Məhkəmə qərarları › İş №2(103)-2472/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2472/2023

17.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2472/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması) hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3480/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, xx.xx.2018-ci il tarixli 3M/1477 reyestr nömrəli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh2 İddiaçı götürdüyü borcdan yaranan borc, yəni 140.000 ABŞ dolları, bu günkü ekvivalent manatla kurs üzrə 238.000 manat borc məbləği xx.xx.2019-cu il tarixədək qaytarmaq öhdəliyi yaranmışdır. Həmin borc öhdəliyi ipoteka saxlayan İddiaçı tələbi ilə ipoteka qoyana, Cavabdeh1 məxsus ipoteka predmeti ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224.1 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.03 ha torpaq sahəsindən ibarətdir.

2. İddiaçı hərracda iştirak etmiş, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 138 nömrəli evi 25 % aşağı qiymətlə, yəni 114.750 manata əldə etməyə razılıq vermiş və həmin fərdi yaşayış evini əldə etmişdir.

3. Həmin ev mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2382/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi”nə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, Bakı şəhəri Sabunçu rayon icra şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə hərracın və həmin hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, məhkəmədən cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunda xx.xx.2019-cu il tarixli 8İ10196 reyestr nömrəsi ilə icra qeydi aparılmış, onunla Cavabdeh2 arasında rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli 3M/1477 reyestr nömrəli Kredit müqaviləsi Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunan icra qeydinə əsasən onun xeyrinə Cavabdeh2 vaxtında ödənilməmiş 140.000 ABŞ dolları, bu günki ekvivalent manatla kurs üzrə 238.000 manat borc məbləğinə dair ipoteka saxlayan tələbi ilə Cavabdeh1 məxsus ipoteka predmeti olan ƏMDK-nın yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 224.1 kv/m olan fərdi yaşayış evindən ibarət əmlaka tutma yönəldilməsi göstərilmişdir. İcra qeydinin icrasını təmin etmək məqsədilə icra məmuru **********/15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən evin açıq hərrac yolu ilə satılması və müvafiq tədbirlərin görülməsi üçün müraciət etmişdir. Hərracda iştirak edərək “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə, yəni 114.750 manata əldə etməyə razılıq vermiş və xx.xx.2021-ci il tarixli 19/01 nömrəli hərracın yekunları barədə protokola əsasən evi əldə etmiş və lazımi sənədlər tərtib edilmişdir. Bundan sonra o, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla həmin mənzil üzərində mülkiyyət hüququ almışdır. O, mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair çıxarış əldə etməsinə baxmayaraq iş üzrə cavabdehlər onun mülkiyyətində olan mənzildən çıxmaqdan və mənzili boşaltmaqdan imtina edirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3480/2021 saylı qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli evdə hər hansı bir hüquq əldə etmədən yaşayırlar və həmin evin mülkiyyətçisi - İddiaçı mülkiyyət hüququnu kobud şəkildə pozaraq maneçilik yaradırlar. Ona görə də iddiaçının mənzil üzərində pozulmuş hüquqlarının bərpa olunması üçün cavabdehlər ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224.1 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı, ev boşaldılmalı və cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 269.5, 317, 319.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən saxta borc müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740.2-ci maddələrinin tələblərinə istinad etmişdir. Həmin sənədi məhkəmə sübut kimi qəbul etdiyi halda işin məhkəmədən qabaq iddiaçının cavabdehi pretenziya qaydasında xəbərdar etməməsi səbəbində işi geri qaytarmalı və ya xitam etməli idi. Məhkəmə qətnamə qəbul edərkən işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işin pretenziya qaydasına əməl edilməməsinə baxmayaraq işi icraata götürmüş, işə tələsik baxaraq qərar vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, digər cavabdehlər onun əri və oğludur. Qətnamə ondan apellyasiya şikayəti verilməsinə baxmayaraq icra məmurunun tələblərinə əsasən icra olunmuşdur.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 16. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verildiyindən və qətnamə tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin cavabdehə münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası Cavabdeh3 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224.1 kv.m olan fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, lakin müqavilə üzrə öhdəliklər həmin cavabdeh tərəfindən yerinə yetirilmədiyindən notariusun icra qeydi əsasında ipoteka predmetinə yönəldilmiş, açıq hərracda iddiaçı tərəfindən əldə edilmiş və onun xüsusi mülkiyyətinə keçmişdir.

24. Cavabdeh1 hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirsə də, iddiası təmin edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq haqlı olaraq hesab etmişdir ki, cavabdehlər sözügedən evdə yaşadıqlarından iddiaçı mülkiyyətçi kimi həmin evdə yaşamaq və istifadə etmək hüququndan məhrum olmuş, bununla da onun hüquqları pozulmuşdur.

26. İşdən həmçinin görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verildikdən sonra qətnamə artıq icra olunmuş və icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi borc müqaviləsi üzrə borcun tutulması olmadığından, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi tələb olunmur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3480/2021 saylı qətnaməsi həmin cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar