Məhkəmə qərarları › İş №2(103)-2465/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2465/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2465/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 70 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********85 saylı kredit müqaviləsi imzalanmışdır.

2. 17.09.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 20 gün müddətinə kredit məbləği 90 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********96 saylı kredit müqaviləsi imzalanmışdır.

3. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 110 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********41 saylı kredit müqaviləsi imzalanmışdır.

4. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 130 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********72 saylı kredit müqaviləsi imzalanmışdır.

5. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 150 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********11 saylı kredit müqaviləsi imzalanmışdır.

6. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 150 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********05 saylı kredit müqaviləsi imzalanmışdır.

7. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 210 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, A**********560794334 saylı kredit müqaviləsi imzalanmışdır.

8. xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 250 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, A**********560794310 saylı kredit müqaviləsi imzalanmışdır.

9. Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə baxılmış, ərizədə göstərilən xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.

10. Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis baş leytenantı Fərrux Paşazadə tərəfindən verilmiş Nərimanov rayonu, Ə.Əliyev küçəsi İ6 bina 11 mənzil 1064-də yaşayan İddiaçı ərizəsi əsasında arayışla müəyyən olunur ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, bina 11, mənzil 1064-də yaşayan Əliyev X5 RPl-nin 17-ci PŞ-nə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, may ayının 8-i aşkar etmişdir ki, "xxxx" MMC onun adına kredit götürülmüş, adiyyatı yerə müraciət etmiş, tanıdığı şəxs tərəfindən kredit götürülməyə cəhd edilmiş və “Azpulmat MMC"-nin sistemində olan boşluq səbəbindən bu kredit təsdiqlənmişdir. Bununla bağlı “Azpulmat MMC"-ni şikayət etmiş və adına olan 126 gün kredit gecikməsinin silinməsini tələb etmişdir. Hadisə ilə əlaqədar olaraq, Şahid izahatının alınması məqsədi ilə PŞ-nə dəvət olunmuş, İddiaçı ilə birgə yaşadığını, və onun şəxsiyyət vəsiqəsindən istifadə edərək, “Azpulmat MMC"-dən 250 manat kredit götürdüyünü, həmin pulu yenidən qaytardığını, İddiaçı adına kredit borcunun olmadığını bildirmişdir. Vətəndaşa bu barədə rəsmi olaraq məktub vasitəsi ilə məlumat verilmiş, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir.

11. Şahid tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə ünvanlanmış izahatın surətindən görünür ki, Şahid izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı ilə birgə yaşamışdır. Maddi durumunun zəif olduğu üçün həmin şəxsin adına "xxxx" MMCdən kredit götürmüşdür. 250 manat pul. İşləyərək götürdüyü 250 manat pulu "xxxx" MMCyə qaytarmışdır. Hal-hazırda həmin şəxsin adına heç bir kredit yoxdur. İddiaçı danışaraq bu mövzunu səmimi şəkildə yoluna qoymuşlar.

12. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış BKC/LGL-14924/24 saylı məktuba əlavə edilmiş çıxarışla müəyyən olunur ki, ********* GSM nömrə (İMSİ: **********61684) xx.xx.1988-ci il təvəllüdlü X3 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı Azpul MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT AZPUL MMC və İddiaçı arasında bağlanmış “kredit müqaviləsinin etibarsız hesab edilməsinə, X2 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində yanlış olan məlumatları aradan qaldırılmasına, BOKT AZPUL MMC-in qanunsuz bağlanmış müqaviləsi nəticəsində çəkdiyi 200 manat xərcin cavabdeh tərəfindən hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 may 2024-cü il tarixində X8 kredit müraciəti edən zaman ona bildirilmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestr sistemində adına 119 gün gecikdirilmə ilə kredit borcu mövcuddur. Daha sonra 09 may 2024-cü il tarixində “Findoc.az” sistemində kredit tarixçəsini araşdıran zaman məlum olmuşdur ki, adına BOKT AZPUL MMC-də xx.xx.2023 tarixindən başlayaraq fasilələrlə kredit götürülmüş və ödənilmişdir. Sonuncu xx.xx.2023 tarixində 250 manat kredit götürülmüş və ödənilməmişdir. Nəticədə, kreditin ödənilməsində 119 gün gecikmə olmuş və buna görə 275 manat faiz hesablanılmışdır. Bununla bağlı 09 may 2024-cü il tarixində onlayn qaydada BOKT "xxxx" MMC-ə müraciət etdiyi zaman bildirildi ki, kredit onun vasitəsi olmadan götürülə bilməz. Daha sonra 10 may 2024-cü il tarixində əyani qaydada BOKT "xxxx" MMC-in ofisinə müraciət edən zaman məlum oldu ki, krediti götürən əvvəllər otaq yoldaşı olmuş şəxsdir və o onun şəxsiyyət vəsiqəsindən istifadə edərək bu işi həyata keçirmişdir. Nəticədə, BOKT "xxxx" MMC tərəfindən də kreditin əsassız olduğu təsdiq edildi. Daha sonra bununla bağlı məhkəməyə müraciət etdiyi zaman ona bildirilmişdir ki, ilk öncə bununla bağlı polisə müraciət etməlidir. xx.xx.2024-cü il tarixində bu məsələ ilə bağlı Bakı şəhər Nəriman Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə müraciət etmiş və araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixində ona bildirilmişdir ki, işin tərkibində cinayət əməli yoxdur və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, BOKT "xxxx" MMC və İddiaçı arasında elektron qaydada bağlanmış xx.xx.2023cü il tarixli A**********560794310 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X2 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində İddiaçı dair daxil edilmiş məlumatların aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pulun cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 331.1, 331.3, 337.1, 337.2, 337.3, 337.4, 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv olunması və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə, X2 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində yanlış olan məlumatların aradan qaldırılmasına, qanunsuz bağlanmış müqavilə nəticəsində çəkdiyi 200 manat xərcin Cəmiyyət tərəfindən hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu onunla əsaslandırmışdır ki, kredit üçün müraciəti iddiaçının şəxsiyyət vəsiqəsindən istifadə edərək onun otaq yoldaşı həyata keçirib. Cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli BKT-34 nömrəli lisenziya əsasında birbaşa təmas olmadan "xxxx" mobil tətbiqi vasitəsilə vətəndaşlara azməbləğli və qısamüddətli kreditlərin verilməsi sahəsində fəaliyyət göstərir. Kredit müqaviləsi vətəndaşlar tərəfindən imzanın analoqundan istifadə edilməklə imzalanır. Beləliklə, xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçı ilə cəmiyyət arasında fasilələrlə kredit müqavilələri bağlanmış, hər dəfəsində kredit borcları vaxtında və tam həcmdə ödənilmişdir. Sonuncu dəfə iddiaçı ilə xx.xx.2023-cü il tarixində 250 manat məbləğində A**********560794310 nömrəli kredit müqaviləsi bağlanmış, lakin kredit borcunun ödənilməsi 27 may 2024-cü il tarixində həyata keçirildiyi üçün "xxxx" MMC-nin kredit reyestr sistemində gecikmələr haqqında məlumatlar öz əksini tapmış oldu. Hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. İddiaçı ilə bağlanmış xx.xx.2023cü il tarixli A**********560794310 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər xx.xx.2024-cü il tarixində yerinə yetirildiyi üçün müqavilə qüvvədən düşmüş hesab edilmiş və nəticə etibarı ilə müqavilə üzrə hüquq və öhdəliklərə xitam verilmişdir. Yəni, hüquq və öhdəliklərinə xitam verilmiş əqdin etibarlığını mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yaranmamışdır. Tərəfindən xx.xx.2024-cü il tarixində iddiaçının otaq yoldaşı olan şəxsin şahid qismində məhkəməyə dəvət edilməsinə dair vəsatət verilmişdir. İddiaçı həmin şəxsin adını xatırlamadığı üçün daha öncə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə kredit müqaviləsi ilə bağlı şikayətlə müraciət etdiyini və həmin şəxsin Polis Şöbəsinin əməkdaşları tərəfindən izahat üçün dəvət edildiyini qeyd edərək şəxs barədə məlumatların Polis Şöbəsindən əldə etməyi xahiş etmişdir. Daha sonra Məhkəmə şahid barəsində məlumatların əldə edilməsi məqsədilə Polis Şöbəsinə sorğu göndərmiş, Polis Şöbəsi, öz növbəsində, iddiaçının şikayəti üzrə dəvət edilmiş Şahid ilə bağlı toplanmış materialları məhkəməyə təqdim etmişdir. Həmin materialların içində yer almış izahatında Şahid kreditin iddiaçının adına götürdüyünü, borcun ödənildiyini, iddiaçı ilə də məsələni “səmimi şəkildə” həll etdiyini qeyd etmişdir. Bu izahatda Şahid iddiaçının vəsiqəsinin icazəsiz və ya xəbərsiz götürdüyünə dair hər hansı təsdiqləyici ifadələri yer almamışdır. Bu, iddiaçı ilə Şahid arasında razılaşmanın olduğuna, iddiaçının öz vəsiqəsini könüllüklə verdiyinə, onun adından kredit müraciətlərin edilməsinə etirazının olmamasına dair şübhələrin yaranmasına əsaslar verir. Belə ki, iddiaçının adına rəsmiləşdirilmiş kredit müqavilələrin sayı 8-dir və sonuncu müqavilə üzrə ödənişlər gecikdirilməyənə qədər iddiaçı bununla bağlı nə cavabdehə, nə də müvafiq oqranlara hər hansı şikayət və ya müraciət etməmişdir. Şahid qismində iclasda iştirakı təmin edilməyərək həmin şəxs tərəfindən kredit vəsaitlərin əldə edilməsi üçün iddiaçının vəsiqəsindən istifadə edilməsinə razılığın və ya məlumatının olub-olmadığını aydınlaşdırmaq qeyri-mümkün olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, mübahisələndirilən əqdlər üzrə borc tam ödənilib.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 389.1. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir.

Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarına əsasən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Belə ki, tərəflər arasında elektron qaydada kredit müqavilələri bağlanmışdır. Bununla belə İddiaçı qeyd olunan müqavilələrin onun tərəfindən deyil, başqa şəxs tərəfindən şəxsiyyət vəsiqəsi məlumatlarından istifadə edilməklə bağlandığını iddia edir. Hazırkı tələb üzrə mübahisənin əsasını kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanmaması, yəni, əqdin bağlanmasında onun iradə ifadəsinin mövcud olmaması təşkil edir.

39. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir

40. Qeyd edilməlidir ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın “əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər” kimi fərqli növlərini meydana gətirir. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

41. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

42. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur.

43. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.

44. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur.

45. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

46. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Belə ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

48. İş materiallarında olan İddiaçı ərizəsi əsasında toplanmış materiallar, Şahid tərəfindən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə verilmiş izahat (onun təsdiq olunmuş surəti) ,məktuba əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şahid izahatının alınması məqsədi ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. Şahid izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı ilə birgə yaşamışdır. Maddi durumunun zəif olduğu üçün həmin şəxsin adına "xxxx" MMC-dən kredit götürmüşdür. İşləyərək götürdüyü 250 manat pulu "xxxx" MMC-yə qaytarmışdır. Həmçinin məhkəmə araşdırması zamanı mübahisələndirilən kredit müqaviləsində qeyd olunan (mülki iş v. 37) əlaqə nömrəsinin (9********) iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış BKC/LGL-14924/24 saylı məktuba əlavə edilmiş çıxarışla müəyyən olunmuşdur ki, ********* GSM nömrə iddiaçıya deyil, X3 məxsusdur. Digər tərəfdən "xxxx" mobil tətbiqinin daxili sistemindən çıxarılmış fotoşəkillərlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin imzalanması zamanı "xxxx" mobil tətbiqi vasitəsilə vətəndaş ilə birbaşa ünsiyyət qurmadan aparılan əməliyyatlar çərçivəsində vətəndaşın kimliyinin yoxlanılması üçün tədbirlər görülmüşdür. Belə ki, kredit müqaviləsi bağlanarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfindən çəkilmiş fotoşəkillər tətbiqə yerləşdirilmişdir. Eyni zamanda tətbiq vasitəsi ilə real vaxt rejimində şəxsin öz fotoşəklinin çəkilməsi xahiş edilmiş və tətbiqə yerləşdirilmişdir. Təqdim edilmiş şəxsiyyət vəsiqəsindəki fotoşəkil və çəkilmiş fotoşəkil arasında müqayisə aparılarkən qeyd olunan şəxslərin eyni şəxs olmadığı açıq-aşkar görünür.

49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bağlanması zamanı İddiaçı həqiqi iradə ifadəsi olmamış, iddiaçı qeyd olunan kredit müqaviləsini bağlamaq niyyətində olmamış, müqavilə predmeti olan pul məbləği onun mülkiyyətinə keçməmişdir. Belə ki, onun iradəsinə zidd olaraq elektron qaydada cavabdeh ilə kredit müqaviləsi imzalanmışdır. Müqavilə bağlanarkən şəxsin iradə ifadəsinin olması isə əqdin – müqavilənin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərdən biridir. Onun olmaması isə müqavilənin etibarsızlığına dəlalət edir. Yuxarıda qeyd olunan iş materiallarında olan sübutlarla və Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən mübahisə predmeti olan kredit müqaviləsinin bağlandığı andan özü-özlüyündə etibarsız olması müəyyən edilir. Həmçinin, "xxxx" mobil tətbiqinin daxili sistemindən çıxarılmış fotoşəkillərlə müəyyən olunur ki, təqdim edilmiş şəxsiyyət vəsiqəsindəki fotoşəkil və çəkilmiş fotoşəkil arasında müqayisə aparılarkən qeyd olunan şəxslərin eyni şəxs olmadığı açıq-aşkar görünür. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.

51. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-303/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar