Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2468/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qrişenko (Quliyeva) Tamara Telman qızı və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4883/2022 saylı, 19 dekabr 2022ci il tarixli qətnaməsindən cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bir neçə şəxsin, o cümlədən İddiaçı xx.xx.2014-cü il tarixdə verdiyi şikayəti əsasında Qrişenko (Quliyeva) Tamara Telman qızı və onun qardaşları barədə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayəti işi başlanılmış, İddiaçı şikayəti üzrə Qrişenko (Quliyeva) Tamara Telman qızının əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Tural Qasımov tərəfindən xx.xx.2020-ci il tarixdə cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
2. Cinayət işinin istintaqı zamanı İddiaçı və Qrişenko (Quliyeva) Tamara Telman qızı müxtəlif vaxtlarda müxtəlif, bəzən ziddiyətli ifadələr vermişlər. Cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, Qrişenko (Quliyeva) Tamara Telman qızı İddiaçı Vilnüs şəhərində qardaşının işlətdiyi kafeni 40 min avroya satıldığını bildirmiş, İddiaçı 2012-ci ildə həmin kafeni almaq məqsədilə 40 min avro ödəmiş, 2013-cü ildə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün avtomobilin sonradan ona satılacığı şərtilə əlavə olaraq 6 min ABŞ dolları ödəmişdir. Qrişenko (Quliyeva) Tamara Telman qızının ifadəsinə əsasən 40 min avro onun mərhum qardaşı İbrahimə ödənilmiş, İbrahim həmin pulu kiməsə vermiş və geri almadan ölmüşdür. Lakin sonradan cavabdeh Qrişenko (Quliyeva) Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamışdır. Həmin iltizama əsasən o, qardaşı X5 ilə İddiaçı Vilnüsdə kafe satmaq niyyətilə 40 min avro və 6 min ABŞ dolları aldıqlarını və iyul ayına qədər hissə-hissə qaytaracağına dair söz vermişdir. Həmin iltizam İddiaçı, Qrişenko (Quliyeva) Tamara Telman qızı və iltizamın yazılmasında iştirak edən Nəbiyev Əlamdar tərəfindən imzalamışdır. İddiaçı mövqeyinə görə ona kafe satılmamış, Cavabdeh1 (Quliyeva) mövqeyinə görə İddiaçı kafeni almaqdan imtina etmişdir. Qrişenko (Quliyeva) Tamara Telman qızı tərəfindən kafenin mülkiyyətçisinə, kafenin satışa çıxarılmasına dair hər-hansı bir sənəd istintaq orqanına təqdim edilməmişdir. İddiaçı mövqeyinə görə pullar əri tərəfindən Cavabdeh1 (Quliyeva) qızı Cavabdeh2 verilmiş, lakin Cavabdeh2 həmin halı inkar etmişdir. Eyni zamanda həmin qərarda Qrişenko (Quliyeva) Tamara Telman qızı izahatında 6000 ABŞ dolları və 40000 avronun qaytaracağı barədə iltizam yazdığını etiraf etmişdir.
3. X7 (İddiaçı əri) X3 qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər barədə iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X7 həmin iddia ilə əlaqədar müvafiq subyektiv hüquqa malik olmadığına görə iddia rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və Cavabdeh2 borclu olduğu ümumilikdə 40000 avro və 6000 ABŞ dollarının və ödədiyi 336,30 manat məbləğində dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiada göstərilir ki, 2011-ci ildə X6 iddiaçıya Vilnüs şəhərində qardaşı İbrahimin kafesi olduğunu, hazırda kafeni satmaq istədiyini bildirdi və kafeni almağı məsləhət gördü. Tamara 40000 avro məbləğində pul ödəyəcəyi təqdirdə Vilnüs şəhərində yerləşən kafeni alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcəyini bildirdi, iddiaçı da ona inanıb razılaşdı. 2012-ci ilin noyabr-dekabr aylarında əri Səlimov Mehdi ilə birlikdə Tamaranın deməsi ilə qızı Elnarə ilə görüşüb ümumilikdə 40000 avro məbləğində pulu Elnarəyə vermişlər. İddiaçı Tamaranın onu aldatdığını görüb pulunu qaytarmasını tələb etdi, sonuncu isə müxtəlif bəhanələrlə hər dəfə iddiaçını aldatmağa başladı. Bundan sonra iddiaçı məcbur olub polis bölməsinə şikayət etdi. Tamara xx.xx.2014-cü il tarixdə polis bölməsində yazılı iltizam verərək aldığı pulu hissə-hissə olmaqla 2014-cü ilin iyul aynadək qaytarmağı öhdəsinə götürdü. Lakin Tamara yenə də yazdığı iltizama əməl etməyərək pulu qaytarmadı. Bundan sonra, iddiaçı Nizami Rayon Prokurorluğuna şikayət etdi və Nizami Rayon Polis İdarəsində Tamara barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıldı. Bundan sonra, Tamara barəsində bir neçə şəxsin də şikayətçi olduğunu öyrəndi. Cinayət işi üzrə istintaq aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə müstəntiq tərəfindən CPM-in 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. X6 bu günədək iddiaçıdan aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də iddiaçı məcbur qalıb məhkəməyə müraciət edir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4883/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia tələbinin qismən təmin edilərək 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 336,30 manat məbləğində dövlət rüsumunun Qrişenko (Quliyeva) Tamara Telman qızından alınaraq İddiaçı ödənilməsi; iddianın Cavabdeh2 qarşı hissədə rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı ilə cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı arasında olan münasibətlər borc münasibətləri olmamışdır. Belə ki, yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borc pul verməmiş, kafe almaq niyyətilə 40 min avro vermiş, kafeni ala bilməmiş, kafeyə dair, kafenin satlımasına dair heç bir sənəd cavabdeh tərəfindən istintaq orqanına təqdim edilməmişdir. Bu əsasdan məhkəmə iddiaçı tərəfindən kafenin alınmasından imtina edilməsini inandırıcı hesab etmir. 6000 ABŞ dolları isə iddiaçı avtomobilin gömrük rəsmiləşdirlməsi üçün sonradan avtomobilin ona satılacağı şərtilə vermiş, avtomobil ona satılmamış və pul da qaytarılmamışdır. Odur ki, məhkəmə hesab edib ki, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya aid müddəaları yaradır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən imzalanmış qəbz həyata keçirilməmiş əsasa söykənmişdir. Belə ki, nə kafe, nə avtomobil iddiaçıya satılmamışdır. Odur ki, məhkəmə hesab edib ki, 40 min avro və 6000 ABŞ dolları cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə hesab edib ki, iddia Cavabdeh2 qarşı rədd edilməlidir. Belə ki, pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edib ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən iddiaçı X7 (İddiaçı əri) cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızına qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər barədə iddia ərizəsinə baxılan zaman cavabdeh X6 məhkəmədə iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etmişdir. Hazırki işdə cavabdeh iştirak etmədiyinə və iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə müraciət etmədiyinə görə məhkəmə aşağıdakıları qeyd edib. Beləliklə, əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddət nəzərdə tutulmadığından tələb qüvvəsini itirməmişdir. Belə ki, cavabdeh Quliyeva Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamış, iddiaçı isə iddia ərizəsini 2022-ci ildə vermişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Qrişenko (Quliyeva) Tamara Telman qızı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, iş materiallarına nəzər salarkən tərəfindən iddia müddətinin tətbiqinə dair elektron məhkəmə informasiya sisteminə xx.xx.2022-ci il tarixində həmin ərizənin qeydiyyata alındığı açıq-aydın görünür. Hesab edir ki, iddiaçı tərəfindən həmin məbləğ mal satışı ilə əlaqədar olduğuna görə hazırki, iddia müddətinin tətbiqi 551.2.3-cü maddənin təsiri altına düşür. Belə ki, iş materialında olan xx.xx.2014-cü il tarixli iltizamdan da göründüyü kimi həmin pulun 2014-cü ilin iyul ayına kimi qaytarılmasına dair öhdəçilik götürmüşdür. Hazırki vəsait mal satışı ilə əlaqədar olduğuna görə 2019-cu ilin iyul ayınadək (5 illik iddia müddəti) iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli idi. İş materiallarından da göründüyü kimi iddia müddəti ötürüldüyündən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən hazırki, iddia rədd olunmalı halda qismən təmin edilmişdir. Birinci inistansiya məhkəməsi iddia müddətini tətbiq edərkən yanlışlığa yol vermişdir.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Əvvəlki məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili Naxçıvan şəhərində keçirilən pulsuz hüquqi yardım aksiyasında iştirak etməli olduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyindən vəsatəti nəzərə alınıb məhkəmə iclası təxirə salınmışdır. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçının nümayəndəsi və vəkili bu dəfə səhhəti ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edir, lakin əvvəlki iclasda olduğu kimi bu dəfə də müraciətinə heç bir sübut əlavə etmir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh də məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat vermir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının, o cümlədən müddətin keçdiyini nəzərdə tutan normaların dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia təmin edilə bilməzdi.
19. Əvvəla, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Yəni, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki işdə cavabdeh iddiaçının hesabına həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa görə varlansa belə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddiaçı da həmin müddəti ötürmüşdür.
20. Belə ki, birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında borc münasibətləri olmamış, əsassız varlanmaya dair münasibətlər yaranmışdır. Çünki, iddiaçının hazırki tələbinin faktiki əsası kimi 09 mart 2014-cü il tarixli iltizam çıxış edir. Həmin iltizamda cavabdeh Tamara X1 ilə iddiaçıdan tələb edilən məbləğdə Vilnüs şəhərində kafe satmaları ilə əlaqədar pul aldıqlarını, pulun iyul ayına qədər hissə-hissə qaytarılmasına söz verib öhdəsinə götürdüyünü, əks təqdirdə məsuliyyət daşıyacağını, iltizamı heç bir təsir olmadan yazdığını qeyd etmişdir(bax.i.v.60). Qeyd olunan iltizamda yaxud işdə olan digər sübutlarla cavabdehin yaxud digər cavabdeh olan qızının iddiaçıdan bilavasitə tələb edilən məbləği alması təsdiq olunmasa da cavabdeh üzərinə belə bir öhdəlik götürmüşdür. Ona görə də birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh tərəfindən imzalanmış qəbz həyata keçirilməmiş əsasa söykənmiş, çünki, nə kafe, nə avtomobil iddiaçıya satılmamışdır. Ona görə də tələb edilən məbləğin cavabdeh X2 iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
21. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hesab edib ki, iddia Cavabdeh2 münasibətdə rədd edilməli, çünki, pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilməmişdir.İddiaçı digər cavabdehə münasibətdə iddianın rədd edilməsini mübahisələndirməmişdir. Başqa sözlə Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi ilə iddiaçı faktiki olaraq razılaşmışdır. Lakin iddiaçının tələbinə görə tələb edilən məbləğ bilavasitə Cavabdeh2 verilmişdir. Bu cür vəziyyətdə cavabdehlərə münasibətdə məhkəmənin gəldiyi nəticə ziddiyyətli vəziyyət yaradır. Belə ki, məhkəmə bir tərəfdən pulların alınmasında Cavabdeh2 iştirak etməsinə dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilmədiyi qənaətinə gəlir, digər tərəfdən isə Cavabdeh1 tələb edilən məbləği bilavasitə etiraf etməsinə görə ona münasibətdə iddianı əsaslı sayaraq təmin edir.
22. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçı X7 (İddiaçı əri) cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızına qarşı 40000 avro və 6000 ABŞ dolları məbləğində pulun tutulması və digəri tələblər barədə iddia ərizəsinə baxılan zaman cavabdeh X6 məhkəmədə iştirak etməsə də, məhkəməyə ərizə ilə müraciət edərək iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etdiyini, hazırki işdə isə cavabdeh iştirak etmədiyinə və iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə müraciət etmədiyinə istinad edərək əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddət nəzərdə tutulmadığını göstərərək hesab edib ki, tələb qüvvəsini itirməmişdir. Çünki, cavabdeh Quliyeva Tamara xx.xx.2014-cü il tarixdə iltizam imzalamış, iddiaçı isə iddia ərizəsini 2022-ci ildə vermişdir. Göründüyü kimi, məhkəmənin bu qənaəti də açıq-aşkar əsassız olmuşdur. Əvvəla, ona görə ki, cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızı hazırki işdə də iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmiş və elektron məhkəmə informasiya sistemində xx.xx.2022-ci il tarixində həmin ərizənin qeydiyyata alındığı açıq-aydın görünür. Lakin məhkəmə həmin ərizəni işə əlavə edib ona münasibət bildirməmişdir. Bundan əlavə, məhkəmə əsassız varlanmadan irəli gələn tələblərə qısaldılmış müddətin nəzərdə tutulmadığı qənaətinə gəlsə də, yenə də yanlışlığa yol vermişdir. Çünki, məhz Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşdüyü, qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirildiyi təsbit edilmişdir. Bu cür vəziyyətdə məhkəmə əsassız varlanmadan irəli gələn tələblərə daha hansı qısaldılmış müddətin nəzərdə tutulmalı olduğunu açıqlamamışdır. 23.Göstərilənlərlə yanaşı, işə əlavə edilmiş iltizamın 09 mart 2014-cü ildə yazıldığı və tələb edilən məbləği həmin ilin iyul ayına qədər hissə-hissə qaytarılmasına söz verilmişdir. Buna baxmayaraq iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 8 il, 3 aydan sonra müraciət etmişdir. Demək, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iddiaçı məhrum olan idisə tələb etdiyi məbləği qaytarmaq hüququ ona 2014-cü ildə artıq məlum idi. Ancaq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 8 ildən artıq bir müddətdə gözləməsi anlaşılan olmamışdır. Çünki, bu vəziyyt həyatda həmişə baş verən hallara uyğun gəlmir. Başqa sözlə, iddiaçı cavabdehdən yazdığı iltizamda göstərdiyi məbləği tələb etməsi üçün 8 il gözləməmli idi, gözləmişdirsə bunun səbəblərini iddia ərizəsində ciddi arqumentlərlə göstərməli idi. Əlbətdə ki, iddiaçı yaxud hansısa şəxs düşünə bilər ki, 2014-cü ildən 2020ci ilədək, yəni cinayət işi başlandığı vaxtdan xitam edildiyi vaxtadək müddətin axımı davam etməmiş yaxud iddiaçı cinayət təqibi üzrə aparılan araşdırmanın nəticəsinə hansısa “ümidi” olmuşdur. Ancaq istintaqın bu müddətdə davam etməsi yaxud dayanması da iddiaçını narahat etməli yaxud düşündürməli idi, lakin bu vəziyyət belə çıxır ki, onu qane etmişdir. Əks halda bu müddətdə iddiaçının faktiki olaraq “fəaliyyətsiz” qalması həm də iddianın məhz hazırki iş üzrə cavabdehə münasibətdə əsaslılığına ümidsiz olduğunu büruzə vermiş olur. Buna baxmayaraq, cinayət işinin icraatına xitam verildiyi vaxtdan da, 2 il, 3 ay keçdikdən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Yəni, yenə də Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddəti ötürmüşdür. Demək ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməli idi, lakin birinci instansiya məhkəməsi cavabdehin bu barədə ərizəsini nəzərə almamış yaxud ərizənin mövcudluğuna əhəmiyyət verməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın iddia müddəti tətbiq etməklə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, iddia müddəti və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
25. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4883/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia tələbi təmin edilən həmin hissədə də təmin edilməməlidir.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Qrişenko (Quliyeva) Tamara Telman qızının apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4883/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.