Məhkəmə qərarları › İş №2(103)-2481/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2481/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2481/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul tələbi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Üçüncü şəxs “X3” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icraatın dayandırılmasına baxmayaraq, qanunsuz olaraq icra aktı əsasında əmək haqqından tutulmuş 327,95 manat pul məbləğinin ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq əmək haqqından tutulmuş 327,95 manat pul məbləğindən əlavə olaraq sonrakı ayda qanunsuz olaraq yenidən əmək haqqından 327,95 manat pul məbləğində tutularaq tutulmuş ümumi məbləğin 655,90 manat pul məbləğində olunmasını bildirmişdir..

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-yə olan 2259,35 ABŞ dolları əsas, 126,09 ABŞ dolları faiz, 26,89 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2412,33 ABŞ dolları məbləğində kredit borcunun və 20 AZN məbləğində dövlət rüsumunun ödənilməsi barədə Şamaxı rayon Məhkəməsi tərəfindən müvafiq məhkəmə əmri çıxarılmışdır. Həmin borc məbləğinin xeyli hissəsi ödənildiyi üçün hal-hazırda "xxxx" ASC-yə 424,32 USD pul məbləğində kredit borcu qalmışdır. "xxxx" ASC tərəfindən həmin borc məbləğinin tutulması üçün 14 may 2022-ci il tarixində Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuşdur. Həmin təşkilatın müraciəti əsasında da Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qalıq kredit borcunun tutulması üçün 18 may 2022 ci il tarixində işlədiyi təşkilat olan "xxxx" ASC yə müraciət olunaraq hər ay olmaqla aylıq əmək haqqından 50% pul məbləğinin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi bildirilmişdir. Qalıq qalan kredit borc məbləğinin yeni müqavilə bağlanılaraq, aylıq olaraq hissə-hissə ödənilməsi üçün "xxxx" ASC olan müraciətinin cavabında, həmin banka olan kredit borcunun 424,32 USD pul məbləğində deyil, 969,02 USD pul məbləğində olduğu bildirilmişdir. Yəni buradan da görünür ki, qanuni qüvvəsini almış məhkəmə əmrinə əsasən xeyli hissəsi ödənildikdən sonra qalıq qalan 424,32 USD pul məbləğinin üzərinə əlavə olaraq 544,70 USD pul məbləğində qanunsuz kredit borc məbləği yazılaraq yekun məbləğ 969,02 USD pul məbləğinə gətirilib çıxarılmışdır. Hesabına yazılmış 544,70 USD kredit borc məbləğini qanunsuz və əsassız hesab etdiyindən həmin pul məbləğinin silinməsi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4519/2022 saylı iş üzrə icraatına qəbul olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsin 15 dekabr 2022-ci il tarixli, 2(006)-4519/2022 saylı qərardadına əsasən “İcra haqqında” Qanunun tələbləri çərçivəsində məhkəməyə müraciət olunması əsas gətirilərək icraata xitam verilmişdir. Həmin qərardadla razılaşmadığı üçün həmin qərardaddan şikayət etmişdir. Hal-hazırda şikayəti Məhkəmənin icraatındadır. İddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4519/2022 saylı iş üzrə icraatına qəbul olunduqdan sonra Məhkəmədən ünvanına göndərilən bildirişi Şamaxı rayon İcra və Probasiya Şöbəsinə təqdim edərək, İcra haqqında Qanunun tələblərinə əsasən icraatın dayandırılması barədə qərar çıxarılmasına nail olmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən, mülki işin məhkəmə baxışında olmasına və İcra haqqında Qanunun tələblərinə uyğun icraatın dayandırılmasına baxmayaraq, qanunsuz olaraq yenidən əmək haqqından 50 % pul məbləğinin tutulması üçün Şamaxı rayon İcra və Probasiya müraciət olunmuşdur. Həmin təşkilatın müraciəti əsasında da Şamaxı rayon İcra və Probasiya Şöbəsindən işlədiyi təşkilata göndərilən icra aktı əsasında da aylıq əmək haqqından 327,95 manat pul məbləği tutularaq, "xxxx" KP ASC-nin hesabına köçürülmüşdür. Həmin pul məbləğinin əmək haqqından tutulmasını İcra haqqında Qanunun tələblərinə zidd hesab etdiyindən və məhkəmənin icraatında olduğu üçün icra tədbirləri dayandırılan mülki iş üzrə əmək haqqından tutulmanı qanunsuz hesab etdiyindən, əmək haqqından məcburi qayda da tutulan 327,95 manat pul məbləğinin "xxxx" KP ASC-dən geri qaytarılması barədə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qeyd etmişdir ki, əvvəl keçirilmiş məhkəmə iclasında hazırki mülki iş üzrə cavabdehin “X2” Açıq Səhmdar Cəmiyyəti deyil, “X3” MMC olduğu müəyyən edilmiş, iddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinin əsl cavabdehlə əvəz edilməsi üçün vaxt verilmişdir. Lain iddiaçı məhkəmə iclasında iştirak etməyərək, həmin məsələyə münasibətini bildirməmiş, yəni əsl cavabdehlə əvəz etməmişdir. Bununla bağlı bildirir ki, iş üzrə cavbdeh qismində çıxış etməli olan təşkilat məhz “X2” Açıq Səhmdar Cəmiyyəti olmalıdır. Bundan əlavə əgər cavabdeh təşkilat “X2” Açıq Səhmdar Cəmiyyəti burada sübutetmə hüququnu digər üçüncü tərəfə ötürsə də belə həmin fakt həmin təşkilat iddia tələbində cavabdeh kimi göstərmək əsasından azad etmir. Bundan başqa tələbetmə hüququ ötürülmüş həmin təşkilatın məhkəmədə araşdırılması aparılan mülki işdə iştirak etmək istəyində olsa da müraciəti əsasında məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb oluna bilərdi. İşin faktiki hallarından da görünür ki, işdə cavabdeh olan “X2” Açıq Səhmdar Cəmiyyəti tələbetmə hüququnu “X3” MMC-yə ötürsə də belə məhkəmə tərəfindən həmin təşkilat üçüncü şəxs qismində mülki işin baxışına cəlb olunaraq işə mahiyyəti üzrə baxılmalı idi. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “X3” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, iddia tələbi üzrə cavabdeh təmsil etdiyi MMC deyil, X2” Açıq Səhmdar Cəmiyyəti olmalıdır. Hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

8. Hazırkı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməməsini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

9. Lakin iddiaçı ərizəsində qeyd etdiyi hallara dair mötəbər sübut təqdim etmədiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. İş materiallarında olan K 3514 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" KB ASC-nin hesabına 327,95 manat məbləğində pul köçürülmüşdür.

11. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli “tələb hüququnun satılması haqqında” müqavilədən görünür ki, "xxxx" KB ASC borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını "xxxx" MMC-yə satmışdır.

12. İş materiallarında olan "xxxx" MMC-nin 07 sentyabr 2022 ci il tarixlİ maliyyə arayışından görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(074)- 1385/2015 icra sənədinə əsasən İddiaçı 2412,33 USD məbləğində kredit borcu və 20 AZN məbləğində dövlət rüsumu tutularaq tələbkar bankın xeyrinə ödənilməlidir. X1 505nkADJ/15 saylı kredit müqaviləsi üzrə 969,02 USD kredit borcu qalmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

13. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iddiaçı tərəf qanunsuz olaraq icra aktı əsasında əmək haqqından tutulmalar olmasını bildirsə də, bu həmin tutulmaların qanunsuz olması barədə mötəbər sübutlar təqdim etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

17. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə cavabdehin “X2” Açıq Səhmdar Cəmiyyəti deyil, "xxxx" MMC olduğu müəyyən edilmiş, İddiaçı cavabdeh “X2” ASC-nin əsl cavabdehlə əvəz edilməsi üçün vaxt verilmiş, lakin İddiaçı hazırki məhkəmə iclasında iştirak etməyərək, həmin məsələyə münasibətini bildirməmiş, yəni cavabdehi əsl cavabdehlə əvəz etməmişdir.

18. Apellyasiya şikayətində isə iddiaçı tərəf iş üzrə cavabdehin məhz “X2” ASC olmasını bildirsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, 22 noyabr 2021-ci il tarixli, 02/21 UB nömrəli “tələb hüququnun satılması haqqında” müqaviləyə əsasən "xxxx" KB ASC borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını "xxxx" MMC-yə satmışdır.

19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehi əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, işə irəli sürülmüş tələblər üzrə baxmış və iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

20. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini əsl olmayan cavabdehə qarşı irəli sürülməməsi əsası ilə təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

21. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

23. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar