Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2475/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh “xxxx” ASC nümayəndəsi Əliyeva Dinara Emil qızının iştirakı ilə, İddiaçı Sultanova Ülkər Murad qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh “xxxx” ASC-yə qarşı “kredit öhdəliyi üzrə vaxt keçmiş kredit borcunun restrukturizasiya edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4233/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Sultanova Ülkər Murad qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göstərilənlərə əsasən ona əsassızx və qanunsuz olaraq yaradılmış problemin öz müsbət həllini tapması məqsədilə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanında göstərilən qaydada və şərtlərlə qalıq 2052,33 manat məbləğində kredit öhdəliyi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, «xxxx» ASC-dən xx.xx.2015-ci il tarixdə götürdüyü 3000 ABŞ dolları məbləğində kreditin ödənilməsində əvvəllər heç bir problem olmasa da, məlum devalvasiyadan sonra ödənişlərində problem yaralanmışdır. Lakin Ölkə Başçısının məlum Fərmanı əsasında məhkəmə və icra şöbəsində olan işlər, eləcə də gecikdirilmiş kredit öhdəliklərinin dayandırmaqla, onunla yeni müqavilə bağlanması tövsiyə olundu. Bu bankdan əlavə olaraq digər bir banka da pul borcu vardı və fərmanın təsirinə düşdüyü üçün digər bank «Unibank» onunla yeni müqavilə bağlanmasını təşkil etdi və heç bir problem yaratmadan yeni ödənişlər həyata keçirir. Lakin əvvəl gündən dəfələrlə müraciət etsə də, «xxxx» İKB ASC onunla bilərəkdən yeni müqavilə bağlamadı, gözləməyi tövsiyə etdi. Sonradan müraciət etdikdə isə özünə yeni bir zamin tapmalı olduğunu tələb etdi. Bu kimi hallardan sonra heç kim bir-birinə zamin durmayacaqdı. Və bank da bu haldan istifadə edərək, qanunsuz olaraq ondan zamin tələb edə-edə yeni müqavilə bağlamadı. İndi isə məlum olmuşdur ki, bank ona qarşı pretenziya qaydasında məktub ünvanlamaqla fərmanla azaldılmış borcunu öz bildikəri kimi şişirdərək və onunla Fərmanda tapşırılan kimi yeni müqavilə bağlamadan məhkəməyə verəcəkləri ilə hədələyirlər. Bundan sonra ona qarşı borc tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin pulun ondan məcburi qaydada tutulmasını tələb edir. Burdan belə qənaətə gəlmək olar ki, Ölkə Başçısının verdiyi Fərman «xxxx» İKB ASC (indiki «xxxx») üçün mühüm əhəmiyyətli bir fərman deyildir və onlar saxta yollarla Fərmana məhəl qoymadan əvvəlki qaydada pulun ondan tələb edirlər. Göründüyü kimi, onun pulu dollarla deyil, manatdır. Əlavə olaraq 1 faiz olmaqla onunla yeni müqavilə bağlayarkən də bank heç nə itirmir, əksinə qazanır. Lakin bildiyi qədər bu Bank bu cür əməlləri ilə əhalinin çox hissəsində narazılıq yaradaraq Fərmanın aliliyini kölgə altına alırlar. Halbuki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Prezidentin Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət öüdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi (2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevral 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsasə kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi) qərara alınmışdır. Həmçinin həmin Fərman da nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindliyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləğ 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsini, həmçinin banklara tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fizikişəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsini, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görünlməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən dijər tədbirlərin görülməsi, həmin fərmanda restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, güzəştli kredit dedikdə fiziki şəxslərin keçmiş kredit borcların restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilmən kreditlər nəzərədə tutulmuşdur. Həmçinin faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununu tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göründüyü kimi Fərmanda da qeyd olunduğu kimi borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17.000 manatdan az olan kreditlərin restrukturizasiya nəzərdə tutulur. Testrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə – 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Lakin cavabdehin əməlləri qanunsuz və əsassız hesab edilməlidir. Göründüyü kimi o, borcunun ödənişindən yayınmır. Onu ödəmək üçün qanunla ona verilən hüquqlarından istifadə etmək niyyətindədir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4233/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh Ülkər Sultanovaya xx.xx.2019-cu il tarixdə və zaminlər Elnarə Məmmədova və Xatirə Əliyevaya xx.xx.2019cu il tarixdə sms göndərilərək banka dəvət edilmişlər. Lakin cavabdeh və zaminlər banka gəlməmişlər. Onların banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırkı iddia tələbi isə əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikаyət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sultanova Ülkər Murad qızı tərəfindən «xxxx» ASCnin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, kreditin restrukturizasiya edilməsi üçün müraciət etmişdir. Əvvəlki kreditin zaminlərlə rəsmiləşdirildiyi üçün yenə ondan zamin tələb olunur. Prosesin zaminsiz həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Ülkər Sultanova tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, «xxxx» İKB ASC-dən xx.xx.2015-ci il tarixdə götürdüyü 3000 ABŞ dolları məbləğində kredit üzrə qalıq 2052,33 manat məbləğində kredit öhdəliyi üzrə onunla yeni müqavilə bağlanılmasında köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Ülkər Sultanovaya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərnin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Qalıq kredit borcu üzrə tətbiq edə biləcək mümkün güzəşt imkanları barədə araşdırma aparılması üçün müştərisi olduğu banka müraciət edə bilməsini göstərilmişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən Sultanova Ülkər Murad qızına, zaminlər Əliyeva Xatirə Rəsul qızı və Məmmədova Elnarə Adil qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, «xxxx» ASC ilə Sultanova Ülkər Murad qızı arasında bağlanan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana 3000 ABŞ dolları məbləğində illik 26% olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Borcalan müqavilənin şərtlərini pozaraq «xxxx» ASC-yə olan əsas və faiz borcunun ödənilməsinin təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Əliyeva Xətirə Rəsul qızı və Məmmədova Elnarə Adil qızı ilə zaminlik müqaviləsi imzalanmışdır, zamin borclunun kredit öhdəliyini tamamilə icra etməməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borclulardan borcunu xəbərdarlıq məktubunu aldıqları vaxtdan etibarən 5 gün müddətində «xxxx» ASC tam ödəniliməsini tələb olunmuşdur. İş materiallarında olan «xxxx» ASC tərəfindən təqdim edilmiş sms məlumatların surətindən görünür ki, bank tərəfindən cavabdeh Sultanova Ülkər Murad qızına xx.xx.2019-cu il tarixdə və zaminlər Məmmədova Elnarə Adil qızına və Əliyeva Xatirə Rəsul qızına xx.xx.2019-cu il tarixdə sms göndərilərək Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən zaminlik öhdəliklərin olduğu üçün kredit güzəştli şərtlərlə yenidən rəsmiləşdirmək üçün onları «xxxx»a dəvət edilmişlər. İş materiallarında olan «xxxx» ASC tərəfindən Nərimanov rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı «xxxx» ASCnin cavabdehlər Sultanova Ülkər Murad qızına, Məmmədova Elnarə Adil qızına və Əliyeva Xatirə Rəsul qızına qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə cavabdeh Sultanova Ülkər Murad qızının kredit borcu «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Sultanova Ülkər Murad qızının əsas borcu 1169,62 ABŞ dolları uzadılmışdır. Bundan başqa, «xxxx» İKB ASC ilə Sultanova Ülkər Murad qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin jüzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün kredit müqaviləsi bağlanarkən borclu və zaminlər tərəfindən banka təqdim olunmuş borclu Sultanova Ülkər Murad qızına məxsus telefon nömrəsinə xx.xx.2019-cu il tarixdə və zaminlər Məmmədova Elnarə Adil qızına məxsus telefon nömrələrinə və Əliyeva Xatirə Rəsul qızına məxsus teldefon nömrələrinə xx.xx.2019-cu il tarixdə sms-lər göndərilərək banka dəvət edilmişlər. Lakin borclu və zaminlər banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməi mümkün olmamışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın icra müddəti bitdiyindən yenidən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 3000 ABŞ dolları məbləğində illik 26% olmaqla 18 ay müddətinə kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi Əliyeva Xatirə Rəsul qızı və Məmmədova Elnarə Adil qızı zaminlik müqaviləsi imzalanmışlar. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə Banka borc yaranmışdır. Bank tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçının kredit borcu 1169,52 ABŞ dolları azldılmışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün Ülkər Sultanovaya və zaminlərə xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə sms göndərilərək onları banka dəvət edilmişlər, lakin iddiaçı və zaminlər banka gəlməmişlər. Həmin Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyinə görə kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında göstərilən qaydada və şərtlərlə qalıq 2052,33 manat məbləğində kredit öhdəliyin vaxtı keçmiş borcunun restrukturizasiya edilməsi barədə iddia tələbini irəli sürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərn xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən probelmli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiyası ilə bağlı manatla artmış hissəsi qiymətləndirməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın elan etdiyi məzənənyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Həmin Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərnin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Kollegiya birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçını kredit borcunun restrukturizasiya məqsədi ilə banka dəvət olunmuş, bu barədə iddiaçıya və zaminlərə sms göndərilib, lakin iddiaçı və zaminlər banka gəlməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının banka gəlməməsi ilə əlaqədar səbəbindən və həmin Fərmanın icra müddəti xx.xx.2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4233/2020 saylı, xx xxxxxxx 2020ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2475/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2475/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver