməmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları,

15. İddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2022-ci il tarixli Qərarı: “- “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.5 və 4- 1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur; - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə X7 arasında 21 iyun 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya 12 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 1525 manat məbləğdə kredit verilmişdir. X7 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş, Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınmış, ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 30 yanvar 2023-cü il tarixli arayış ilə S.A.Bədəlovun kredit müqaviləsinə əsasən 30 yanvar 2023-cü il tarixə 694,63 manat əsas borc, 16,81 manat faiz borcu, cəmi 711,44 manat borcunun olması müəyyən edilir.

23. İşin mübahisəli halı ondan ibarətdir ki, S.A.Bədəlovun xidmət dövründə istifadə etmədiyi əşya əmlakı və məzuniyyətlərin əvəzinə kompensasiya kimi ödənilmiş məbləğlərin, eyni zamanda onun ölümü nəticəsində cavabdehin aldığı sığorta ödənişinin miras aktivi sayılıb-sayılmaması ilə bağlıdır.

24. Analoji mübahisəli hallarla bağlı Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda da adıçəkilən 08 dekabr 2022-ci il tarixli qərarında şərh verilmiş, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişinin sığortaolunanın miras əmlakına daxil olmadığı barədə nəticəyə gəlinmişdir.

25. Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi həm hazırkı iddianın əsaslılığını, həm də apellyasiya şikayətinin dəlillərini təqzib edir.

26. Şikayətin dəlili kimi X1 adına olan "xxxx" ASC-nin Naxçıvan filialında ******************** nömrəli hesabında 0,07 manat, Ordubad filialında ******************** nömrəli hesabında 0,29 manat və Gəncə filialında ******************** nömrəli hesabında əmanət kimi qoyulmuş 5944,76 manat pul məbləği miras əmlak kütləsinə daxil olmasına istinad edilsə də, həmin məbləğlərin məhz əmanət kimi qoyulması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır və bu xüsusat iş materialları ilə təsdiqini tapmır.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(004)- 653/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(004)- 653/2023 nömrəli dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar