Məhkəmə qərarları › İş №2(103)-2480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2480/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2480/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2(006)-697/2024 nömrəli qərardadından cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gələrkən, X5 Hava Limanında baqaj olaraq "xxxx" QSC-nin Milli Aviadaşıyıcısına (AZAL-a) təhvil verdiyi mənəvi dəyəri 10000 manat, öz dəyəri isə 25500 manat, ümumi dəyəri 35500 manat olan baqajının qırılaraq yararsız hala düşməsi ilə əlaqədar ona vurulan zərərin Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2(006)- 697/2024 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

3. Cavadeh qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

5. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

7. Lakin şikayəti nəzərdən keçirərkən görünür ki, şikayətdə yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar qeyd edilməmişdir.

8. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin Əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.

9. İşdən məlum olur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.

10. Həmçinin, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

11. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qərardad ləğv edilsin” məzmunda xahiş əks olunmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsində icraat apellyasiya şikayətinə əsasən başlanır. Apelyasiya baxışı üçün ilk növbədə apellyasiya araşdırmasının obyekti və predmeti müəyyən edilməlidir. Apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qərardadı və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

13. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində və şikayətin dəlilləri həcmində yoxlayır.

14. Başqa sözlə, apelyasiya şikayətində şikayəti verən şəxsin tələbinin qeyd olunmaması apelyasiyanın predmetini müəyyən etməyə imkan vermir.

15. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

16. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

17. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, e-2(006)- 697/2024 nömrəli qərardadından cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar