Məhkəmə qərarları › İş №2(103)-248/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-248/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-248/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi və evin boşaldılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4970/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadeh Cavabdeh1 iddiaçı 'Kred Aqro” Bank Olmayan Kredit X1 Cəmiyyətinə 15012.28 manat əsas borcu, 8670.99 manat faiz borcu, cəmi 23683.27 manat məbləğində borcu yaranmışdır. Buna görə məhkəmədən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış KAXgd 123176/14 saylı 14.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçıBank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə 15012.28 manat əsas borcun 8670,99 manat faiz borcunun, cəmi ümumilikdə 23683,27 manat məbləğində pulun tutulması, kredit borcunun və 30 manat dövlət rüsumunun ipotekaya qoyulmuş Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, ev 20-yə yönəldilməsi, 14.11.2014-cü il tarixli KAXgd 123176/14 saylı ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuş Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, ev 20 satıldıqdan sonra bir ay ərzində cavabdehin evdən çıxarılması və həmin evin boşaldılması, ipotekaya qoyulmuş Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, ev 20-nin satış qiymətinin 36.000 manat müəyyən olunması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4970/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək - cəmi 23.683,27 (iyirmi üç min altı yüz səksən üç manat 27 qəpik) manat borc Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Byram oğlundan müştərək qaydada tutulmasına" dair hissədə iddianın Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd olunması, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış llKAXgd 123176/14 saylı, 14 noyabr 2014-cü il tarixli "Kredit Müqaviləsi" üzrə 15.012,28 (on beş min on iki manat 28 qəpik) manat əsas borc, 8.670,99 (səkkiz min altı yüz yetmiş manat, 99 qəpik) manat faiz borcu, cəmi 23.683,27 (iyirmi üç min altı yüz səksən üç manat 27 qəpik) manat borcun tutulmasına dair hissədə iddianı məhkəmə-mühasibatlıq eskpertizası rəyi ilə müəyyən edilmiş əsas və faiz borcun məbləğinin tutulması,"İpoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, ev 20də yerləşən fərdi yaşayış evin ilkin satış qiyməti 30.000,00 (otuz min) manat müəyyən edilməsinə" dair münasibətdə iddianı məhkəmə-qiymətləndirici eskpertizası rəyi ilə ilkin satış qiyməti olan likvid qiyməti ilə müəyyənləşdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə "Kredit müqaviləsi"nin borc alan tərəfi yalnız Cavabdeh1dur, X3 isə borc alan şəxsin kredit öhdəliklərinin təminatı kimi İpotekaya qoyulmuş əmlakı ilə məsuliyyət daşıyır. Bundan başqa, Cavabdeh2 isə hər hansı müqavilə üzrə kredit mübahisənin tərəfi üzrə öhdəliklər götürməmişdir. Eyni zamanda tərəflərindən aylar üzrə ödənilmiş olan məbləğin eyni vaxtda icrası tələb olunan əsas və faiz borc məbləğinin ödənilməsinə yetərli olmadığından, tərəflərindən aparılmış ödənişlər daha ağır olan məbləğə yəni əsas borca yönəldilməli idi. Bu səbəbdən əsas borc və faiz məbləğlərin müəyyənləşdirilməsi üçün (ayrı-ayrı vaxtlardan aparılmış ödənişlərin əsas borcdan silinməsini nəzərə alınmaqla) birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin etməyə borclu idi. Həmçinin müqavilə bağlanan müddətdən sonra ölkə üzrə iqtisadi göstəricələr bir neçə dəfə qalxaraq dəyişmişdir. Bunların sırasına orta aylıq əmək haqqı və yaşayış minimumu artmış və müxtəlif tələb təklif malların, kommunal xidmətlərin (su və digər ximdətlər), yanacağm, tikinti materiallarm qiymətləri qalxmışdır. Ölkə üzrə iki dəfə rəsmi devalvasiya elan olunmuşdur (milli valyuta olan manatın düşməsi). 14 noyabr 2014-cü il tarixdə mübahisə edilən fərdi yaşayış evinin satış qiyməti 36.000,00 (otuz altı min) manat müəyyən edilərkən həmin vaxt yəni ABŞ dollarının məzənnəsi ilə fərdi yaşayış evinin qiyməti 46.153,84 (qırx altı min bir yüz əlli üç ABŞ dolları, 84 sent) ABŞ dolları təşkil etdiyi halda, hazırkı, vaxtda isə ABŞ dollarının məzənnəsi ilə fərdi yaşayış evinin qiyməti 21.176,47 (iyirmi bir bir yüz yetmiş altı ABŞ dolları 47 sent) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq göstərdi ki, cavabdehlər tərəfindən bu günə qədər hər hansı ödəniş etməmişlər. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, iddianın Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd olunması; borcun tutulmasına dair hissədə iddianı məhkəmə-mühasibatlıq eskpertizası rəyi ilə müəyyən edilmiş əsas və faiz borcun məbləğinin tutulması; ipoteka predmetinə aid hissədə iddianı məhkəmə-qiymətləndirici eskpertizası rəyi ilə ilkin satış qiyməti olan likvid qiyməti ilə müəyyənləşdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi - ipoteka predmetinin ilkin satış qiymətinin və borc məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlanılır. İş materiallarında olan KAXgd 123176/14 saylı saylı 14.11.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə 24% olmaqla, 24.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan KAXgd KAXgd 123176/14 saylı 14.11,2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan satış qiyməti qanunvericilklə 36.000 manat çərçivəsində müəyyən edilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, 20 saylı ev 14.11.2014-cü il tarixli KAXgd 123176/14 saylı kredit müqaviləsi üzrə 24.000 AZN məbləğin kreditin təminatıdır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətinin - borc məbləğlərinin müəyyən edilməməsi barədə dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan 131/20saylı, 17.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 17.07.2020-ci il tarixə 15012.28 manat əsas borcu, 8670.99 manat faiz borcu, cəmi 23683.27 manat borcu var. Apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi kredit müqaviləsi üzrə həyata keçirilən ödənişlərlə bağlı cədvəldən görünür ki, Cavabdeh1 "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 15.11.2017-ci il tarixinə 15363.81 manat əsas borc, 9021.48 manat faiz, 40946.25 cərimə borcu olmaqla cəmi 65331.54 manat borcu var. 14.10.2021-ci il tarixə isə 15012.28 manat əsas borcu, 8844.65 manat faiz borcu olmaqla cəmi 23856.93 manat borcu var. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş maliyyə arayışlarında faiz eləcə də əsas borca münasibətdə ziddiyyətlər olduğundan, həmçinin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə kredit vəsaitindən istifadə müddətinin başa çatdığı vaxta kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında - KAXgd 123176/14 saylı 14.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddətinin başa çatdığı 14.11.2017-ci il tarixə Cavabdeh1 faiz borcu (ödənişlər və ödəmələr üzrə gecikdirmələr nəzərə alınmaqla) hansı məbləğdə olmuşdur? - 24.11.2020-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu hansı məbləğdə olmuşdur kimi sualları qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2021-ci il tarixli 9/8218 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 14 noyabr 2014-cü il tarixli KAXgd 123176/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 14.11.2017-ci il tarixə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcu 23.868,92 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu – 15.363,81 manat, faiz borcu 8.505,11 manat; 14 noyabr 2014-cü il tarixli KAXgd 123176/14 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 24.11.2020-ci il tarixə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcu 23.350, 69 manat məbləğində müəyyən edilir, o cümlədən : əsas borc 15.012, 28 manat, faiz borcu 8.338, 41 manat hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən cavabdehlər, yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişlər və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Kollegiya borc məbləğinin düzgün hesablanmadığı ilə apellyasiya şikayətinin dəlillərini isə qismən əsaslı hesab edir; belə ki, birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyi əldə etmədən məhz iddiaçının arayışına istinad etməklə borcun məbləğini müəyyən etmişdir, apellyasiya baxışı zamanı isə ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən edilmiş ödənişlər də nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə, yəni 24.11.2020-ci il tarixə cəmi borc 23.350, 69 manat məbləğində müəyyən edilməklə əsas borc 15.012, 28 manat, faiz borcu 8.338, 41 manat təşkil edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğlər ekspert rəyinə uyğun müəyyən edilməli, həmçinin ekspert tədiqatının dəyəri və cavabdehlərdən tutulmalıdır. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin - ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə arqumentini əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apellyasiya şikayətinin dəlillərinə obyektiv qiymət verilməsi məqsədi ilə apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Təqdim edilmiş “X4 Mərkəzi” MMC-nin 28.07.2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivində yerləşən 20 saylı evinin qiymətləndirmə tarixinə olan likvid dəyəri 30000 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin müəyyən etdiyi ipoteka predmetinin ilkin satış qiyməti apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Cavabdehlər isə ipoteka predmetinin ilkin satış qiymətinin hazırki dövrdə daha artıq olması barədə hər hansı sübut təqdim etməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Belə olan halda iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulmalı olan borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci cavabdehlərdən tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4970/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi faiz və cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalı faiz borcu 8338,41 (səkkiz min üç yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində, ümumi borc isə 23.350, 69 (iyirmi üç min üç yüz əlli manat altımış doqquz) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının xərci qismində 150 (bir yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar