Məhkəmə qərarları › İş №2(103)-246/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-246/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-246/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı tam xüsusi mülkiyyət hüququ əsasında məxsusdur.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2550/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həmin mənzildən çıxarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh və Yasamal Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 15.000 manat və 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2550/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi 1 ildən çox icraatda saxlanılmış və vaxtında icrası təmin edilməmişdir. Qeyd olunan müddətdən sonra icra tədbirlərinə başlanılmış, təyin olunmuş müddətlərdə iş icra olunmamış, borcluya uzun müddət şərait yaradılmışdır ki, əşyalarını mənzildən özü çıxartsın. Bundan istifadə edən borclu mənzili tam yararsız vəziyyətə salmışdır. Hətta mənzilin divarlarını belə söküb, yerə tökmüşdür. İddiaçı dəfələrlə İcra Şöbəsinə bildirmişdir ki, cavabdeh mənzili söküb-dağıdacaqdır. Lakin Yasamal rayon İcra Şöbəsi tərəfindən buna əhəmiyyət verilməmiş və ona şərait yaradılmışdır ki, mənzili söküb-dağıtsın. Beləliklə, cavabdeh tərəfindən mənzilin sökülüb dağıdıldığı yerləri bərpa etməkdən ötrü 15000 manatdan artıq vəsait xərcləmişdir. Ona görə də cavabdehdən xahiş etmişdir ki, ona dəymiş maddi ziyanı ona ödəsinlər, lakin hal-hazıra kimi ona dəymiş maddi ziyan ödənilməmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi onun ərizələrinə cavab olaraq bildirmişdir ki, “Məhkəmə qərarının icrası ilə bağlı daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2550/2019 saylı icra sənədinə əsasən Cavabdeh mülkiyyətinizdə olan Bakı şəhəri, Yasamal rayonu, Nərman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Borclu Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, 11 saylı evin, 1 saylı mənzilindən çıxarılmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İş üzrə borclu Cavabdeh şöbəyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2550/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini xx.xx.2019-cu il tarixdə rəsmi qaydada aldığını bildirmişdir. İcraat zamanı Cavabdeh tərəfindən qeyd olunan qətnamədən kassasiya şikayəti verildiyindən icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə iş üzrə icraat “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə yuxarıda qeyd olunan icra sənədinə əsas olmuş qətnamə qüvvədə saxlanıldığından icraat təzələnmişdir. Məlum olduğu kimi, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisinaə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının, habelə “Koronavirus (COVİD-19) infeksiyasına qarşı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi haqqında” Nazirlik üzrə xx.xx.2020-ci il tarixli əmrin, o cümlədən Baş icra məmurunun xx.xx.2020-ci il tarixli göstərişinin tələbləri nəzərə alınaraq icra sənədinin icrası xüsusi karantin rejimi müddətində təxirə salınmışdır. Həyata keçirilmiş icra tədbirləri nəticəsində tələb xx.xx.2020-ci il tarixdə təmin edilmiş və icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. İcra məmurunun qanunsuz hesab etdiyiniz hərəkət və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət etmək hüququnuz vardır.” Beləliklə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi vaxtında icra sənədini icra etməmiş, cavabdehə şərait yaratmışdır ki, iddiaçının mülkiyətini yararsız vəziyyətə salsın və bununla da iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh hətta mənzilin unitazını belə söküb aparmışdır. Mənzilin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər vardır və həmin şəkilləri Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə də təqdim etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2661/2021 saylı qərardadı ilə iddianın cavabdeh Yasamal rayon İcra şöbəsinə aid hissəsi üzrə icraata həmin cavabdehə qarşı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki,

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddia tələbinin təmin olunmasını xahiş edərək şikayətində göstərir ki, mənzilin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər vardır və həmin şəkilləri Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə də təqdim etmişdir. İcra sənədi vaxtında icra edilməmiş, bundan istifadə edən borclu mənzili tam yararsız vəziyyətə salmışdır. Hətta mənzilin divarlarını belə söküb yerə tökmüşdür. Beləliklə, cavabdeh tərəfindən mənzilin sökülüb dağıdıldığı yerləri bərpa etməkdən ötrü 15000 manatdan artıq vəsait xərcləmişdir. Cavabdeh hətta mənzilin unitazını belə söküb aparmışdır. Mənzilin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər vardır və həmin şəkilləri Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə də təqdim etmişdir. Göründüyü kimi məhkəmə ekspert rəyinin verilməməsini əsas tutaraq, iddia tələbini rədd etmişdir. Halbuki, məhkəmə işin təkrarən ekspertizaya təqdim olunmasını təmin etməli idi. Çünki, ekspertizanın aparılmasının həmin günə təyin olunmasından onun məlumatı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ünvanladığı ərizəsində orta məktəbdə məsul vəzifədə çalışdığını, bu səbəbdən hazırki məhkəmə iclasında işdə olduğu üçün iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa günə, günün ikinci yarısına təyin edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin, ərizəsində qeyd etmişdir ki, əgər ehtiyac varsa və mütləqdirsə, baxış keçirilməsi üçün onunla əlaqə saxlanılsın və onun evdə olduğu gündə və saatda ekspert evdə gəlib öz vəzifəsini icra edə bilər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia qismən haqlı sayılırdı.

20. Apellyasiya baxışı zamanı yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında mübahisə predmeti olan mənzilin hansı hissələrinə və nə kimi zərər yetirildiyi, vurulmuş zərərin miqdarı (mənzildən çıxarılmış əşyaların, o cümlədən qapıların, mənzildən ayrılması çətin olan əşyaların istismar olunma və köhnəlmə dərəcələri nəzərə alınmaqla dəyəri, bu cür əşyalar çıxarılarkən mənzilə dəyən(sökülmə, uçurulma, qoparılma və.s. nəticəsində) ziyanı hesablamaqla hansı məbləğdə olması barədə suallar qoyulmuş, eləcə də ekspertiza zamanı mənzilə vurulmuş zərəri müəyyən edərkən iş materiallarından, o cümlədən işə əlavə edilmiş diskdən, tərəflərin izahatlarından, mənzildən çıxarılmış əşyalara baxış keçirilməklə istifadə olunması qərara alınmışdır.

21. Məhkəmə tikinti-texniki ekspertizasının 10/4389 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsindəki 11 sayli evin, 1 saylı mənzilin daxilində qapıları sökülmüş, sanitar qovşağında olan unitazlar, əlüzyuyan, plasmas vanna, hamam aksesuarları söküldüyü və aparılmış söküntü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3777,0 manat məbləğində müəyyən olunur.

22. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də iddiaçının mülkiyyətində olan mənzildən söküntü işlərinin aparıldığı və bunun nəticəsində ona maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Demək, ekspert rəyi ilə də cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması öz təsdiqini tapmışdır. Bu rəydə zərərin məbləği 3777 manat müəyyən edilmişdir.

23. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, ona tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə zərərin vurulması hissəsində məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Maddi zərərin məbləği hissəsində rəydə göstərilənlər mötəbər hesab edilməlidir. Çünki, zərərin miqdarı ilə bağlı hallar ekspert tərəfindən yoxlanılmış və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin dəyəri 3777 manat müəyyən edilmişdir. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, iddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın hazırda təmin edilməyən hissəsi təsdiq olunmalıdır. Əks halda, maddi ziyanın əvəzinin ödənilməsi barədə tələb həmin hissədə əsaslı ola bilməz. Ona görə də, iddiaçıya həmin məbləğdə maddi ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən bu hissədə iddia təmin edilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 3777 (üç min yeddi yüz yetmiş bir) manat alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 3777 (üç min yeddi yüz yetmiş yeddi) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin olunduğu üçün ekspertiza xərci olan 100 (yüz) manatın 70 (yetmiş) manat İddiaçı, 30 (otuz) manat isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar