Məhkəmə qərarları › İş №2(103)-2471/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2471/2025

01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2471/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinə qarşı "qanunsuz inzibati aktın ləğv edilməsinə" dair işə baxılanadək, mülki iş üzrə icraat dayandırılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1651/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və 2(005)-1651/2024 saylı mülki işə baxılması davam etdirilmişdir.

2. İddiaçı cavabdehin mənzili sökülmək üçün təhvil verməməsi səbəbindən ziyana məruz qaldıqlarına, əlavə olaraq kirayə haqqı, icarə haqqı ödədiklərinə istinad edərək cavabdehdən vurulmuş maddi zərərə görə 30000 manat pul tələb edir. Cavabdeh isə onlarla danışıqların 2024-cü ilin fevral ayından başlandığına, binada yaşayışın davam etdiyinə, sakinlərin çıxmadığına, mülkiyyət hüquqlarının müdafiəsini həyata keçirdiklərinə istinad edərək iddiaya etiraz edir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

3. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun tutularaq iddiaçı “Ailə Park" QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh delikt nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC tərəfindən ödənilmiş 180 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X8 edilməsinin Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14,14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə İddiaçı QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. "xxxx" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 12 ünvanında yerləşən 30 və 60 saylı mənzilin sahibi olan cavabdeh X1 ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı “Ailə Park" QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu 60 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 85 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 manat kirayə haqqı, 30 saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 57,6 kv.metr yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 450 manat kirayə təklif olunur. İddiaçı QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyrimümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan suiistifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. Belə ki, sökülmüş hər binada 60 mənzilin olmasını və hər bir mənzil sahibinə aylıq 300-400 (ortalama 350) manat məbləğində kirayə haqqının ödənilməsini nəzərə alsaq, binanın sakinlərinə 60 x 350 = 21000 manat məbləğində aylıq kirayə haqqı ödənilir. Bununla yanaşı icarəyə götürülmüş texnikadan (qaldırıcının, ekskovatorun və digər nəqliyyat vasitələrinin) müddətdən artıq istifadəsinə görə QSC hər ay 30 000-40 000 (ortalama 35000) manat məbləğində icarə haqqı ödəmək məcburiyyətindədir. Bundan başqa Bakı şəhəri, Nərimanov raycnu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə “Ailə Park" QSC arasında bağlanmış 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə veri məsi haqqında” müqavilənin 7.4-cü bəndinə əsasən icarəçi hər il 87751,37 manat məbləğində icarə haqqı ödəyir. Sərəncamın icrası və QSCnin daha da çox maddi zərərə məruz qalmaması məqsədi ilə tərəflərindən cavabdehə qarşı mübahisəli mənzillərin boşaldılması, sökülməsi, sökülmüş mənzillərin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh vurulmuş maddi zərərə görə deliktdən törəyən məsuliyyəti daşımalıdır.

6. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki "xxxx" QSC Cavabdeh mülkiyyətindən əsassız, qanunsuz və ədalətsiz olaraq məhrum etmək üçün məhkəməyə müraciətlər edib. Hal-hazırda iddiaçı tərəfindən bir neçə tələblər üzrə cavabdehə qarşı iddialar qaldırılmışdır və məhkəmə mübahisələri davam edir. Qaldırdığı tələblər üzrə məhkəmə aktları qəbul edilməmiş və qüvvəyə minməmişdir. İddiaçının bu formada iddialar qaldırmağı hüquqlarından sui-istifadə etməsi və qanunsuz əməllərinə məhkəmə vasitəsi ilə hüquqi don geyindirmək istədiyini hesab edirlər. Cavabdehə qaldırılmış iddialar üzrə cavabdeh, tərəf olaraq konstution hüquqlarını qorumaq və çəkişmə prinsipinə uyğun olaraq müdafiəyə əməl etmə məcburiyyətində qalıb. Cavabdehin müdafiə hüququndan istifadə etməsi, haqqını qoruması heç bir halda ziyan vurma xarakteri yaratmır. Cavabdehin mənzilinin yerləşdirdiyi evlə bağlı danışıqlar 2024-cü ilin fevral ayında olmuşdur. Danışıqlardan sonra iddiaçı sakinlərdən bir neçəsini məhkəməyə vermişdir, iddiaçı özünün təqdim etdiyi sübut əhəmiyyətli hesab etdiyi müqavilələrdən görünür ki, 2 il qabaq (2022-ci il və 2023-cü il tarixli) icarə müqaviləsi bağladığı avadanlıqların onların evlə bağlı heç bir əlaqəsi olmayıb. Qeyd edilən ərazidə bir neçə evlərin inşası olub. Yəni hissə-hissə evlərin sakinləri ilə danışıqlar aparılaraq işlər görülmüşdür. İddiaçının həmin ərazidə hər hansı tikinti aparmağa subyektiv hüququnun ümumiyyətlə olmadığını və məhkəmənin bu halı ətraflı araşdırmalı olduğunu və aidiyyəti sənədləri istəyərək təhlil etməli olduğunu hesab edirlər. Vətəndaşların qanunvericiliyin verdiyi hüquqlardan istifadə edərək məhkəmələrdə cavabdeh olaraq müdafiə olunması, özünü, ailəsinin gələcəyini səhhətini, sağlamlığını və əmlakını qoruması pozuntu olmadığı üçün və deliktə əsaslana bilməz.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. İddiaçı QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

9.İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, Cavabdeh elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı tərəf gəlməməyin səbəbləri barədə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

11. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

12. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

13. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

14. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

15. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir.

17. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyini, mübahisənin məhkəmədən kənar həll edilməsinə qərar verdiklərini bildirmiş qeyd olunanlara əsasən iddia tələbindən imtina barədə ərizəsnin qəbul edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsni və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

18. Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı QSC-nin iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3681/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar