Məhkəmə qərarları › İş №2(103)-2462/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2462/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2462/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2024 nömrəli 15 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər İddiaçı, X7 və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızının iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilinin iddiaçı X6 təhvil verilməsi, cavabdehlər İddiaçı və X3 ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən istifadə hüquqları olmayan hesab edilmələri qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6506/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamənin 43-cü bəndində müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya məхsus olan mübahisəli mənzildə onun razılığı olmadan yaşayaraq istifadə etmələri iddiaçı X4 mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır və qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnmiş olur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci tarixli, 2(103)- 6506/2022 saylı qətnaməsi dəyişdirilmədən saхlanılmışdır. Həmin qərarın 31-ci bəndindən görünür ki, iş üzrə iddiaçı X9 xx.xx.2022-ci il tariхdə vəfat etdiyinə görə, məhkəmə kollegiyasının qərardadı ilə iddiaçı hüquqi varisi (övladı) Cavabdeh ilə əvəz edilmişdir.

4. Sabunçu rayon 81 saylı MKİS-nin arayışına görə mənzil kirayəsi və məişət tullantıları haqqını qeydiyyatda olan və yaşayan İddiaçı mənzil alınan vaxtdan indiyə qədər ödəyib və həmin illərdə 81 saylı MKİS-də işləyən işçilərinin verdiyi məlumata görə İddiaçı mənzili 2004 və 2021-ci illərdə təmir etdirdiyi göstərilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hüquqi varis kimi adına keçəcək ünvan 2 ünvanının təmirinə çəkdiyi 40000 manat pulun və 210 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun əri X10 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzilini bacısı X5 adına almışdır. 20 ildən çoxdur ki, o, oğlu, gəlini, sonradan doğulmuş nəvəsi də bu evdə yaşamışlar. Bu evdə daimi qeydiyyatdadırlar. 20 il ərzində bu evi iki dəfə əsaslı təmir etdirmişlər. Axırıncı təmir iki il öncə olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-379/2023 nömrəli qərarı ilə onlar bu mənzildən istifadə hüquqlarını itirmişlər. Evi boşaldıb, mənzili təhvil verərkən onlar nə divardan oboyu, nə yerin polunu, nə də ki, kafel-metlağı çıxarası deyillər. Ona görə də bu təmirə, materiallara çəkdiyi xərcin pulunu tələb edir.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-teхniki ekspertizasının 10/4503 saylı xx.xx.2023-cü il tariхli rəyində göstərilir ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışlara əsasən tədqiq olunan mənzilin alınan gündən kirayə haqqının, kommunal xərclərinin İddiaçı tərəfindən ödənildiyi, həmçinin həmin mənzildə İddiaçı tərəfindən 2004-cü və 2001-ci illərdə təmir işləri aparıldığı göstərilmişdir. Bununla əlaqədar ekspert qarşısında qoyulmuş suallar üzrə qeyd olunur ki, tikinti-təmir işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, eləcə də aparılmış işlərə dair layihə-smeta sənədləri təqdim edilmədiyindən, tədqiq olunan mənzildə 2004-cü ildən sonra hansı təmir işlərinin aparıldığını və onların dəyərini müəyyən etmək mümkün deyil. Odur ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışa əsasən, həmin mənzildə 2021-ci ildə də təmir işləri aparıldığını, həmçinin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olmasını nəzərə alaraq, hazırki ekspertiza tədqiqatı mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması ilə əlaqədar aparılmışdır. Aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzili üzrə aparılmış tikinti-təmir işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 16099 manat məbləğində müəyyən olunmuşdur.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 yanvar 2024-cü il tarixli 2(008)-201/2024 nömrəli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.

9. Məhkəmə iddiaçının mənzildə təmir işləri aparması barədə “əsaslı şübhədən kənar” sübut təqdim etmədiyini nəzərə alaraq, mənzilin iddiaçının yaşamağa başladığı vaхtdan tam təmirli vəziyyətdə olması barədə cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır.

10. Məhkəmə qeyd etmişdir ki, ekspertin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olması ilə bağlı ekspertiza tədqiqatını mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması ilə əlaqədar apardığını nəzərə alaraq təmir işlərinin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması hissəsində ekspert rəyi ilə razılaşır və təmir işlərinin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin 16099 manat olduğu nəticəsinə gəlir. Bununla yanaşı, təmir işlərinin iddiaçı tərəfindən aparılması halının təsdiq olunmadığını nəzərə alaraq, ekspert rəyinin mövcudluğunun iddianın təmin edilməsinə əsas saymır. İddiaçının ünvan 2 ünvanında təmir işləri aparması halı təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a, Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 107, 115, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, 2004-2023-cü illərdə sözügedən mənzildə ailəsi ilə birlikdə yaşaması və həmin mənzillə bağlı kommunal ödənişlər etməsi, həmin müddət ərzində onun ailəsindən başqa hər hansı bir şəxsin yaşamasını heç kim, o cümlədən cavabdeh mübahisələndirmir. Belə olan halda həmin mənzildə həmin illərdə başqa şəxsin təmir işləri aparması absurddur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

18. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

26. Göründüyü kimi mübahisəli mənzil cavabdehin anası X4 mülkiyyətində olmuş, sonuncu vəfat etmişdir, Cavabdeh hüquqi varisidir.

27. Buna baxmayaraq mübahisəli mənzildə 2002-ci il tarixdən iddiaçı ailəsi ilə birlikdə yaşamış, daha sonra X1 Tamara Abbas qızı və ailə üzvlərinin mənzildən çıxarılmasına dair iddia qaldırmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

28. İddiaçı isə hazırki tələbində 20 ildən artıq müddətdir yaşadıqları mübahisəli mənzildə gördüyü təmir işlərinin xərcini tələb edir.

29. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şəхsiyyətləri bəlli olmayan şəхslərin məlumatlarına əsaslanan, tariхi və sıra sayı bəlli olmayan iddiaçı tərəfindən təqdim edilmiş arayış “əsaslı şübhədən kənar” sübut sayılmır, digər tərəfdən təmir işlərinin iddiaçı tərəfindən aparılması halı təsdiq olunmamışdır.

30. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən məhkəmənin gəldiyi qənaət əsaslı olmamışdır.

31. Məhkəmə təmirin iddiaçı tərəfindən aparılmasının təsdiq olunmadığını göstərsə də, işin mübahisəsiz halıdır ki, 2002-ci ildən etibarən mübahisəli mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır. Belə olan halda təmir işlərinin mənzildə yaşayan iddiaçı tərəfindən edilməsi aşkardır, bunun üçün əlavə sübut təqdim edilməsinə zərurət yoxdur.

32. Cavabdeh tərəf mənzilin iddiaçının yaşadığı vaxtdan tam təmirli vəziyyətdə olmasını bildirsə də, Kollegiya qeyd edir ki, mənzilin həmin vaxt təmirli olması o nəticəyə gəlməyə əsas vermir ki, sonradan mənzildə hər hansı təmir işləri aparılmamışdır, göründüyü kimi iddiaçı 2002-ci ildən mənzildə yaşayır və 20 ildən çox müddət ərzində həmin təmirin olduğu kimi qalması mümkünsüzdür, aydındır ki, bu qədər müddət ərzində mənzildə təmir işləri aparılmışdır.

33. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan asılı olmayaraq, ekspert rəyindən görünür ki, ekspertiza keçirilərkən, mənzilə baxış keçirilmiş və mənzilin faktiki olaraq orta təmirli vəziyyətdə olduğu müşahidə edilmiş və aparılmış tədqiqatın nəticəsindən asılı olaraq rəy verilmişdir.

34. Qeyd olunanlara əsasən iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

35. Qanunvericiliyin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Ekspert rəyindən görünür ki, rəy faktiki görülmüş təmir işlərinə görə verilmiş, həmçinin aparılması mümkün olmayan yaxşılaşdırmaların, yəni aparılması mümkün olmayan təmir işlərinin dəyəri müəyyən edilmişdir.

37. Kollegiya hesab edir ki, iddiaçı görülmüş təmir işlərinin dəyəri olaraq 40000 manat tələb etsə də, həqiqətən göstərilən məbləğdə xərc çəkilməsi müəyyən edilmədiyindən, ekspert rəyi əsas götürülməklə, faktiki görülmüş təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri olan 16099 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-201/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh təmir xərclərinə görə 16099 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 60 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 150 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar