Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2457/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(004)- 580/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun Banka 3.975,26 (üç min doqquz yüz yetmiş beş, 26) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç, 78) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz, 75) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz, 79) manat məbləğində borcu yaranmışdır. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 may 2022-ci il tarixli, 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9240 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun Banka 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı, 13) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki, 95) manat məbləğində cərimə, ümumilikdə 10.209,08 (on min iki yüz doqquz, 08) manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3.975,26 manat məbləğində əsas borc, 403,78 manat məbləğində faiz borcu, 389,75 manat məbləğində cərimə, ümumilikdə isə 4.768,79 manat pul məbləğinin; 04 may 2022-ci il tarixli 315522-1- 34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9.240 manat məbləğində əsas borc, 806,13 manat məbləğində faiz borcu, 162,95 manat məbləğində cərimə, ümumilikdə 10.209,08 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 134,93 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASCnə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(004)- 580/2023 saylı qətnaməsi iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522- CNS-34316 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3975,26 (üç min doqquz yüz yetmiş beş manat 26 qəpik) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç manat 78 qəpik) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 9240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı manat 13 qəpik) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki manat 95 qəpik) manat məbləğində cərimə, ümumilikdə 10209,08 (on min iki yüz doqquz manat 08 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi, iş üzrə ödənilmiş 134,93 (bir yüz otuz dörd manat 93 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 445.1, 445.2.1, 739.1-ci, 739.2, 462.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kifayət qədər ödənişlər etməklə ödənişlərinə davam edir və bu barədə əlində sübutlar və sənədlər var. Buna baxmayaraq, məhkəmə onun iştirakını gözləmədən və onun məhkəmənin iclasının təxirə salınması barədə elektron kabinet vasitəsi ilə ünvanladığı vəsatəti təmin etmədən iş üzrə qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Həmçinin məhkəmə onun cavabdeh kimi prosessual hüquqlarını pozaraq, onu qarşılıqlı iddia vermək hüququndan da məhrum etmişdir. İşə əlavə olunmuş müqavilələrdən də aydın görünür ki, kredit müqavilələri müvafiq olaraq, 2024 və 2027-ci ilədək qüvvədədir. Belə olan halda həmin müqavilələrin vaxtından əvvəl ləğv olunması onun müqavilə tərəfi kimi hüququnun pozulmasıdır. Bununla yanaşı məhkəmə iddia tələbininin qanunsuz olduğuna yəni müqaviləni vaxtından əvvəl ləğv etmədən ondan həmin məbləğlərin tutulmasının qanunsuz olduğuna düzgün qiymət verməmişdir. Kredit Müqavilələri ləğv olunmadan ondan qətnamədə qeyd olunan məbləğlərin tutulması qanunsuzdur, odur ki, qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddiaçıya yenidən ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa məhkəmə heç bir qanuni əsas olmadan ona hesablanmış borc, faiz və cərimə məbləğlərini təsdiq etmiş, bunu edərkən hər hansı ekspert rəyinə istinad etməmişdir. Halbuki məhkəmə ekpert deyil və hakim həmin məsələdə xüsusi biliyə də malik deyil. Buna baxmayaraq, məhkəmə yol verdiyi pozuntuların davamı olaraq, onun iştirakını zəruri hesab etməyərək yalnız iddiaçının gətirdiyi formal dəlillərin əsasında işi iddiaçının istədiyi formada həll etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış iki müqavilə bağlanmıhdır: 1) 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 4100 manat məbləğində kredit verilməsinə dair 2) 04 may 2022-ci il tarixli, 315522-1-34653 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 26,5 faiz hesablanması şərti ilə 60 ay müddətinə 9240 manat məbləğində kredit verilməsinə dair İddiaçı tərəf birinci müqaviləyə münasibətdə təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında 02 noyabr 2022-ci il tarixə Banka 3.975,26 (üç min doqquz yüz yetmiş beş, 26) manat məbləğində əsas borc, 403,78 (dörd yüz üç, 78) manat məbləğində faiz borcu, 389,75 (üç yüz səksən doqquz, 75) manat məbləğində cərimə, ümumilikdə isə 4768,79 (dörd min yeddi yüz altmış səkkiz, 79) manat məbləğində borcu yaranmasını; İkinci müqaviləyə münasibətdə təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada xx.xx.2022-ci il tarixdən icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun bank qarşısında 02 noyabr 2022-ci il tarixə Banka 9.240 (doqquz min iki yüz qırx) manat məbləğində əsas borc, 806,13 (səkkiz yüz altı, 13) manat məbləğində faiz borcu, 162,95 (bir yüz altmış iki, 95) manat məbləğində cərimə, ümumilikdə 10.209,08 (on min iki yüz doqquz, 08) manat məbləğində borcu yaranmasını bildirmişdir. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş arayışlara istinad etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, apellyator müəyyən olunmuş məbləğləri mübahisələndirərək qeyd edir ki, kifayət qədər ödənişlər etməklə ödənişlərinə davam edir və bu barədə əlində sübutlar və sənədlər var. Göründüyü kimi cavabdeh tərəf iddiaçı banka borcunun olmasını təkzib etmir, lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləğini mübahisələndirir. Apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla apellyasiya baxışı zamanı kredit vəsaitindən istifadə müddəti başa çatmadığından, iddiaçı tərəfindən verilmiş maliyyə arayışının və qətnamə qəbul edilən tarixlərə kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmadığının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı mütəxəssis qismində cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 25 iyun 2023-cü il tarixdə 9/3170 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları və 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri, həmçinin ekspert qarşısında qoyulan sualda qeyd olunanlar nəzərə alınmaqla Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (maliyyə arayışı verilən tarixə) əsas borcu 3989,62 manat; 256,79 manat faiz borcu; xx.xx.2023-cü il tarixə (qətnamə çıxarılan tarixə) əsas borcu - 3936,41 manat; faiz borcu - 0,0 manat; Həmçinin qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış sənədlərində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 50,00 manat məbləğində ödəniş aparılması göstərilmişdir. Lakin, ekspert qarşısında qoyulmuş suallarda borcun xx.xx.2023-cü il tarixədək hesablanılması soruşulduğundan həmin ödəniş hazırki hesablama zamanı nəzərə alınmadı. Nəzərə alındığı təqdirdə cavabdehin ödənilməmiş qalıq borcu (3936,41 - 50,00) 3886,41 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqat zamanı tərəflər arasında imzalanmış 21 aprel 2022-ci il tarixli, 315522-CNS-34316 sa kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun (Mərkəzi Bankın müəyyən etdiyi hesablar planı üzrə) silinmesi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə Cavabdeh cərimə borcu hesablanmadı. Qeyd olunan rəydən həmçinin görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları və 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri, həmçinin ekspert qarşısında qoyulan sualda qeyd olunanlar nəzərə alınmaqla Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2022-ci il tarixə (maliyyə arayışı verilən tarixə): əsas borcu - 9240,00 manat; faiz borcu - 671,90 manat. xx.xx.2023-cü il tarixə (qətnamə çıxarılan tarixə) əsas borcu 9240,00 manat; faiz borcu - 371,90 manat; Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 04 may 2022-ci il tarixli, 315522-1-34653 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərlə cərimə borcunun (Mərkəzi Bankın müəyyən etdiyi hesablar planı üzrə) silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixlərə cavabdehin cərimə borcu hesablanmadı. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə mühasibatlıq-ekspertizasının təyin olunması barədə qərardadda qoyulan suallar apellyasiya şikayətinin əsas dəlili hesab edilən tərəflər arasında bağlanmış müqavilələr üzrə hesablanmış əsas, faiz və cərimə borcunun düzgün hesablanıb-hesablanmaması ilə bağlı olsa da, təqdim olunmuş ekspert rəyində əsas və faiz məbləğləri müəyyən edilmiş, cərimə borcu hesablanmamışdır. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək qeyd edir ki, 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı və 04 may 2022-ci il tarixli, 315522- 1-34653 saylı kredit müqavilələrinin müddəti bitməmiş, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Bununla da cavabdehin bank qarşısında borcu yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə borcun məbləğinə münasibətdə qeyd edir ki, həmin müqavilə üzrə cavabdehdən tutulmalı kredit borcuna görə əsas borcun məbləği - 3886,41 manat müəyyən edilməli, faiz borcu isə tutulmamalıdır. Belə ki, qeyd edildiyi kimi cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, tərəfindən ödənişlər etdirilir. Belə olan halda yaranmış borc maliyyə arayışının tarixinə görə deyil, məhz qətnamə qəbul edildiyi 23 yanvar 2023-cü il tarixə hesablanmalıdır. Həmin tarixə də əsas borc 3936,41 manat hesablanmış, faiz borcunun isə olmaması qeyd edilmişdir. Bununla yanaşı ekspert rəydə qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarış sənədlərində cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 50,00 manat məbləğində ödəniş aparılması göstərilmişdir. Lakin, ekspert qarşısında qoyulmuş suallarda borcun xx.xx.2023-cü il tarixədək hesablanılması soruşulduğundan həmin ödəniş hazırki hesablama zamanı nəzərə alınmadı. Nəzərə alındığı təqdirdə cavabdehin ödənilməmiş qalıq borcu (3936,41 - 50,00) 3886,41 manat müəyyən edilir. Məhkəmə kollegiyası əsas borcun hesablanması zamanı həmin ödənişin nəzərə alınmamalı olduğunu bildirir və hesab edir ki, həmin ödəniş qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Beləliklə də, 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcu ekspert rəyində müəyyən olunmuş 3936,41 manat müəyyən edilməli, faiz borcu isə tutulmamalıdır. Məhkəmə kollegiyası 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə münasibətdə də qeyd edir ki, bu müqavilə üzrə də yaranmış borc məhz 23 yanvar 2023-cü il tarixə hesablanmaqla cavabdehdən tutulmalıdır. Belə ki, тəqdim edilmiş ekspert rəyindən görünür ki, 04 may 2022-ci il tarixli 315522-1- 34653 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nə xx.xx.2023-cü il tarixə - əsas borcu 9240,00 manat; faiz borcu - 371,90 manat olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 04 may 2022-ci il tarixli 315522-1- 34653 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 9240,00 manat, faiz borcu isə 371,90 müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki:
1. Bankdan təqdim olunan rəsmi bank hesablarından çıxarışlara və yenidən hesablamaya əsasən borclu ilə bağlanmış xx.xx.2022-ci tarixli, 315522-CHS-34316 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 3975,26 manat asas, 280,78 manat faiz ve 389,75 manat cərimə borcu mövcuddur; xx.xx.2023-cü il tarixə isə 3946,04 manat əsas, faiz borcu olmamış və 389.75 manat cərima borcu mövcuddur;
2. Bankdan təqdim olunan rəsmi bank hesablarından çıxarışlara və yenidən hesablamaya əsasən borclu ilə xx.xx.2022-ci il tarixdə bağlanmış 315522-1-34653 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixə 9240 manat əsas, 929,13 manat faiz və 162,95 manat cərimə borcu mövcuddur. 23.01 2023-cü il tarixə isə 9240 manat əsas, 629,13 manat faiz və 162.95 manat cərimə borcu mövcuddur. Bununla belə borclu tərəfindən kreditlər üzrə ödənişlər edilərkən bir sıra hallarda bank Azerbaycan Respublikası Mülki Məcəlləsinin 432.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, xx.xx.2022 – xx.xx.2023 tarixlərdə borcalan tərəfindən xx.xx.2022-ci il tarixli, 315522-CHS-34316 saylı müqavilə üzrə 12 halda ümumilikdə 323 manat məbləğdə ödənilmiş vəsaitdən həmin müqavilə üzrə 293,78 manat faizlərin və 29,22 manat əsas borc məbləğlərinin silinməsi əvəzinə, xx.xx.2022-ci il tarixdə bağlanmış 315522-1-34653 saylı müqavilə üzrə 206 manatı faizlərin silinməsinə, 117 manatı isə cərimə məbləğlərinə silinmişdir. xx.xx.2022-ci il tarixdə borcalan tərəfindən 315522-1-34653 saylı müqavilə üzrə ödənilmiş 100 manat məbləğdə vəsait isə 315522-CHS-34316 saylı müqavilə üzrə faizlərin silinməsinə yönəldilmişdir. Məhkəmə kollegiyası mütəxəssis rəyinə tənqidi yanaşır və onun sübut əhəmiyyətli olmaması qənaətinə gəlməklə yanaşı hesab edir ki, iddia tələbinin kredit borcu üzrə borcun məbləğləri ekspertiza rəyində göstərilən məbləğlərdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanmış və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, eksperiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil iddiaçı tərəfindən irəli sürülsə, buna dair məhkəməyə hərhansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc alan kreditin ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqaviləyə əsasən dəbbə pulu ödəməlidir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmişdir. Belə olan halda cavabdehdən cərimə borcunun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhz bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 21 aprel 2022-ci il tarixli 315522- CNS-34316 saylı kredit müqaviləsinə münasibətdə 389,75 manat, 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsinə münasibətdə isə 162,95 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə çəkişmə prinsipinin pozulmasına dair dəlilləri əsassızdır. Belə ki, işin materiallarından görünür ki, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə vəsatət ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmənin müvafiq iclas protokoluna qeyd edilməklə, qərarı ilə vəsatət təmin olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı hesab edir ki, apeldyator kredit müqavilələrinə müvafiq olaraq, 2024 və 2027-ci ilədək qüvvədə olduğu halda həmin müqavilələrin vaxtından əvvəl ləğv olunması onun müqavilə tərəfi kimi hüququnun pozulmasına dair dəlili əsassızdır. Belə ki, iddiaçı belə bir tələb irəli sürmədiyindən birinci instansiya məhkəməsi də müqaviləni vaxtından əvvəl ləğv etmə məsələsinə qiymət verməmişdir. Göründüyü kimi cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 3936,41 manat ; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə isə cavabdehdən tutulmalı olan əsas borcun məbləği 9240,00 manat, faiz borcu isə 371,90 müəyyən edilməli, digər hissədə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(004)- 580/2023 saylı qətnaməsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsin üzrə əsas və faiz borcu məbləği hissəsində eləcə də tərəflər arasında bağlanmış 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində dəyişdirilsin. 21 aprel 2022-ci il tarixli 315522-CNS-34316 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borcu 3936,41 (üç min doqquz yüz otuz altı manat, qırx bir qəpik) manat; 04 may 2022-ci il tarixli 315522-1-34653 saylı kredit müqaviləsi üzrə isə əsas borcun məbləği 9240,00 (doqquz min iki yüz qırx) manat, faiz borcu isə 371,90 (üç yüz yetmiş bir manat, doxsan qəpik) müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə