Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2456/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2(001)-3864/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehlə aralarında ½ hissədə bölünməklə həmin mənzilin üzərində ½ pay hüququnun və mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi, qətnamənin icrası üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları 16.10.1990-cı il tarixdə qeydə alınmış, 16.11.2005-ci il tarixində nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahın rəsmi pozulmasına baxmayaraq iki uşaqlarına görə bir evdə yaşamışlar. Ailənin bütün maddi ehtiyacını qarşılamış və hazırda da bunu edir. Kommunal xərclər daxil olmaqla, bütün ailə ehtiyaclarını bu günədək o qarşılamışdır. Birlikdə yaşadıqlarına görə nikah pozularkən əmlak bölgüsünə zərurət olmamışdır. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Nikahları pozulduqdan sonrakı dövrdə həmin mənzildə birgə yaşamış və hazırda da həmin mənzildə birlikdə yaşayırlar. Lakin qızları bir az əvvəl ailə qurub öz evinə köçəndən sonra cavabdeh səbəbsiz olaraq onunla mübahisələr edir, onun yaşayışını mümkünsüz hesab edir, evi tərk etməsini tələb edir. Buna görə də, məcbur olub həmin mənzilin ½ hissəsinə pay hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2(001)- 3864/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxılarkən maddi hüquq normaları pozulmuş, işin faktiki halları tam araşdırılmamış, mənzilin cavabdehin mülkiyyətinə əvəzsiz deyil, “xxxx” MTK-ya 6700 rubl ödənilməklə keçməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil2 məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi X2 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2(001)- 3864/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 16.10.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 15.06.1992-ci il tarixli 006927 saylı orderə, “xxxx” MTK tərəfindən verilmiş 30.03.2002-ci il tarixli 86 saylı maliyyə arayışına və İddiaçı razılıq ərizəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu İlqar Cümşüdov küçəsi ev 15A-da yerləşən 1 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. 31 mart 2002-ci il tarixli 85 saylı arayışa əsasən həmin mənzildə Cavabdeh, İddiaçı, X3, X4 qeydiyyatdadırlar. İddiaçı tərəfindən Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə yazılan 30.03.2002-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15 a saylı evin 1 saylı mənzilinin həyat yoldaşı Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhər İcra Hakimiyyəti nəzdində “xxxx” Mənzil Tikintisi Kooperativinin idarə heyəti tərəfindən verilən 31 mart 2002ci il tarixli 86 saylı arayışdan görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15 a saylı evin 1 saylı mənzilinin dəyəri kimi 6700 rubl məbləğində ödənilmişdir və “xxxx” MTK-ya borcu yoxdur. İddiaçı mübahisəli mənzilin birgə nikah dövründə alındığını iddia edərək, mənzilin ½ hissəsinə pay hüququnun müəyyən edilməsini tələb edir. Tərəflər arasında nikah 04 oktyabr 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. 30.03.2002-ci il tarixdə İddiaçı tərəfindən verilən razılığa əsasən mənzil 07.05.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Cavabdeh adına özəlləşdirilərək onun xüsusi mülkiyyətinə verilmişdir. Buna görə də iddiaçının mübahisəli mənzillə bağlı birgə mülkiyyətə dair mübahisə açmaq üçün subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası isə qeyd edir ki, birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə istinad etdərək iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, həmin qanun vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları mənzillərin onların mülkiyyətinə əvəzsiz verilməsi qaydalarını tənzimləyir. Həmin Qanunun 1-ci maddəsində də qeyd edildiyi kimi dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İş materiallarından isə görünür ki, Cavabdeh tərəfindən “xxxx” MTK-ya Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15a saylı evin 1 saylı mənzilinin dəyəri kimi 6700 rubl məbləğində ödənilmişdir. Deməli, həmin mübahisələndirilən mənzil “xxxx” Mənzil Tikintisi Kooperativindən ödənişli əsaslarla alınmış, yəni mənzil cavabdeh tərəfindən əvəzsiz qaydada əldə olunmamışdır. 15.06.1992-ci il tarixli 006927 saylı orderdə həm cavabdehin, həm də iddiaçının adları qeyd olunmuşdur. İş materiallarından isə görünür ki, tərəflərin nikahı 2005-ci ildə pozulmuş, lakin Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15a saylı evin 1 saylı mənzili isə Cavabdeh tərəfindən 2002-ci il tarixdə əldə edildiyindən məhkəmə kollegiyası qeyd edir ki, həmin əmlak birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1 və 37.2-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyul 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında nikah 2005-ci ildə pozulsa da, iddiaçı iddia qaldırılan dövrə qədər həmin mənzildə yaşamış və beləliklə, iddia müddətini ötürməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15a saylı evin 1 saylı mənzili tərəflərin birgə nikahı dövründə əldə edildiyindən həmin əmlakda tərəflərin hər birinin payı bərabər hesab edilməli və həmin mənzildə İddiaçı 1/2 hissədə, qalan 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən,iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə t etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli e-2(001)- 3864/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri 6-cı mikrorayon İ.Cümşüdov küçəsində yerləşən 15a saylı evin 1 saylı mənzilinin 1/2 hissəsi üzərində İddiaçı, 1/2 hissəsi üzərində isə Cavabdeh payları və mülkiyyət hüquqları müəyyən edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2456/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2456/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver