Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2484/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, zaminliyə xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4786/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 11/25 KX saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 12 ay müddətinə illik faiz dərəcəsi 27% olmaqla 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kreditin təminatı olaraq Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
3. 07 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən 3.997,8 ABŞ dolları məbləğində əsas borc, 188,9 ABŞ dolları məbləğində faiz borcu, 2.971,43 ABŞ dolları məbləğində cərimə borcu, 1.369,76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz olmaqla, Cavabdeh2 cəmi 8.527,89 ABŞ dolları məbləğində borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8.527,89 ABŞ dolları məbləğində kredit borcu olmaqla - bundan 3.997,80 ABŞ dolları əsas borc, 188,90 ABŞ dolları faiz, 2.971,43 ABŞ dolları cərimə, 1.369,76 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan 5 faiz və iş üzrə ödənilmiş 47,06 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 11/25 KX nömrəli Kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə 12 ay müddətinə illik 27% dərəcəsi ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2, 2.1 və 2.3-cü bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit xətti müqaviləsinin 2.2.2, 2.2.3 və 3.2-ci bəndlərinə əsasən borc alan Cavabdeh2 kredit xətti üzrə istifadə etdiyi əsas məbləğə və ona hesablanmış faizlərə görə müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada banka ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kredit xətti üzrə ayrılmış vəsaitdən tam istifadə etsə də, əsas borc üzrə banka 1,46 ABŞ dolları, faiz üzrə isə 870,54 ABŞ dolları məbləğində ödəniş etməklə kifayətlənmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də, borc alan Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli 11/25 KX nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ödənilməmiş cəmi 8.527,89 ABŞ dolları məbləğində kredit borcu vardır.
6. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı təşkilatın özünün iddiasına görə onun banka 3.997,80 ABŞ dolları əsas borcu qalmışdır. Bu əsasla da xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitənə qədər ödənilməmiş əsas borc üzrə və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz iddiaçı təşkilat tərəfindən həddindən artıq şirşirdilərək hesablanmışdır. Bundan başqa, hazırda bank ondan pul tələb edərkən iddia müddətini də ötürmüşdür. Belə ki, götürülmüş kreditin son ödəmə müddəti müqavilə ilə xx.xx.2016-cı il tarixdə başa çatmalı idi. İddiaçı təşkilat iddia müddətini ötürdükdən sonra 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bank məhkəməyə müraciət edərkən artıq iddia müddətini keçirmişdir. Buna görə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4786/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, borc alan Cavabdeh2 münasibətdə (əsas tələb) iddia müddəti ötdüyündən, zamin olan digər cavabdehə münasibətdə də (əlavə tələblər) iddia müddəti keçmişdir.
9. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 376, 377.2, 375.2, 378-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 12 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Bundan əlavə mübahisə edilən qətnamə ilə razılaşmalı olsaq, sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Cavabdehə qarşı tərəfimizdən iddia ərizəsi verilərəkən iddia müddətininin axımının kəsilməsi məsələsi də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə işə birtərəfli yanaşmış, həqiqətə nail olmaq üçün bütün faktiki halları araşdırmamışdır. Bankların əsas fəaliyyət növlərindən biri kreditlərin verilməsidir. Bank krediti isə faizlər ödənilmək şərti ilə verilir. Belə olan halda, hamıya məlum olan faktı təkrar sübut etməyə ehtiyac yoxdur. Sözügedən kredit vəsaiti cavabdeh tərəfindən vaxtında ödənilsəydi, bank təbii ki, öz fəaliyyat növü əsasında, həmin vəsaiti təkrar kredit verib daha çox mənfəət əldə etmək imkanına sahib idi və bunu sübut etmək üçün bank ticarəti dövriyyəsinə aid hər hansı əlavə sənədləri məhkəməyə təqdim etmək zərurəti yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
18. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Madəd 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi zamin Cavabdeh1 aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
23. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 11/25 KX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay müddətinə illik faiz dərəcəsi 27% ödənilmək şərti ilə 4.000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 müqavilə üzrə öhdəliyini tam və vaxtında icra etməmiş, nəticədə 8,527.89 ABŞ dolları borcu yaranmışdır.
24. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinə yalnız Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edilmiş, lakin birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini hər iki cavabdehə münasibətdə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Bununla da, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
25. Belə ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.
26. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.
27. Məhkəmə kollegiyası zaminə münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. O da qeyd edilməlidir ki, həmin müddət kəsici müddətdir.
28. Həmin müddət keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.
29. Kollegiya qeyd edir ki, kredit öhdəliyinin icrası vaxtı xx.xx.2016-cı il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə ki, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti konkret olaraq göstərilməmişdir.
30. Məhkəmə kollegiyası borclu Cavabdeh2 münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən ona qarşı təmin edilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 4786/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.