Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2478/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4774 manat 20 qəpik əsas borc, 369 manat 20 qəpik faiz, 9 manat 12 qəpik cərimə olmaqla, cəmi 5152 manat 52 qəpik borcun və ödənilmiş 71 manat 93 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərti ilə 5693 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alanın mülkiyyətinə verir və borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 4.774 manat 20 qəpik əsas borc, 369 manat 20 qəpik faiz, 9 manat 12 qəpik cərimə olmaqla, cəmi 5.152 manat 52 qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbi təmin olunaraq, 4.774 manat 20 qəpik əsas borc, 369 manat 20 qəpik faiz, 9 manat 12 qəpik cərimə olmaqla, cəmi 5.152 manat 52 qəpik məbləğində borc, ödənilmiş 71 manat 53 qəpik dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razı olmadıqlarını, onun əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin tam və hərtərəfli araşdırılmaması, iddiaçının təqdim etdiyi sübutlara əsaslanmasını, iş üzrə ekspertiza təyin olunaraq, ödənişlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin faiz borca hesablanmasının vacibliyi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin ödənişləri ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişlər, lakin hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması ilə cavabdehin ödənişlərinin miqdarı və onların düzgün silinməsi ilə bağlı hallar dəqiq müəyyən oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 13nkCNTR/22 saylı kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 18% ödənilməsi şərti ilə 5693 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan sübutlardan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, ödənişlərini ödəniş qrafikinə uyğun həyata keçirməmişdir. Belə ki, işdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixə - 4774,20 manat əsas və 93,09 manat faiz borcu yaranmışdır. Həmin borcun 3 gün müddətində bağlanması təklif olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından isə görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 4774 manat 20 qəpik əsas borc, 369 manat 20 qəpik faiz, 9 manat 12 qəpik cərimə olmaqla, cəmi 5152 manat 52 qəpik borcu müəyyən olunmuşdur. Cavabdeh isə apellyasiya şikayətində mühasibatlıq ekspertizasının təyin olunmamasını, yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində şəxsən iştirak etmiş, lakin ekspertizanın təyin olunması barədə vəsatət verməmiş, etirazının əsası kimi məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Bununla yanaşı, apellyasiya şikayətində borcun düzgün hesablanmamasını, ödənişlərinin əsas və faiz borcuna düzgün silinməməsini və s. göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi (vəkili) apellyasiya icraatı zamanı izahatında da, cavabdehin ödənişləri, onların məbləği, iddiaçının təqdim etdiyi sənədlərlə uyğunsuzluq və s. bu istiqəmtdə hər hansı ağlabatan dəlil irəli sürə bilməmiş, sadəcə borcun düzgün hesablanmamasını, ödənişlərin düzgün silinməməsini qeyd etməklə kifayətlənmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili, habelə cavabdehin nümayəndəsinin vəsatəti ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və s.) görünür ki, kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin, işdə olan hesabdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları nəzərə alınmaqla, qalıq borc müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda (hesabdan çıxarış və s.) göstərilənlərdən daha artıq ödənişlərinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı faiz borcunu xx.xx.2023-cü il tarixədək hesablamaqda haqlı olmamışdır. Belə ki, işdə olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımi qaydada yerinə yetirilməməsi səbəbəindən, cavabdehdən xx.xx.2023-cü il tarixə mövcud olmuş bütün borc, yəni 4774,20 manat əsas və 93,09 manat faiz borcu tələb olunmuş, həmin borcun 3 gün müddətində bağlanması təklif olunmuş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini tələb etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə görə - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən qərarında həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu sonda bu qərara (Qərarın 3 və 4-cü bəndləri) gəlmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmə kollegiyası işdə olan sübutları məcmu halda qiymətləndirərək bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması ilə əlaqədar, müqaviləni xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv etməklə, müvafiq iradə ifadəsini cavabdehə yazılı qaydada bildirmiş, dərhal bütün borcun ödənilməsini (4774,20 manat əsas, 93,09 manat faiz borcu və cərimə) tələb etmişdir. Lakin, iddia ərizəsindən, həmçinin təqdim olunmuş maliyyə arayışından görünür ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş faizləri həmin tarixdən sonra da hesablamaqda davam etmiş və 23 avqust 2023-cü il tarixə olan məbləğdə, yəni 369 manat 20 qəpik manat miqdarında tələb etmişdir. Odur ki, Kollegiya hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanılan kredit müqaviləsinə əsasən faiz borcunun məbləği iddiaçının cavabdehə ünvanlanlıdığı, faktiki olaraq müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmiş xx.xx.2023-cü il tarixli iradə ifadəsinə əsasən həmin tarixə müvafiq olaraq hesablanmalıdır. Belə olan halda isə, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə faizlərin tutulması hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 93,09 manat həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faizlərin tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 93,09 manat müəyyən olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (4876,41 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-330/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 93,09 (doxsan üç manat doqquz qəpik) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2478/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2478/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver