Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2487/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(010)- 11424/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 6.086 manat əsas borc, 2.130,09 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 868,51 manat faiz borcu (5%) və 650 manat dəbbə pulu olmaqla, cəmi 9.734,6 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və tutmanın cavabdeh tərəfindən ipotekaya qoyulmuş "VAZ- 211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin Cavabdeh iddiaçı “xxxx” ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li kredit müqaviləsinə əsasən ona avtomobil alınması üçün illik 20% ödənilməsi şərti ilə 24 ay müddətinə 6.800 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə Bank arasında bağlanmış 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li İpoteka müqaviləsinə əsasən həmin kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus olan “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, Cavabdeh 13 oktyabr 2011-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də, onun “xxxx” ASC-nə kredit üzrə 6.086 manat əsas borc, kredit müqaviləsinin sonunadək hesablanmış 2.130,09 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 868,51 manat faiz borcu və 650 manat dəbbə pulu olmaqla, cəmi 9.734,6 manat məbləğində borcu yaranmışdır. Kreditin və ona hesablanmış faizlərin qaytarılmasının məhkəmədən kənar qaydada təmin edilməsi üçün mümkün olan bütün tədbirlər görülsə də, borcalan Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş və əsas kredit borcunun və faizlərin ödənişi cədvəlinə riayət etməməklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də, əsas kredit borcu üzrə 6.086 manat, 2.130,09 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 868,51 manat faiz borcu və 650 manat dəbbə pulu olmaqla, cəmi 9.734,6 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması və tutmanın həmin kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 9.734,6 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(010)- 11424/2016 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 6.086 (altı min səksən altı) manat məbləğində əsas borc, 2.130,09 (iki min yüz otuz manat 09 qəpik) manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 868,51 (səkkiz yüz altmış səkkiz manat 51 qəpik) manat faiz borcu, 650 (altı yüz əlli) manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 9.764,6 (doqquz min yeddi yüz altmış dörd manat 60 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, cavabdehdən tutulmalı olan cəmi 9.764,6 (doqquz min yeddi yüz altmış dörd manat 60 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödəniməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-11424/2016 saylı iş üzrə 30.11.2016-cı il tarixli qətnaməsininin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-11424/2016 saylı 30.11.2016-cı il tarixli qətnaməsini əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, Azərbaycan Beynəlxalq Bank ASC-dən 24 ay müddətinə qaytarmaq şərtilə 6800 manat kredit götürmüş, həmin kredit avtomobilin alınması üçün götürülmüş, VAZ-21 1440 markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Bununla belə kredit müqaviləsinin bağlanmasından 2 ay keçməmişdir ki, ipoteka predmeti olan avtomobili bankın əməkdaşlarına təhvil vermiş, amma ona bununla bağlı heç bir sənəd verilməmişdir. Bankın əməkdaşları hüquqi savadsızlığından istifadə edərək həm borcu onun üzərinə yükləmiş, həm də avtomobili ələ keçirmişlər. Bundan əlavə birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcunun da əhəmiyyətli dərəcədə şişirdilməsinə diqqət yetirməmiş, həmçinin 650 manat dəbbə pulu tutmuşdur. Beləliklə birinci instansiya məhkəməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd edir ki, məhkəmə qətnaməsini 04.12.2020-ci tarixdə məhkəmə qətnaməsini almışdır. Ona görə də hesab edir ki, şikayət vermə müddəti ötürülməmişdir. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirakı olmadan məhkəmə qətnaməsini çıxarmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 13 oktyabr 2011-cü il tarixli 285/1 1 №-li Kredit Müqaviləsindən görünür ki, borcverən “xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən avtomobil almaq məqsədi ilə ona 24 ay müddətinə illik 20% olmaqla 6.800 (altı min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu müqavilə üzrə “Borcalan” üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Həmin Müqavilənin 10.2-ci bəndinə əsasən, “Borcalan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizləri və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1 %-i məbləğində “Borcverənə” dəbbə pulu ödəməlidir. İş materiallarında olan X2 surətindən görünür ki, Cavabdeh “xxxx” ASC-dən 6.729 manat məbləğində pul almışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 05 sentyabr 2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh Banka 6.086 manat məbləğində əsas borcu, 13 oktyabr 2011-ci ildən 13 oktyabr 2013-cü ilədək (kredit müqaviləsinin sonunadək) hesablanmış 2.130,09 manat məbləğində faiz borcu, 13 oktyabr 2013-cü ildən 05 sentyabr 2016-cı ilədək illik 5 %-lə hesablanmış 868,51 manat faiz borcu və 650 manat dəbbə pulu olmaqla - cəmi 9.734,6 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə ünvanladığı 11 mart 2021-ci il tarixli, 2(103)- 2487/2021 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.10.2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyatdadır.(kompyuter çıxarışı əlavə olunur). Həmçinin bildirmişlər ki, “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739,2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və “xxxx” ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsiııin-rcrasıııı tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra -. mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh 6.086 manat məbləğində əsas borcun, müqavilənin sonunadək hesablanmış 2.130,09 manat məbləğində faiz borcunun, gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 868,51 manat faiz borcunun və 650 manat dəbbə pulunun tutulması - hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası, iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borc verən “xxxx” ASC ilə borc alan Cavabdeh arasında bağlanmış 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li İpoteka Müqaviləsinə əsasən 13 oktyabr 2011-ci il tarixli 285/11 №-li Kredit Müqaviləsi üzrə kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus olan “VAZ- 211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məxsus “VAZ- 211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13 oktyabr 2011-cü il tarixli 285/11 №-li İpoteka Müqaviləsinə əsasən iddiaçı “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilməsi müvafiq qaydada daşınar əmlakın rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İpoteka müqaviləsi üzrə həmin əmlaka tutmanın yönəldilməsi haqqında Bildiriş müvafiq qaydada rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-ci maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın eləyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir ipoteka predmeti hərracda satılır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh ipoteka ilə yüklü edilmiş “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin onda olmadığını bildirsə də, bunu təsdiq edəcək sübutlar təqdim etməmişdir.Halbuki, Bakı Apellyasiya Məhkəməsinin AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə ünvanladığı 11 mart 2021-ci il tarixli, 2(103)-2487/2021 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.10.2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına qeydiyyatdadır.(kompyuter çıxarışı əlavə olunur). Həmçinin bildirmişlər ki, “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh 6.086 manat məbləğində əsas borc, müqavilə müddətində hesablanmış 2.130,09 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 868,51 manat faiz borcu və 650 manat dəbbə pulu olmaqla - cəmi 9.734,6 manat məbləğində borc iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması və cavabdehdən tutulmalı olan borc məbləğinin “xxxx” ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş “VAZ-211440” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin ipoteka predmeti açıq hərracda satılmaqla əldə olunan vəsaitdən borc məbləğinin ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(010)- 11424/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2487/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2487/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver