Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2458/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cavabdeh iştirakı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-457/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan daşınar əmlakına vurduğu maddi zərəri tələb etmək məqsədilə məhkəməyə müraciət etmiş, iddia tələbi qismən təmin edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan daşınar əmlakına vurduğu zərərlə bağlı təqsirli hərəkətinə görə 2.930 manat maddi zərərin, 53 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilən 320 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan 77- LF- 194 qeydiyyat nişanlı 2011-ci il istehsal tarixli “Mercedes Benz” markalı, E220D modelli, sedan tipli avtomobili vardır. Onun avtomobili reyestrdə xx.xx.2023-cü il tarixində 7E11151 nömrəsi ilə qeyd edilmiş, etibarlılıq müddəti xx.xx.2024-cü il tarixinədək olan etibarnamə ilə sürücülük vəsiqəsi BD055147 olan oğlu X3 idarə etməyə vermişdir. xx.xx.2024-cü il tarixində, saat 14:30-da Bakı şəhəri, Babək (Zabrat) 53 GPS: 40.4794374, 49.9504974 ünvanında yol-nəqliyyat hadisəsi baş vermişdir. **-YS-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik avtomobili ilə onun avtomobili toqquşmuşdur. Səbəb isə “Hyundai Sonata” minik avtomobilinin sürücüsü cavabdeh - Cavabdeh yol hərəkət qaydasını pozması olmuşdur. xx.xx.2024-cü il tarixində “Hyundai Sonata” minik avtomobilinin sürücüsü cavabdeh - Cavabdeh haqqında İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib olunmuş və həmin tarixdə də TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilərək cavabdeh - Cavabdeh İXM-nin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. O, avtomobilinə vurulmuş zərərin həddini müəyyən etmək üçün müstəqil qiymətləndiriciyə müraciət etmişdir. Qiymətləndirici "xxxx" MMC tərəfindən onun avtomobilinə dəymiş zərər 7.930 manat olduğunu təsdiq edən xx.xx.2024-cü il tarixli 01/02-386Fİ nömrəli rəy verilmişdir. Cavabdeh idarə etdiyi avtomobil üzrə mülki məsuliyyətinin icbari sığortasını aparmış olan "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində onun avtomobilinə vurulmuş zərər üzrə 5.000 manat sığorta haqqı ona ödənilmişdir. Beləliklə, cavabdehin törətmiş olduğu inzibati xəta nəticəsində ona 2.930 manat (7.930- 5.000) maddi zərər vurulmuşdur və bu zərər cavabdehdən tutulub ona ödənilməlidir. Elektron məhkəmə sistemi ilə işləmək çətinliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixində 38 saylı vəkil bürosunun vəkili ilə EM-2271VK6259/24 saylı elektron müqavilə bağlayaraq hüquqi yardım, iddia ərizəsinin hazırlanması və elektron sistemə yüklənməsinə görə xx.xx.2024-cü il tarixində 320 manat vəsait ödəmişdir ki, bu da məhkəmə xərci kimi cavabdehdən tutulmalıdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-457/2025 nömrəli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, İddiaçı məxsus “Mercedes Benz E220D” markalı 77- LF-194 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 70 (yetmiş) manat pul məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsinin baş verməsi tarixindən sonra tərtib edilmiş ilkin qüsur aktının məlumatları əsas götürülərək, iddia tələbləri dəymiş zərərin ödənilmiş sığorta ödənişindən yuxarı hissəsində təmin edilməlidir. Belə ki, ilkin xx.xx.2024-cü qüsur aktı ilə zərər 5.070 manat həcmində təsdiq edildiyindən, sığorta ödənişi isə 5.000 manat həcmində ödənildiyindən, iddia tələbi qismən təmin edilərək 70 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan və bir-biri ilə ziddiyyət təşkil edən qiymətləndirici şirkətin verdiyi 2 müxtəlif qiymətləndirmə hesabatındakı göstərilən ziddiyyətləri aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə onun daşınar əmlakına vurulmuş zərərin miqdarının niyə 5070 manat olması qənaətinə gəlməsinin səbəblərini əsaslandırmamışdır. İş üzrə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, çünki onun 7930 manat maddi zərərə uğramasının əksini sübut edəcək heç bir tutarlı dəlil mövcud deyildir, mövcud olan 5070 manatlıq zərər isə ziddiyət doğurur, çünki hər iki qiymətləndirməni bir neçə gün fərqi ilə eyni təşkilat vermiş və məhkəmə də bu ziddiyəti aradan qaldırmamışdır. Məhkəmə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etməli və dəymiş zərərin miqdarını müəyyənləşdirməli idi. Lakin məhkəmə bunu etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
10. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Yol hərəkəti haqqında” AR Qanunu:
13.Maddə 1.43. Yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisə yol-nəqliyyat hadisəsi sayılır.
14.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
15. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 19.Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yol-nəqliyyat hadisəsinin baş verməsi tarixindən sonra tərtib edilmiş ilkin qüsur aktının məlumatları əsas götürmüş, iddia tələblərinin dəymiş zərərin ödənilmiş sığorta ödənişindən yuxarı hissəsində təmin edilməli olduğu qənaətinə gəlmişdir.
20. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri, Babək (Zabrat) pr-ti ünvanında “Hyundai Sonata” minik markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin mübahəsiz halıdır.
21. İş materiallarına sözügedən inzibati xəta ilə bağlı 2 qüsur aktı əlavə olunmuşdur: 22.A) "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli (15 iyun 2024-cü il tarixli müraciət əsasında) 01/02-375AS nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə dəymiş zəririn həcmi 5.070 manat təşkil etmişdir. 23.B) "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli (20 iyun 2024-cü il tarixli müraciət əsasında) 01/02-386Fİ nömrəli İddiaçı ünvanlanmış məktubundan görünür ki, “Mercedes Benz E220D” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində xx.xx.2024-cü il tarixə dəymiş zərərin həcmi 7.930 manat təşkil etmişdir.
24. Apellyasiya şikayətinin dəlillərindən biri olan inzibati xəta ilə bağlı 2 qüsur aktı mövcud olduğu halda sığorta ödənişinin birinci qüsur aktı əsasında ödənilməsi ilə bağlı olmuşdur. 25.Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının bu dəlili ilə razılaşmır. İlkin qüsur aktından sonra niyə ikinci qüsur aktına ehtiyac duyulduğu və ikinci qüsur aktında zərərin hansı formada müəyyən olunması (hadisə nəticəsində zədələnmiş detalların və ustaların zəhmət haqqı üçün ödənişdəki qiymət fərqinin nədən ibarət olması və s.) təfsir olunmamışdır. Belə olan halda isə həmin qüsur aktı məhz dəymiş zərərin obyektiv qiymətləndirilməsi istiqamətində qanunvericiliyin qeyd edilən tələblərinə uyğun mötəbər sübut kimi qəbul edilə bilməz. 26.Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya 5000 manat sığorta ödənişinin verilməsi və ya dəymiş zərərin həcminin sığorta şirkəti tərəfindən hesablanması iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Yalnız hadisədən müəyyən müddət keçdikdən sonra mübahisələndirilməsi iddiaçının daha artıq sığorta ösənişi almaq istəyinə şübhələri artırır.
27. Hazırkı durumda isə, ekspertiza təyin edilməsi ilə bağlı dəlilə gəldikdə məhkəmə kollegiyası hər hansı əsas olmadığını (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı və s.), eləcə də icraatın əsassız uzadılması və ləngidilməsi ilə nəticələ biləcəyini nəzərə alaraq, ekspertizanın təyin olunmasını zəruri hesab etmir və bildirir ki, birinci instansiya məhkəməsi 1-ci qüsur aktına əsaslanmaqla cavabdehdən iddiaçının xeyrinə əlavə olaraq maddi zərər qismində 70 manat tutmaqda haqlı olmuşdur. 28.İddiaçı apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda göstərilənlərdən daha artıq maddi zərərin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı sadəcə formal mülahizələr irəli sürmüş və hesablanmış sığorta ödənişinin ilkin qüsur aktı ilə ödənilməsini şübhə altına salacaq hər hansı mötəbər dəlil təqdim etməmişdir. İddiaçının şikayətində göstərdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 30.Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur. 31.Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. 32.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
33. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
34. MPM-ə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1.)
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-457/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. .