Məhkəmə qərarları › İş №2(103)-2471/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2471/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2471/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı, 15.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMF-in Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi, Mərkəzi filialın 30.10.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatların silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmalarını, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı 27.10.2014-cü il tarixli icra sənədi əsasında Bakı şəhəri Cavabdeh1 17.03.2020-ci il tarixli qanunsuz tələbinin icrasının dayandırılması, qərardadın icrasının “Mərkəzi filial”a həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı, 15.12.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Sabit Bəhramzadə). İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin həmin qərardadın izah edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmişlər. Kollegiya cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddiaçı, iddia təmin etmə tədbirinə dair ərizəsində Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 17.1.4-cü maddəsinə istinad etsə də, həmin qanunun tələblərinə riayət etməməklə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Qeyd edilən qanunvericilik aktı normalarının tələblərindən göründüyü kimi, icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat yalnız icra məmuru tərəfindən dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5.1 və 157.5.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırmalıdır. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Qeyd olunan qanunvericilin tələblərinə əsasən kollegiya hesab edir ki, İddiaçı icra sənədi üzrə icraatın dayandırılmasına müvafiq qanunvericiliyin tələblərinə uyğun qaydada əməl edilməklə nail olmaması barədə ərizəsini əsaslandırmadığından və bu barədə sübutları məhkəməyə təqdim etmədiyindən ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3786/2021 saylı, 15.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar