Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2470/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin satılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, cərimə borcunun və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “Nikoyl” İKB (hazırda İddiaçı ASC) ilə Cavabdeh arasında 02 aprel 2007-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank, avtomobil alması üçün Cavabdeh 18 ay müddətinə, illik 26%-lə 8860 manat kredit verməyi, Cavabdeh isə krediti faizləri ilə birlikdə geri qaytarmağı öhdələrinə götürmüşlər.
2. Kredit müqaviləsində nəzərdə tutulmuş kredit məbləği Cavabdeh verilmişdir.
3. Bankla Cavabdeh arasında 02 aprel 2007-ci il tarixdə A 98/03/07 saylı ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq Cavabdeh məxsus olan 1995-ci il buraxılışlı, gümüşü metal rəngli, ban VVDBHA22EOSF238725, mühərrik **********4075 olan, "MERCEDES BENZ 220” minik markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. 04 avqust 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh həmin tarixə banka 8860 manat əsas, 2505,63 manat faiz, 4920,21 manat cərimə, 2854,2 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla cəmi 19 140,04 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. “Nikoyl” İKB (hazırda İddiaçı ASC) (iddiaçı, bank) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən bankın xeyrinə 02 aprel 2007-ci il tarixli müqavilə üzrə 8860 manat əsas, 2112 manat faiz və gecikdirməyə görə hesablanmış 10 485,89 manat dəbbə pulu borcunun, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun tutulması, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətindəki **-OU-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli “MERCEDES BENZ 220” minik markalı (ban: VVDBHA22EOSF238725) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankla cavabdeh arasında 02 aprel 2007-ci il tarixdə A 98/03/07 sayli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə borcalana avtomobil alınması üçün 8860 manat məbləğində 26% hesablanmaqla 18 ay müddətinə kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh bankdan götürdüyü kredit məbləğini razılaşdırılmış ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də müqavilə şərtlərini pozmuş, nəticədə xx.xx.2008-ci il tarixinə 8860 manat əsas, 2112 manat faiz borcu və gecikdirməyə görə hesablanmış 10 485,89 manat dəbbə pulu borcu yaranmışdır.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.
8. Həmin qətnamənin ləğvinə dair cavabdehin ərizəsi məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə təmin olunmuş, xx.xx.2008-ci il tarixli qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılması qərara alınmışdır.
9. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən 02 aprel 2007-ci il tarixli müqavilə üzrə 8860 manat əsas, 2505,63 manat faiz və 4920,21 manat cərimə borcu, xx.xx.2022-ci il tarixinə illik 5 %-lə hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 19 140,04 manat borcun və 20 manat dövlət rüsumunun tutulması, cavabdehdən tutulmalı olan məbləğin, yəni cəmi 19 140,04 manat borcun və 20 manat dövlət rüsumunun bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətindəki **-OU-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli “MERCEDES BENZ 220” minik markalı (ban: VVDBHA22EOSF238725) avtomobilin açıq hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İşə yenidən baxılarkən cavabdeh kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirərək müvafiq ekspertiza təyin olunmasını xahiş etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, 02 aprel 2007-ci il tarixli, A 98/03/07 saylı kredit müqaviləsinin birinci səhifəsinin aşağı sağ hissəsindəki imza və sonuncu səhifəsində olan “Borcalan” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 02 aprel 2007-ci il tarixli A 98/03/07 saylı kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5 % hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14 419,83 manat borcun və 20 manat dövlət rüsumunun, yəni cəmi 14 439,83 manatın (on dörd min dörd yüz otuz doqquz manat, səksən üç qəpik) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza xərci kimi 126 (yüz iyirmi altı) manatın Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin vəzifəsini icra etməyərək öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.
13. Məhkəmə hesab etmişdir ki, əsas borca münasibətdə cavabdehdən 4920,21 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.
14. Məhkəmə həmçinin vurğulamışdır ki, iddia tələbi “02 aprel 2007-ci il tarixli A 98/03/07 saylı kredit müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti bitəndən sonra 2854,20 manat faiz borcunun cavabdehdən tutulması” hissədəi də əsaslıdır.
15. Bununla belə məhkəmə, iddianı “tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi” hissəsində əsassız hesab etmiş, bu qənaətini ipoteka hüququnun dövlət qeydiyyatına alınmaması ilə əlaqələndirmişdir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 309.1-ci, 385.1-ci, 442-ci, 739.1-ci, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir.
17. Qətnamədən cavabdeh (nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, qətnamədə göstərilən nəticənin işin hallarına uyğun olmadığı, mühasibatlıq ekspertizası keçirmədən bankın tələb etdiyi məbləğin cavabdehdən tutduğu, ipoteka müqaviləsinin qeydiyyata alınmadığı barədə düzgün nəticəyə gəlməyərək avtomobilə tutma yönəltmədiyi və bununla da cavabdehin hüquqlarını pozduğu arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı yazılı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, onun nümayəndəsi (vəkili) ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə onun prosesin yekunlaşmasını uzatmaq istədiyini, şikayətin əsassız olduğunu bildirmişdir.
20. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
24. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
25. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
27. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
33. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.
34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)
39. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır.
40. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
41. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
42. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
43. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı
44. ...Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
48. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı bank şikayət vermədiyindən qətnamənin iddianın təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
59. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
60. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
61. Kollegiyanın qənaətinə görə, məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 200 manat müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinin dəlili isə əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
62. Kollegiya, birinci instansiya məhkəməsinin “illik 5 %-lə hesablanmış 2854,2 manat əldən çıxmış faydanın tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir.
63. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.
64. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirməmişdir; onun 8860 manat əsas borcuna müqavilənin bitdiyi xx.xx.2008-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi (təxminən 14 il) illik 5%-lə hesablanacaq faiz isə 9746 manat təşkil edir.
65. “İpoteka predmetinə tutmanın yönəldilməsi” tələbini təmin etməməklə məhkəmənin düzgün nəticəyə gəlmədiyi barədə apellyatorun arqumentinə münasibətdə kollegiya qeyd edir ki, ipoteka predmetinə tutma yönəldilməsini istəmək ipoteka saxlayanın hüququdur və iddiaçı qətnamədən şikayət vermədiyindən, qətnamə müvafiq hissədə yoxlanıla bilməz.
66. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-204/2023 saylı iş üzrə 07 sentyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh 02 aprel 2007-ci il tarixli A 98/03/07 saylı kredit müqaviləsi üzrə 8860 manat əsas borc, 2505,63 manat faiz borcu və 200 manat cərimə borcu, illik 5 % hesablanmış 2854,2 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 14 419,83 manat borcun və 20 manat dövlət rüsumunun, yəni cəmi 14 439,83 manatın (on dörd min dörd yüz otuz doqquz manat, səksən üç qəpik) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ekspertiza xərci kimi 126 (yüz iyirmi altı) manatın Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov