Məhkəmə qərarları › İş №2(103)-2487/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2487/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2487/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-431/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit borcunun ödənilməsi tələbinə dair" ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit borcu üzrə 7097.49 manat əsas, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 (yeddi min beş yüz səksən üç) manat və ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0004602-2022 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 24 ay müddətinə, illik 30% ödəmək şərti ilə 11300 (on bir min üç yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsada, Cavabdeh xx.xx.2023-cü il tarixli, HO0004602-2022 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə, cavabehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-yə 7097.49 manat əsas, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 manat kredit borcu qalmaqdadır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-431/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, Cavabdeh əsas borca görə 7097.49 manat, 335.41 manat faiz və 50 manat cərimə, cəmi 7482.90 manat borc və dövlət rüsumuna görə ödənilmiş 96 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcu düzgün hesablanmamışdır. Tələblərin artırılması üzrə mühasibatlıq ekspertizası aparılmamışdır. Ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, (müqavilə bağlandığı andakı redaksiyada) əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Beləliklə, mülki dövriyyə iştirakçıları arasında müqavilə azadlığı prinsipini təbliğ edən bu müddəa sonsuz “azadlığı” məhdudlaşdıraraq, imperativ normalardan asılı edir. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Məcəllənin 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə, cavabdehin iddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsə idi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Mübahisənin əsas səbəbi o olmuşdur ki, iddiaçı cavabdehə mənsub olan girov əmlakı satdığını bildirmişdir. Sonradan bu təkzib edilsə də, iddiaçı girovun onda olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh əmək haqqı 12-13 min manat civarındadır. Bu məbləğin ödənilməsi onun imkanı daxilindədir. Buna baxmayaraq mülki işin icrasını uzatmaq məqsədi ilə apellyasiya şikayəti vermişdir.

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

11. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-431/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0004602- 2022 saylı çərçivə kredit və girov müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 24 ay müddətinə, illik 30% ödəmək şərti ilə 11300 (on bir min üç yüz) manat məbləğində kredit verilmişdir. Borc alanın bu müqavilə üzrə borc verən qarşısında götürdüyü öhdəliklərin təminatı qismində bu müqavilə ilə eyni vaxtda SG- HO0004602- 2022 saylı saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı Əlavədə göstərilən qızıl zinət əşyaları çıxış edir.

29. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0004602-2022 saylı çərçivə kredit və girov müqaviləsinə 1 nömrəli Əlavədəki ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətində hər ay 635,42 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

30. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, 537609******9856 nömrəli plastik kart və ona məxsus ŞEN kodu Cavabdeh təhvil verilmişdi.

31. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HO0004602- 2022 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə üzrə 7097.49 manat əsas, 335.41 manat faiz və 150 manat cərimə olmaqla, cəmi 7583 manat borcu vardır.

32. İş materiallarında olan 26 may 2023-cü il tarixli, 13921 nömrəli bildiriş məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

33. İş materiallarında olan ödəniş qəbzindən (№ **********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

34. Kollegiya qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

35. Kollegiya apellyatorun şikayətinə münasibətdə bildirir ki, müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir

36. Kollegiya bildirir ki, kredit müqaviləsində faizin tutulması ilə bağlı şərtin nəzərdə tutulması qanunvericiliyin pozulması deyil. Belə ki, tərəf kredit müqaviləsini imzalayarkən müqavilədə nəzərdə tutulmuş şərtlərə razılığını ifadə edir. Hazırda mübahisələndirilən halın müqavilə əsasının təşkil edən iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, təqdim edilən kredit xəttindən istifadəyə görə illik faiz dərəcəsinin 48%-dən çox ola bilməyəcəyi razılaşdırılmışdır. Həmçinin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər arasında kredit xəttinin verilməsini təsdiq edən və imzalanmış ödəniş cədvəlində kredit xəttinin ilkin məbləği, aylıq faiz məbləği, müddəti, aylıq ödənişlərin məbləği və digər kredit məlumatları göstərilmişdir. Müqavilənin 5.6-cı bəndinə əsasən, kredit xəttindən istifadəyə görə faizlər kredit üzrə borcun yarandığı gündən başlamaqla onun tam qaytarıldığı günə qədər faktiki gün sayına uyğun olaraq bir ildə 360 gün hesabı ilə hesablanır.

37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

38. Kollegiya apellyasiya şikayətinin dəlili olan Mülki Məcəllənin 741-ci maddəsinə istinadla bağlı qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə istinad olunan normanın məzmunu dəyişdirilmiş, yəni artıq hüquqi qüvvəsi yoxdur. Qanunun geriyə qüvvəsi isə hazırkı mülki iş üzrə olan münasibətlərə şamil oluna bilməz, bu halda normanın geriyə qüvvəsi borcalanın hüquqi vəziyyətini yaxşılaşdırırsa belə, borcverənin hüquqlarının pozulmasını səbəb olur, belə ki, tərəflər arasında yaranmış kredit münasibətləri onların qarşılıqlı razılığının ifadə olunduğu kredit müqaviləsinə əsaslanır.

39. Kollegiya apellyasiya şikayətinin dəlili olan mühasibatlıq ekspertizasının keçirilməməsinə münasibətdə hesab edir ki, qeyd olunan hesablamaların aparılması xüsusi-sahəvi biliklərin tətbiqini tələb etmir. İddiaçının tələbinə əsasən ödənilməli olan borcun faizə aid hissəsi riyazi hesablama ilə bağlı səhv tətbiq edilməmişdir, apellyator mülki qanunvericiliyin normalarının müqavilədə düzgün təsbit olunmamasını vurğulamış, bu hala kollegiya tərəfindən münasibət bildirilmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-431/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar